Vaqif Sadıqov: “Bəlkə də, fikirləşirsiz ki, yağlı da olmasa, bir tikə atıblar...”
Bizi izləyin

İdman

Vaqif Sadıqov: “Bəlkə də, fikirləşirsiz ki, yağlı da olmasa, bir tikə atıblar...”

AFFA-nın İcraiyyə Komitəsinin son iclasında Məşqçilər Komitəsinin yaradılması ilə bağlı qərarın verilməsi futbol təsərrüfatında birmənalı qarşılanmadı.

Bir çoxu komitənin yaradılmasının futbolun inkişafına təkan verəcəyini, AFFA rəhbərliyi ilə ictimaiyyət arasında körpünün qurulacağı kimi qəbul edir. Bəziləri isə komitənin formal qurum olacağını, elə fəaliyyətinin də formallıqdan uzaq olmayacağını iddia edir. Beş nəfərdən ibarət olacaq komitənin 4 üzvü bəllidi. Vaqif Sadıqovun rəhbərlik edəcəyi komitəyə Ağasəlim Mircavadov, Şahin Diniyev və Böyükağa Hacıyev daxildi. Daha bir üzv dekabrın 16-dan sonra bəlli olacaq. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla müsahibədə yeni yaradılan komitəylə bağlı aktual olan məsələlərə toxunduq.

Dediklərimiz sözdə və kağızda qalacaqsa...

- Vaqif müəllim, komitəsinin yaradılması birmənalı qəbul olunmadı. Bəziləri bunun Azərbaycan futbolunun inkişafına təkan verəcəyini, yerli məşqçilərlə məsləhətləşmənin faydalı olacağını vurğulayır. Digər bir qrup isə düşünür ki, Avropanın heç bir ölkəsində belə qurum olmadığı halda, AFFA məcburiyyətdən bu addımı atır. Bununla da yerli məşqçiləri gələcək uğursuzluqlara şərik etmək istəyir.

- Qətiyyən belə deyil. Bu, AFFA tərəfindən yaradılan yeni bir layihədir. AFFA-nın nəzdində olan məşqçilər komitəsidir. Burada ən azı A kateqoriyalı məşqçilər, demək olar ki, karyerasını Azərbaycan futboluna sərf edən insanlar olmalıdır. İlk gündən bizimlə aparılan görüşlərdə hiss edirik ki, bizə böyük inam var.

İnam olan yerdə, məncə, yaxşı iş görmək olar. Buna inanıram. Deyirsiz ki, Avropa ölkələrində belə komitə yoxdur. Amma Rusiyada belə bir şura var. Səbəb o deyil ki, işsiz mütəxəssisləri bir araya gətirməklə, onları işlə təmin etməklə bütün məsələlərə aydınlıq gətirmək istəyirlər. Yox, elə deyil. Mən özüm də hiss edirəm, onlar da deyir ki, bu gün biz əsl peşəkarlara hesabat veririk. Biz peşəkar səviyyədə sual qoyub cavab ala bilərik. Yenidən məsələləri müzakirə edə bilərik. Bizim üçün ən vacibi fəaliyyətimizin xeyir verməsidi. İstəyirik ki, verdiyimiz təkliflərimiz müzakirə edilib düzgün də qərar qəbul olunsun. Əgər bizim dediklərimiz sözdə və kağızda qalacaqsa, bunun xeyri olmayacaq. Biz də bunu yaxşı başa düşürük. Özləri bildirirlər ki, sizdən dəstək gözləyirik. Biz məşqçilərlə ortaq məxrəcə gəlməliyik. Elə bir ortaq məxrəc olmalıdır ki, futbolumuzun inkişafına təkan versin. Bəlkə də fikirləşirsiz yağlı da olmasa, bir tikə atıblar ki, biz susaq. Amma elə deyil. Bizim elə yaşımızdır ki, bundan sonra dəyişmərik. Həmişə sözümüzü deyən olmuşuq, bu gün də deməyə hazırıq.

- Məşqçilər komitəsinin nizamnaməsi hazırlanarkən sizinlə məsləhətləşdilər, yoxsa özləri hazırladılar?

- Səmimi deyirəm ki, yox, məsləhətləşmədilər. Bizimlə cəmi bir dəfə, ayın 1-də görüş keçirilib. Mən də sizin kimi əsasnamə ilə mətbuatdan tanış olmuşam. Ancaq ən vacibi odur ki, komitənin bütün məsələləri tövsiyə xarakteri daşıyacaq. Əsasnamə bizimlə məsləhətləşdirilməsə də, bildirilib ki, tövsiyə xarakteri daşıyır.

- Əsasnamədə bir sıra boşluqlar var. Məşqçilər Komitəsinin əsas vəzifələri bölümündə belə bir maddə var: “Milli Komanda məşqçilərinin işinin koordinasiyası, məşqçilərin vəzifələrini yerinə yetirməsinə nəzarət edilməsi”.

Bizim üçün maraqlıdır, siz Prosineçkinin işinə necə nəzarət edəcəksiniz?

- Robert Prosineçki özü də bu görüşü dəstəkləyir. Biz ayda bir dəfə görüşmək istəyirdik. Amma özü dedi ki, həftədə bir dəfə sizinlə görüşə razıyam. Mənə çox maraqlıdır, peşəkarlarla söhbət etmək istəyirəm. Ola bilər ki, mən çox şey bilmirəm, siz məndən qat-qat çox bilirsiniz. Ona görə də mənə vaxt lazımdır. Siz məni yönəltməlisiz. Mənə kömək etməlisiz. Amma bu o demək deyil ki, mən sizin bütün dediklərinizi qəbul edəcəm. Mənim futbola öz baxışım var. 7 il işləyən Foqtsun çalışdırdığı milli ayrı, digər millilər ayrı fəaliyyət göstərirdi. Ancaq bu gün vərəsəlik sistemi ilə bütün yığmalar bir-birinə dəstək olmaqla kadr hazırlamalıdır. Bu məsələni də qaldırmışıq. Mən Prosineçkinin qarşısına belə bir tələb qoydum ki, birincisi, təkcə milli komandaların yox, bütün klubların aşağı yaş qruplarının baş məşqçiləri ilə görüşlər keçirləcək, ikincisi, komandaların üzvlərinin təlim-məşqlərində görüşlər, üçüncüsü lazım olan halda aşağı yaş qruplarına nəzəriyyə keçilməlidir. Bu təklif sırf mənim təklifimdir. O da bunu normal qəbul edib. Bu gün o, göstərir ki, doğrudan da işləmək istəyir. Onun sıx qrafiklə işləməyi ancaq xeyrinə ola bilər.

Foqts nə məşqçiləri qəbul edirdi, nə digər mütəxəssisləri, nə də jurnalistləri. Özü səhv edirdi, özü düzəldirdi. O da onun öz işidir. Amma heç olmasa, hər birimizə hörmətlə yanaşmalıydı.

O vaxt arzulayırdım ki, məni anlayacaq həmkarlarım olmalıdır

- “Milli Komanda üzvlərinin hüquqlarına riayət edilməsi” maddəsi var. Burada hansı hüquqlardan söhbət gedir?

- Mən belə başa düşürəm ki, nizam-intizamdan söhbət gedir. Ola bilər ki, bizim bir neçə nümayəndəmiz ayrı-ayrı yığmalarla bir yerdə fəaliyyət göstərəcək, təlim-məşq toplanışlarında olacaq.

- Amma elə başa düşülür ki, milli komanda üzvlərinin hansısa klubda hüququ pozularsa, Məşqçilər Komitəsi buna müdaxilə edə bilər. Siz də bilirsiniz ki, yerli futbolçuların klublarda hüquqları yoxdur. O mənada ki, futbolçunun hüququ peşəkar müqavilə əsasında tənzimlənir. Amma bizim futbolçularla peşəkar müqavilə bağlanmır.

- AFFA-da buna cavabdeh olan komitə var. Ola bilər ki, burada da bizim tövsiyəmiz olsun, həmişə onların yanında olduğumuzu bildirə bilərik. Futbolçulara da, məşqçilərə də deyirəm, biz ona görə yaranmışıq ki, sizə dayaq olaq. Mən 3 dəfə bu kürsüdə olmuşam. Biz həmişə istəmişik ki, hər dəfə “stol tərpənəndə” kimsə bizim arxamızda olsun, bizə dayaq olsun. Ancaq elə olmayıb, nəsə olan kimi, səhəri gün hamı yığışırdı, başlayırdı tənqidə...

Ən rahatı o idi. Elə vaxtlar var idi ki, Azərbaycanda mərkəz müdafiəçisi tapa bilmirdim. Futbolu qurtaran adamı gətirirdim ki, gəl mərkəzdə oyna.

Bunu mən bilirdim, komandanın içində mən idim. Çoxları bunu anlamırdı. O vaxt arzulayırdım ki, məni anlayacaq həmkarlarım olmalıdır. Ona görə bu komitə hər bir məşqçiyə xeyri verə bilər.

Prosineçkinin özünə də dedim ki, “məğlub olanda sənin, qalib gələndə bizim uğurumuzdu” deməsinlər. Bölüşə bilək. Elə istəyirəm siz jurnalistlər də uzaq qalmayasız, siz də fikirlərinizi, təkliflərinizi bölüşəsiz. Tənqid etmək rahatdır, tənqid edə bilirsənsə, təklif də verin. Ancaq indi heç kim, heç nə təklif edə bilmir.

Biz adətən hər şeyə neqativ yanaşırıq. Bu gün hesab edirəm ki, siz özünüz də bizim yanımızda olmalısız. Evdə gözümə yuxu getmir, düşünürəm ki, bu limit məsələsini necə etməliyik? Mən klublarda çalışmış adamam, bilirəm ki, ən böyük problemlər oradan gəlir. Necə edək ki, klublarda idarəetmə yüksək səviyyədə olsun və biz inkişaf edək?

Mən klubda olanda deyirdim ki, 21 yaşlılar lazım deyil. İndi gəlmişəm bura, düşünürəm ki, U-21 olmasa, mən bu gün gördüyüm cavanların adlarını eşitməyəcəkdim. Normal bir məşqçi Şahin Diniyevin oğlu Coşqun Diniyev yaxşı futbol oynayarsa, onun yerinə əcnəbi axtarmaz. Yəni bu gün çox mübahisələr var.

- Biz də boşluqları tapıb müzakirə etməyə cəhd göstəririk. Əsasnamədə 2.10-cu maddə də diqqət çəkir - “Təbliğat və təşviqat üzrə işlərdə iştirak etmək, mətbuatla əlaqələri AFFA vasitəsilə həyata keçirmək”. Bu, artıq məşqçilər komitəsinin AFFA-dan asılı vəziyyətə alınması deməkdir?

- Siz niyə belə yanaşırsız ki? Bəlkə, bu sivil formadadır.

- Bu maddə mətbuatın Vaqif Sadıqova birbaşa çıxışını bağlayır.

- Xeyr elə deyil. Mən həmişə mətbuatla ünsiyyətə hazıram. Biz çalışaq ki, təfəkkürümüzü dəyişək, hər bir komandanın qabağında da böyük məqsədlər var. Çalışacağıq ki, heç bir jurnalistə “yox” deməyək, mətbuatla ünsiyyət quraq.

Hər kəsin iç üzü ortaya çıxacaq

- İki azərbaycanlı bir yerdə olanda yola getmir. Maraqlıdır, 5 azərbaycanlı komitədə necə yola gedəcəklər?

- Mən bunda heç bir problem görmürəm. Çalışaq ki, təfəkkürümüzü dəyişək.

- Maraqlıdır ki, siz qalmaqala meyilli Böyükağa Hacıyevin qarşısını necə alacaqsız? Onu xüsusi çərçivəyə sala biləcəksiniz?

- Biz artıq hamımız o çərçivədəyik. Bizə də tapşırılıb ki, sırf peşəkarlığımızdan istifadə edək. Nəyi biliriksə, ona cavabdehik, cavabdeh də olacağıq. Uğursuzluq olan zaman hər kəsin iç üzü ortaya çıxacaq. Amma mən inanıram ki, bizim aramızda belə insanlar yoxdur. Aramızda mehribançılıq var, vəzifə bölgüsü yoxdur. Ən vacibi odur ki, məqsədlərimiz eyni olsun.

Bu gün vacib müzakirələrdən biri limitdir. Bundan çox şey asılıdır. Çempionatın səviyyəsi get-gedə düşür. Bir tərəfdən sevinirik ki, gənc futbolçular peyda olub. Bir tərəfdən də baxırıq ki, çempionatın səviyyəsi aşağı düşüb. İndi bilmirik üstün olan nədir?! Gənc futbolçu oynasın, ya çempionatın səviyyəsi düşsün? Rusiyada 10+15 etmək istəyirlər, başqa ölkələri də öyrənmək lazımdır. Limit məsələsi əsas problemimizdir. O məsələyə baxmalıyıq. Amma elə etməliyik ki, yenə səhvə yol verməyək. Bütün məqamları nəzərə alaq, başqa ölkələrin təcrübəsini öyrənək. Güman ki, bu məsələ də ictimai müzakirəyə çıxarılacaq, təkliflər öyrəniləcək.

Məqsədimiz təkcə futbolçu yox, məşqçi də yetişdirməkdir

- Deyəsən, aşağı yaş qruplarında yerli baş məşqçilər olacaq...

- Biz baş katiblə görüşdə bildirdik ki, U-21-dən başlayaq. O posta 4-5 yerli mütəxəssis namizədimiz olacaq. Mən siyahını açıqlamaq istəmirəm.

- AFFA rəhbərliyi bildirib ki, Prosineçkiyə də demişik U-21-ə öz namizədini versin. Qurum Prosineçkinin namizədini qəbul etsə, bu artıq ilk addımdan Məşqçilər Komitəsinin nüfuzuna vurulan zərbə olmayacaq?

- Bizim namizədimiz qəbul olunsa, bu o demək deyil ki, Prosineçkinin nüfuzuna zərbə vururlar.

- Prosineçki aşağı yaş qruplarına da nəzarət edəcək...

- Bu sadəcə işin daha keyfiyyətli qurulması üçündü. Komitənin iclasında da bildirmişəm ki, bizim məqsədimiz təkcə futbolçu yox, məşqçi də yetişdirməkdir. Bu gün klublarda yerli məşqçilərin çalışmasına imkan vermirlər. Yığmada da imkan verməyəcəyiksə, o zaman harada onlara şərait yaradacağıq? Nəyə görə biz Pro kateqoriyalı o qədər məşqçi buraxırıq, hansı məqsədlə? Azərbaycandan kənarda da, daxildə də çalışa bilmirlər. Ona görə də oturub fikirləşdik ki, Prosineçki bütün yığmalara nəzarət etsin, əsas yığmanın da baş məşqçisi olsun.

- Aranızda qərar vermisinizmi ki, komitədə beşinci kim olacaq? Yoxsa hələ müzakirə etməmisiniz?

- Müzakirə edirik, amma indi adları açıqlamaq istəmirik. Adların əksəriyyəti iki mövqeyə namizəddir. İkinci mövqe öncə də dediyim kimi U-21-in baş məşqçi postudur.

- Azərbaycan futbolunun tanınmış simalarından olan Nazim Süleymanov sanki AFFA tərəfindən unudulub? Maraqlıdır, siz onu U-21-də görmək istəyirsiniz?

- Hesab edirəm ki, o, həm U-21-in baş məşqçi postunda, həm də Məşqçilər Komitəsinə çalışmağa layiqdir. Biz ona təklif göndərmişik. Telefon vasitəsi ilə də danışmışıq. Bildirmişik ki, bu postlara onun namizədliyini irəli sürəcəyik.

Natiq Muxtarlı, Pərviz Hikmət, Aygün İlqarqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm