Nazir 68 minlik stadionun inşasından danışdı
Bizi izləyin

İdman

Nazir 68 minlik stadionun inşasından danışdı

Gənclər və İdman naziri Azad Rəhimov 2020-ci ildə Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatı üçün yeni stadion tikintisi məsələsinə aydınlıq gətirib.

A.Rəhimov Trend-ə bildirib ki, hazırda 68 minlik Bakı Olimpiya Stadionunun tikintisi başa çatır, Tofiq Bəhramov adına Respublika stadionu isə ən yüksək standartlara cavab verir: "Əlbəttə, müəyyən tələblərə əsasən bəzi stadionlarda yenidənqurma işləri aparıla bilər. Əminəm ki, yarışlardan əvvəl FIFA və UEFA təmsilçiləri Azərbaycana səfər edəcək və hazırlıq işləri ilə yaxından tanış olacaqlar. Ehtiyac yaranacağı təqdirdə əlavə işlər görülə bilər. Lakin Avropa çempionatı üçün Bakıda tamamilə yeni stadionun inşası qeyri-realdır. Düşünmürəm ki, biz bunu etməli olacağıq". Nazir deyib ki, Bakı Olimpiya Stadionunda işlərin 93-95 faizi başa çatıb: "Xüsusilə qeyd etmək istəyirəm ki, Bakı Olimpiya Stadionu Avropa Oyunları üçün tikilən qurğulardan yeganə obyektdir ki, yoxlama yarışları keçirilməyəcək".

Qeyd edək ki, Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək 13 şəhər müəyyənləşib. Bunlar Bakı (Azərbaycan), Brüssel (Belçika), Kopenhagen (Danimarka), London (İngiltərə), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Dublin (İrlandiya), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) şəhərləridir. Bu şəhərlərdən 4-ü - Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 final oyunlarını da qəbul edəcək. Digər 8 şəhərdə isə pley-off-un 1/8 final mərhələsinin qarşılaşmaları baş keçiriləcək. Qaydalara görə, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə Avro-2020-nin qrup mərhələsinin üç, pley-off-un bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm