“Birincilər”də islahat labüddür - Hər kəs imkanına uyğun elitada olmalıdır
Bizi izləyin

İdman

“Birincilər”də islahat labüddür - Hər kəs imkanına uyğun elitada olmalıdır

AFFA Premyer Liqada tətbiq olunan legioner limitinə yenidən baxmağı planlaşdırır. Çox güman ki, qurum səhvini düzəldəcək, Azərbaycan futbolunun olan-qalan səviyyəsinə də öldürücü zərbə vuran limitin 6+5 həddi ləğv ediləcək. Ola bilsin ki, Premyer Liqada ümumiyyətlə limit olmasın.

AFFA-nın əndrəbadi qərarı və mümkünsüzlük

Ancaq nəzərə almaq lazımdır ki, AFFA-nın səhvi təkcə Premyer Liqada limit həddini 6+5 müəyyənləşdirməklə yekunlaşmamışdı. Qurum həm də birinci dəstə ilə bağlı məntiqsiz qərar qəbul etmişdi. Təbii ki, söhbət AFFA-nın birinci dəstəyə tətbiq etdiyi 21 yaşa qədər futbolçuların məcburi qaydada heyətə salınması ilə bağlı qərardan gedir. Heç bir məntiqə əsaslanmayan bu məcburiyyət Premyer Liqa ilə birinci dəstə arasında böyük sərhəd formalaşdırmışdı.

Təsəvvür edin, birinci dəstədə çıxış edən, elitaya yüksəlmək iddiasında olan komanda bu hədəfə 21 yaşa qədər futbolçularla çatmalıdır. Premyer Liqaya yüksəldikdən sonra isə rəhbərlik komandanı tam tərkibdə buraxıb, yeni heyət formalaşdırmalıdır. Çünki birinci dəstədəki heyətlə elitada mübarizə aparmaq sadəcə, mümkünsüzdür. Bu mümkünsüzlüyü isə AFFA-nın əndirəbadi qərarları formalaşdırıb.

Musayevin maraqları nəyi və necə dağıdır?

AFFA rəhbərliyi iddia edirdi ki, birinci dəstədə bu limiti tətbiq etməklə, gənc futbolçuların oynamasına şərait yaratmağı düşünür. Azərbaycan futbolunun tarixində hələ indiyə qədər hansısa elita komandasının birinci dəstədən futbolçu transfer etdiyi olmayıb. Çünki birinci dəstənin səviyyəsi olduqca aşağı olub. Həm maliyyə cəhətdən, həm də futbolçuların keyfiyyəti baxımından. Hazırda birinci dəstədə çıxış edən klublar da süni şəkildə formalaşıblar. Onların əksəriyyəti AFFA-dan maliyyələşir. AFFA-dan maliyyələşən klublar da Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin nəzarətindədir. Musayev bu klublara AFFA tərəfindən ayrılan vəsaitin bir qismini nağdlaşdıraraq şəxsi büdcəsinə əlavə etdiyindən, belə klubların var olmasında maraqlıdır. Ancaq Musayevin maraqlarının təminatı fonunda Azərbaycan futbolunun maraqları dağılır.

Limit ləğv olunmalı, klubların sayı azaldılmalıdır

AFFA Premyer Liqada limit məsələsinə yenidən baxacaqsa, birinci dəstədə də islahatlar aparmalıdır. Öncə birinci dəstəyə tətbiq olunan limit ləğv edilməlidir. Çünki Premyer Liqada 6+5 sistemi aradan qaldırılacaqsa, xeyli yerli futbolçu klubsuz qalacaq. Bu futbolçuların birinci dəstəyə getməsi üçün orda tətbiq olunan 21 yaşadək futbolçularla bağlı qayda ləğv edilməlidir. Elita klublarındakı yerlilərin birinci dəstədə peyda olması bu liqanın səviyyəsinin artmasına təsir edəcək. Üstəlik, elitada yüsək məvacibdən məhrum olan futbolçular öz üzərlərində çalışmağa məcbur olacaqlar. Elitaya qayıdıb yenidən yüksək məvacib almaq naminə. Birinci dəstədə 16 klubun oynamasına da ehtiyac yoxdu. AFFA-dan maliyyələşən, futboldan çox, Ramin Musayevin şəxsi varidatının artmasına yardımçı olan klublara maliyyə yardımı dayandırılmalıdır. Birinci dəstədə müəyyən infrastruktur və maliyyə dayağı olan 8-10 komanda mübarizə aparmalıdır.

İkinci dəstə yaradılmalıdır

AFFA istəsə, ikinci dəstəni formalaşdırıb, maliyyələşdirdiyi komandaların orada iştirakına şərait yarada bilər. Onsuz da əvvəl-axır, ölkə futbolunda liqaların sayını artırmaq lazım gələcək. Bu işə indidən başlamaq olar. İkinci dəstədə xərclər o qədər də çox olmayacaq. Amma əvəzində ölkənin daha bir neçə rayonunda futbolsuz günlərə son qoyulacaq. Bu, həm futbolun kütləviliyinin artırılması, həm də uşaq futboluna marağın yaradılması baxımından olduqca vacib amildir. Premyer Liqa ilə birinci dəstə, birinci dəstə ilə ikinci dəstə arasında əlaqə də nizamlı olmalıdır. Hazırda AFFA rəhbərliyində, futbol ictimaiyyəti arasında elita klublarının sayının artırılması ilə bağlı müzakirə aparılır. Kimlərsə kəmiyyəti artırmaqla “Azərbaycanda futbol inkişaf edir” görüntüsü yaratmağa cəhd göstərir. Ancaq bütün dünyanın maliyyə böhranında çabaladığı bir vaxtda elita klublarının sayının artırılması keyfiyyəti heç bir vəchlə təmin edə bilməz. Heç kimə sirr deyil ki, hətta Premyer Liqada çıxış edən klubların əksəriyyətinin belə maliyyə təminatı yoxdur.

“Pripiska” yox, təbii inkişaf yolu seçilməlidir

Birinci dəstədən isə danışmağa dəyməz. Məsələn, “Şəmkir” klubu AFFA-nın komandaya ayırdığı vəsaiti qəbul etmək üçün bank hesabına belə sahib deyil. Ramin Musayev onlara ayrılan vəsaiti Tovuza - əlaltısı Namiq Məstanova göndərir. Orda həmin vəsait “təmizləndikdən” sonra şəmkirlilər gedib onlara çatacaq pulu götürürlər. Deməli, kəmiyyətin artması PFL prezidentinin bazarını böyüdəcək, amma keyfiyyətə təsir etməyəcək.

Ona görə də, elitada klubların sayının artmasına ehtiyac yoxdur. Əksinə, ikinci dəstə yaradılmalı, birinci dəstədə maliyyə durumu bərbad olan komandalar ora göndərilməlidir. Hər bir komanda infrastrukturuna və maliyyə imkanlarına uyğun olaraq layiq olduqları dəstədə çıxış etməlidir. “Pripiska” yolu ilə inkişaf olmaz. İnkişaf təbii imkanlar hesabına təşəkkül tapmalıdır. Süni inkişaf bir neçə futbol funksionerinin şəxsi büdcəsini genişləndirəcək. Bu, bizə lazımdır?

Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm