“Berti Foqtsla dava edəsi deyiləm ki... ”
Bizi izləyin

İdman

“Berti Foqtsla dava edəsi deyiləm ki... ”

- Millimizin Macarıstan yığması ilə yoldaşlıq görüşündə gözlənilənlərin əksinə olaraq nəinki start heyətində, ümumiyyətlə, meydana çıxmadınız. Bu, sizə meydanda baş verənlərə kənardan daha aydın görməyə imkan verirdi. Məğlubiyyətimizin səbəbini nədə görürdünüz?

- Oynamamağım baş məşqçinin fikridir. Görüşdən əvvəl son məşqdə keçirdiyimiz ikitərəfli oyunda heyətdə var idim, ancaq ertəsi oyunda yox.

- İş ondadır, bu, hamımızı çaşdırdı. Bizə elə gəldi ki, ikitərəfli oyundan sonra start heyətində çıxacaqsınız...
- Bu, baş məşqçinin fikridir. Heyəti müəyyənləşdirmək onun səlahiyyətindədir. Mən heç nə deyə bilmərəm. Şans verərdisə, daha yaxşı olardı. Vermədisə, normal şeydir.

- Əsas heyətdən kənardan qalmağınız şəxsən sizin üçün təəccüblü olmalıdır. Çünki ikitərəfli oyunda əsas komandada sınanırsınız, ancaq yeganə yaradıcı futbolçumuz olan sizin əvəzinizə heyətdə üç eyni tipli futbolçuya - dayaq yarımmüdafiəçisinə yer verilir...
- Vallah, mən də bunun niyə belə olduğunu başa düşmədim. Foqts baş məşqçidir, mən onunla gedib, dava edəsi deyiləm ki...

- Ancaq bildiyimizə görə, oyundan sonra narazılığınızı bildirdiniz. Foqtsun tərcüməçinizə yaxınlaşıb, nəsə dediniz...
- Mən o mənada narazılıq etmədim ki, niyə meydana buraxmadı. Yox, belə olmadı.

- Bəs nədən narazılıq etdiniz?
- Başqa söhbətimiz oldu. Bu, sırf oyunla bağlı deyildi. Komanda oyunu uduzmuşdu. Fərqi yoxdur, Elvin oynadı, yaxud oynamadı.

- Ancaq siz yetərincə narazı, hirsli idiniz...
- Oynamayandan sonra kim hirsli olmaz ki? Oynamaq istəyərdim.

- Sizi anlayırıq. Meydanda yaradıcı futbolçu yox idi. Üç dayaq yarımmüdafiəçisi vardı və bu, komandanın hücum futbolunu qurmağa çətinlik yaradır...
- Yox, belə demək olmaz. Aleksandr Çertoqanov öz klubunda yaradıcı futbol oynayır. Millidə də belə oynayır. Rahid Əmirquliyev dağıdıcı futbolçu olmasına baxmayaraq, yaradıcı futbol oynayır. Bunun o qədər dərinliyinə getmək lazım deyil. Sadəcə, bu, futboldur, oyuna yaxşı başlamışdıq, normal oynayırdıq. Sonradan bir səhvimiz qapımıza qolla nəticələndi.

- Oyundan sonra mətbuat konfransında Foqtsdan sizi oynatmamağının səbəbini soruşduqda, “Elvin Məmmədovu heyətdə görmürdüm” cavabını verdi. Baş məşqçi ikitərəfli oyunda əsas komandada oynadanları hamısı Macarıstanla görüşdə start heyətində yer vardı, yeganə dəyişiklik yalnız sizin Çertoqanovla əvəzlənməyiniz idi.
- Vallah, baş məşqçi məni buraxmadısa, nə deyə bilərəm?

- Oyundan sonra Foqts konkret sizinlə söhbət etdimi?
- Yox-yox. Bu, bir az pis çıxır ki, baş məşqçi gəlib, desin ki, səni buna görə oynatmadım. O, baş məşqçidir, oynatmadısa, normal şeydir.

- Son illərdə millimizin ən çox qol vuran futbolçusunuz, yetərincə məhsuldar oynayırsınız. Ancaq buna rəğmən, çox oynamırsınız. Bunu özünüzə qarşı haqsızlıq sayırsınız?
- Yox, saymıram. O mənada ki, bunlar normal şeydir. Heyəti qurmaq baş məşqçinin işidir, Belə olan halda, mən nə deyə bilərəm? Elə oyunlar olub ki, mən klubda oynamaya-oynamaya mənə şans verib.

- Klubunuz “Qarabağ”da bir aya yaxın eyni ölkədə hazırlıq keçdiniz. Bu ağır toplanışdan sonra özünüzü necə hiss edirsiniz?
- Düzdür, bir ölkədə çox qalmaq bir az yorucudur. Türkiyədən yorğun gəl, yenidən burada təlim-məşq toplanışı keç. Ancaq son 5-6 gündə millidə komanda şəklində özümüzə gəldik.

- Ancaq hər halda, futbolçularda əməlli-başlı yorğunluq hiss olunurdu?
- Düzdür. Bu da ağır məşqlərin keçməsi ilə bağlıdır.

- Real danışsaq, bu oyundan sonra Belçika ilə səfərdəki rəsmi görüşdə nəyə ümid etmək olar?
- Avstriyaya məğlubiyyətdən sonra deyirdilər ki, Türkiyəyə yeniləcəyik. Ancaq belə olmadı, udduq. Sırf Macarıstana məğlubiyyətlə qəti fikir yürütmək olmaz. Dubayda 14 günlük təlim-məşq toplanışı keçdik, gələn yeni futbolçular yoxlanıldı. Məncə, bu toplanışın faydası oldu. İki oyun az şey deyil. Biri var məşq edəsən, biri də var oynayasan.

- Sadəcə, Macarıstanla görüşdə yığmamızın ifasında zəif oyun gördüyümüzdən, bədbinlik var. Yaradıcı planda ciddi problem vardı. Təhlükələrimiz əsasən standart vəziyyətlərdən olurdu...
- Düzdür. Bunlar zamanla düzələsi şeylərdir. Təlim-məşq toplanışlarında belə şeylər olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm