• USD 1,7020 0,00% EUR 1,9062 0,00%
    • GBP 2,1922 0,00% RUB 0,0300 0,00%

Olimpiya mükafatçımız 6 il sonra qayıtdı: “Arzumu reallaşdırıb yenə gedəcəm”

  • İdman
  • 16 Yanvar 2015 18:12
  • 4 570 Baxış
Olimpiya mükafatçımız 6 il sonra qayıtdı: “Arzumu reallaşdırıb yenə gedəcəm”

Pekin Yay Olimpiya Oyunlarının bürünc medalçısı, cüdoçu Mövlud Mirəliyev 6 illik fasilədən sonra yenidən peşəkar idmana qayıdıb.

Publika.az xəbər verir ki, Bakı 2015-ə hazırlaşan olimpiya mükafatçımız bu yarışda qələbə qazana bilmək üçün bir müddətdir məşqlərini bərpa edib. Amma o, bu dəfə döşək üzərinə samboçu kimi çıxacaq. Mövlud Mirəliyev Şəmkir Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışır (http://publika.az/p/9616).

Mötəbər turnirdə samboçular 4 çəkidə - 57, 74, 90 və 90+ kq-da qüvvəsini sınayacaq. Mirəliyev İlk Avropa Oyunlarında ən ağır çəkidə (90+) güləşəcək.

Maraqlıdır, 40 yaşlı idmançının uzunmüddətli fasilədən sonra idmana qayıtmağına nə səbəb oldu? Onu İlk Avropa Oyunlarında iştirak etməyə kim razı salıb? Bu suallara cavab tapmaq üçün idmana yenidən qayıdan Mövlud Mirəliyevlə əlaqə saxladıq. Olimpiya mükafatçısı idmana qayıtma səbəbini belə açıqladı:

“6 ildən sonra samboçu kimi I Avropa Oyunlarında çıxış edəcəyəm. Artıq bir müddətdir ki, idmanı bərpa etmişəm. Noyabrda keçirilən ölkə çempionatında iştirak edib gümüş medal qazanmışam. “Qızıl”ı ona görə qazana bilmədim ki, həlledici görüşdə bir qədər anlaşılmazlıq olmuşdu və xəbərdarlıq aldım. Bundan sonra ikinci yeri tutdum. Ölkə çempionatında özümü sınamaq istədiyim üçün iştirak etmişdim. Yoxlamaq istədim ki, hələ güləşə bilirəm, ya yox. Özümdən razı qaldım və İlk Avropa Oyunlarında iştirak etməyə qərar verdim. Sambo millimizə kömək üçün heyətə qatıldım”.

Daha sonra Mövlud Mirəliyev Bakı 2015-dən sonra sambo millisində qalmayacağını da dedi:

“Ən ağır çəkidə döşək üzərinə çıxacam. Rəqiblərim 90 kq-dan yuxarı olacaq. 110-120 kq çəki dərəcəsində, hətta daha artıq çəkidə olan idmançılarla qarşılaşa bilərəm. Buna görə də mənim üçün çətin olacaq. Yaşıma gəlincə, burada heç bir problem görmürəm. Hər şey məşqlərdən asılıdır. Mən də davamlı öz üzərimdə çalışıram, məşq edirəm. Medallardan birini mütləq qazanmaq istəyirəm. Bu, mənim arzumdur. Arzumu gerçəkləşdirdikdən sonra sambo millisinin tərkibində qalmaq fikrim yoxdur”.

Xatırladaq ki, M.Mirəliyev 1974-ci il fevralın 27-də Özbəkistanda dünyaya gəlib. İdmana sambo ilə başlayıb. 2001-ci ildən isə olimpiya növü olduğu üçün cüdoya gəlib. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında 100 kq çəki dərəcəsinin ilk görüşündə əlcəzairli Həsən Azzuannanı, ikinci görüşündə isə gürcü idmançı Levan Jorjoliyanini xal hesabı ilə məğlub edib. Yarımfinalda rəqibinə məğlub olaraq, bürünc medal qazanıb.

Onu da bildirək ki, sambo üzrə Avropa, dünya çempionatının dəfələrlə mükafatçısı olmuş Sehriman Ağayev də M.Mirəliyevlə eyni yaşdadır. S.Ağayev idmançı kimi karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyətə başlayıb. O, sambo federasiyasının böyük məşqçisidir.

Aygün İlqarqızı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR