• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əcnəbilərə Azərbaycan himnini əzbərlədən komitə - “Sehrli qüvvə”, yoxsa...?

  • İdman
  • 27 Fevral 2015 16:32
  • 5 257 Baxış
Əcnəbilərə Azərbaycan himnini əzbərlədən komitə - “Sehrli qüvvə”, yoxsa...?

İdmançılarımızın vətənə medalla qayıtması hər bir vətənpərvərə sevinc bəxş edir. Bu sevinci bizə yaşadan qurumlardan biri də Azərbaycan Milli Paralimpiya Komitəsidir.

Publika.az xəbər verir ki, komitə üzvləri yenə vətənə uğurla qayıdıblar. Macarıstanın Eger şəhərində cüdo üzrə dünya çempionatı və yeniyetmələr arasında Dünya turnirində iştirak edən paralimpiyaçılarımız yenə bizi sevindirib. Onlar vətənə 4 qızıl və 1 gümüşlə qayıdıblar. Hər yarışda bizi sevindirən AMPK-nin “sirri” ilə tanış olmaq, medalçılarla söhbətləşmək üçün komitəyə üz tutduq. Komitədə əsl ailə ab-havası var idi desək, yanılmarıq.

İlk olaraq söhbətə komitənin cüdo üzrə baş məşqçisi İbrahim İbrahimovla başladıq.

“Paralimpiyaçılar sağlam idmançılardan heç də geri qalmırlar”

- Bu qədər medalla qayıtmaq necə hissdir?

- Bundan da mötəbər yarışlarda iştirak etmişik, qələbələr qazanmışıq. Hər bir yarışın özünün həyəcanı, məsuliyyəti var. Bu yarışda da elə. Həyəcanlansaq da, işimizin öhdəsindən məsuliyyətlə gəldik. Yeni və gənc idmançılara da şans vermişdik. Bu yarış üçün bütün tapşırıqlar, demək olar ki, tam şəkildə yerinə yetirildi.

- Yeni və gənc idmançılara şans vermək risk deyildi?

- Risk deyəndə ki, bu, bizim işimizdir. Səxavət Qədimov, Səbinə Abdullayeva - bunlar bizim yeni idmançılarımızdır. Əsas məsələ Braziliyada keçiriləcək paralimpiya oyunlarına lisenziya xalları toplamaqdır. Şükürlər olsun ki, yarış bizim üçün uğurlu keçdi. Burada ən çox sevindiyimiz nəticələrdən biri İlham Zəkiyevin yapon rəqibi Masaki Kento üzərində qələbəsi idi. Bu qələbə sayəsində üzərimdən böyük bir yük götürüldü. Çünki həm London Paralimpiya Oyunlarında, həm də 2013-cü ildəki dünya çempionatında o, Zəkiyevə qalib gəlmişdi.

- Hansı idmançının nəticəsinə təəccübləndiz?

- Təəccüblənmək deməzdim, amma bizim üçün əsas məsələ odur ki, paralimpiya cüdosunun inkişafını görürük. Bunu tək mən demirəm. Paralimpiyaçılar sağlam idmançılardan heç də geri qalmırlar. Bunun da əsasında cüdoçuların özlərinə inamı, vətən sevgisi, rəhbərliyin bizə olan etimadı və qayğısı dayanır.

- Yarışdan öncə idmançılarla məşqçi kimi necə söhbət etdiniz?

- İdmançıları evdə təlimatlandırıb yola çıxmaq lazımdır. Biz də evdə hər bir tapşırığımızı vermişdik. Hansı rəqiblə necə güləşmək lazım olduğunu bildirmişdik. Baxmayaraq ki, onlar döşəkdə olarkən də qışqırıram, səsim gəlir. Bunun hamısı idmançının yarışa köklənməsi üçündür. Məsələn, Zəkiyev güləşir və onun tapşırığı varsa deyirəm ki, “İlham eşidirsən?” o da başı ilə işarə verir - “Bəli, eşidirəm”. Amma eləsi var ki, kənarda tapşırıq verirsən, tatamidə özünü itirir. Bir də axırda eşidir ki, sən demə “müəllim məni çağırırmış” (gülür).

- Bəs müəllimin qışqırmasından inciyənlər olurmu?

- İdmançının özünə və müəlliminə hörməti yoxdursa, bunu anlamaz. Həmin idmançı da o zaman irəli gedə bilməz. Müəllimin qışqırığı idmançını həyəcandan çıxarmaq üçündür. Məsələn, vaxtında kənardan qışqırıb deməlisən ki, “İlham oturmaq lazımdır, rəqib üstünə gəlir, indi fəndi atmaq lazımdır”.

- Olub ki, siz dediyiniz anda həmin fəndi etməyiblər, amma nəticə müsbət olub?

- Təbii ki, elə şeylər də olur. Çünki, idmançının öz fikri də önəmlidir. Amma kənardan məşqçi daha yaxşı görür, tələbəsinə rəqibinin başqası ilə necə güləşdiyini də məşqçi izləyib başa salır.

“Onlar məni yaxşı tanıyır”

Söhbətimizə əfsanəvi idmançımız İlham Zəkiyevlə davam edirik. O, Macarıstandakı dünya çempionatında finalda yapon rəqibi Masaki Kentoya 1 dəqiqə 30 saniyə ərzində qalib gələrək ölkəmizi qızıl medalla təmin edib.

Onu da vurğulamaq istərdim ki, yapon cüdoçu təmsilçimizdən fərqli olaraq, zəif də olsa, görə bilir.

- Bu turnirdə sizin üçün asan və çətin rəqib hansı oldu?

- Asan rəqib yoxdur. Ümumiyyətlə, idmanda qarşındakına zəif rəqib kimi baxsan, uduza bilərsən. Ora hər ölkənin “bir nömrə”si gəlir. Çətin deməzdim, amma məsuliyyətli görüşüm final idi. Çünki Masaki Kentoya həm London Paralimpiya oyunlarında, həm də sonuncu dünya çempionatında məğlub olmuşdum. Şükürlər olsun ki, onu 1 dəqiqə 30 saniyə ərzində məğlub etdim.

- Qələbə fiti çalınanda hansı hisləri keçirdiniz?

- Qələbə qazandıqdan sonra insan çəkdiyi əziyyəti, keçirdiyi məşqləri xatırlayır. Bizə olan inam və etimadı doğrultduğumuz üçün də özümüzü xoşbəxt hiss edirik.

- Artıq hər yarışdan əvvəl belə bir fikir formalaşıb - “İlham Zəkiyev varsa, orda mütləq qələbə və ya medal var”. Bəs sizin yarışdan əvvəlki fikriniz necə idi?

- Təbii ki, hazırlığımız tam idi, ora qələbə üçün getmişdik. Yenə deyirəm əsas məqsəd yaponiyalı idmançını məğlub etmək idi. Onu udmaqla həm medal qazandım, həm də dünya çempionatındakı məğlubiyyətin əvəzini çıxdım. İnşallah, Londondakı məğlubiyyətin də heyfini Rioda alacağıq.

- Yarışdan öncə qorxu, ya da tərəddüd var idi?

- Heç vaxt qorxmuram, həyəcan olur. Bu da hər bir idmançıda var. Həyəcan yoxdursa, deməli, o, məsuliyyətsizdir. Onu da bildirim ki, artıq Rio-de-Janeyrodakı Paralimpiya Oyunlarına lisenziyanı təmin etmişəm.

- Sizi həm də Avropa Oyunları gözləyir.

- Təxminən 100 gündən sonra Azərbaycan mötəbər yarışa ev sahibliyi edəcək. Avropa Oyunlarına bildiyiniz kimi paralimpiyadan sadəcə cüdo salınıb. Burada da iki çəki olacaq qadınlarda bizi Səbinə Abdullayeva təmsil edəcək, kişilərdə isə mən. Çalışacağıq ki, bizə olan etimadı layiqincə yerinə yetirək, qələbə ilə azarkeşləri sevindirək. Təbii ki, burada doğma divarlar amili də var, bu, bizə kömək edəcək, güc verəcək.

- I Avropa Oyunlarına hazırlaşmaq, bir tərəfdən də dünya çempionatı üçün qələbəyə köklənmək... Çətin deyildi?

- Bu yarışın özü də hazırlığın bir mərhələsi idi. İmtahan kimiydi. Bundan sonra da hazırlıq mərhələsi yenə bizdə planlı şəkildə davam edir. Bildiyiniz kimi, ağır çəkidə paralimpiyaçılar zəifdirlər. Ona görə də olimpiyaçı cüdo yığma komandası ilə məşqlərə qoşuluram.

- İlk Avropa Oyunlarında növbəti qızıl medalınızı görə biləcəyikmi?

- Allah istəsə, olacaq. Sağlıq olsun, Allah bütün idmançıları zədədən qorusun. Biz hazırlaşacağıq, çalışacağıq ki, ölkəmizi layiqli şəkildə təmsil edək, millətimizi qələbələrlə sevindirək.

- Oradakı rəqibləriniz haqqında məlumatınız varmı?

- Təxminən 10 idmançının siyahısı gəlib. Onlardan təxminən 5-i ilə güləşmişəm, udmuşam. Yəni onların güləş tərzinə bələdəm. Digərlərini isə tanımıram. Amma onlar məni yaxşı tanıyır.

“İlk sevincimi onunla bölüşdüm”

Eger şəhərində keçirilən cüdo üzrə dünya çempionatının gümüş, yeniyetmələr arasında dünya turnirinin qızıl medalını qazanmış Səbinə Abdullayeva da keçirdiyi görüşlər barədə danışdı. İdmançımız iki medalla ölkəmizə qayıtmağın şərəf hissi olduğunu vurğuladı:

“Təbii ki, yarışa gedən hər bir idmançı medal qazanmaq, bayrağını qaldırmaq istəyir. Çox sevinirəm ki, bu, mənə də qismət oldu. Dünya kubokunda gümüş medal qazansam da, öz yaşıdlarım arasında qızıl medala layiq görüldüm.

İlham müəllim qeyd etdiyi kimi asan rəqib yoxdur. Hamı qələbə qazanmaq üçün gəlmişdi. Sadəcə bizim məşqlərimiz, hazırlığımız üstün olduğu üçün qalib gəldik. Orada 2 rəqib var idi ki, onlarla əvvəlcə də qarşılaşmışdım, məğlub etmişdim.

Qələbədən sonra məşqçimin yanına getdim. İlk sevincimi onunla bölüşdüm. Çünki orada mənə ən yaxın olan insan İbrahim müəllim idi. Sonra isə İlham müəllimin sayəsində evlə əlaqə qurub qələbə xəbərini çatdırdım.

Bizi dünya oyunları, sonra İlk Avropa Oyunları, Rio Paralimpiya Oyunları gözləyir. Təbii ki, əsas məqsəd bayrağımızı qaldırmaqdır”.

“İlk yarışda heç bir rəqibi tanımırdım”

Qarşılıqlı söhbətə yeniyetmələr arasında qızıl medal qazanmış Səxavət Qədimovla davam etdik. Səxavət utancaq olduğu üçün onunla söhbət etmək heç də asan olmadı. Çünki ağzından sözü az qala “kəlbətinlə alırdıq”. Bu da ətrafında olan böyüklərinə hörmətinin bir əlaməti idi. Buna görə də ona verdiyim suallara cavabı məşqçisiylə birlikdə verirdi.

- İlk böyük turnir və sonda möhtəşəm qələbə... Təəssüratların necədir?

- Bir az çətin oldu. Çünki ilk yarışda heç bir rəqibi tanımırdım. Ona görə də kimin nəyə qadir olduğunu bilmirdim. Şükürlər olsun ki, yaxşı güləşdim, bütün rəqiblərimdən üstün oldum.

- Qələbədən sonra nə etdin?

- Məşq yoldaşlarımla, müəllimimlə sevincimi bölüşdüm. Sonra da ailəmə xəbər verdim.

- İbrahim müəllim yarışdan əvvəl səninlə nə söhbət etmişdi?

- İbrahim müəllim ilk yarışım olduğu üçün məni psixoloji cəhətdən də hazırlamışdı. Təbii ki, İlham müəllimin qızıl medal qazanması, himnimizi oxutması da bizi qələbəyə ruhlandırdı. Bundan sonra da əziyyət çəkib, öz üzərimdə işləməyə davam edəcəm.

- Rio-de-Janeyroda keçiriləcək paralimpiya oyunlarına düşürsən?

Söhbətə məşqçi İbrahim müəllim müdaxilə edir.

- “Biz Səxavəti dünya kubokunda yoxladıq. Qalib gəldiyi üçün onun potensialını nəzərə alaraq, Koreyadakı Dünya oyunlarında da yoxlamağa qərar verdik.

“İlham Zəkiyev yeganə idmançıdır ki...”

- Qaliblərə hansı mükafat verildi?

Bu suala hər kəsin müdaxiləsi oldu.

- İ.Zəkiyev: “Mükafatımız xalqımızın, ailəmizin sevinci oldu. Bizi istəyənlər də, istəməyənlər də sevindi”.

Azərbaycan Milli Paralimpiya Komitəsinin I vitse-prezidenti Natiq Qasımov:

“Bizim qərarımız var, ilin yekununda göstərilən nəticələrə görə kimlər mötəbər turnirlərdə qalib gəlibsə, müəyyən məbləğdə hamısı mükafatlandırılır. Təbii ki, məşqçilər də... Bundan əlavə, idmançı özü də titul qazandıqdan sonra müəyyən təşkilatlar ona əmək haqqı ayırır. Əsas dəstəyi isə ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva verir. Qalib idmançılarımız hazırda Prezident təqaüdü və Heydər Əliyev fondunun təqaüdünü alırlar. İlham Zəkiyev yeganə idmançıdır ki, Heydər Əliyev fondunun “Qızıl Çinar” mükafatına layiq görülüb”.

Baş məşqçi İ.İbrahimov: “Paralimpiyaçı cüdoçularımız ilk dəfə idi ki, dünya kubokunda iştirak edirdi. Bu, lisenziya xarakterli ilk oyunumuz idi. Açıq deyirəm ki, yəqin bizim rəhbərlik gələcəkdə bunu öz maliyyə planına salacaq”.

“İnternet kəsiləndə burada aləm bir-birinə dəyir”

Paralimpiyaçı cüdoçularımızın bu uğurlarını eşitdikdən sonra ağlıma bir sual gəldi. Görəsən olimpiyaçı cüdoçularımız niyə sözün əsl mənasında bizi utandırmağa davam edir? Paralimpiyaçı cüdoçularımız isə tam əksinə, uğur ardınca uğur gətirirlər. Bəlkə bu komitədə hansısa bir “sehrli qüvvə” var? Elə bu sualla söhbətimizə davam etdik.

İ. Zəkiyev: “Maşallah deyək”.

N.Qasımov: “İlk növbədə burada nizam-intizam var. İdmanda birinci şərt fiziki hazırlıqdır. Buna görə də komandamız vaxtlı-vaxtında məşqlərdə olurlar, məşqçilərinə böyük hörmətlə yanaşırlar, rəqibləri təhlil edirlər. Artıq tatamiyə çıxanda cüdoçularımız bilir ki, kiminlə qarşılaşır”.

İ.İbrahimov: “Onu deyim ki, komitəmizin rəhbəri İlqar Rəhimov cüdo idman növünün vurğunudur. Bu gün onu cüdo yarışlarına baş katib qoysalar, sənədləri özü rahat şəkildə nizamlayar. Mənimlə bərabər demək olar ki, cüdonun qaydalarına bələddir. Təsəvvür edin, yarış gedir, məndən soruşur ki, “İbrahim müəlim, bu idmançı tutmanı niyə belə etmədi?!”

N.Qasımov: “İlqar müəllim öz otağında yarışı izləyərkən zəng edib mənə deyir, gördün filan yerdə səhv etdi, filan yerdə düz etdi.

İ.İbrahimov: “İlham Zəkiyevlə biz 10 ildir bir yerdəyik. Hətta paralimpiyadan da əvvəl tanış idik. Sağlam idmançılar arasında da olanda biz bir yerdə olmuşuq. Bilirsiz ki, İlham vətənimiz uğrunda güllə zədəsi alıb.

Həm də bizim İlhamın da gözəl sözü var. Deyir “Bu, mənim peşəmdir. Mən öz peşəmin vurğunuyam”. Onu da deyim ki, həmişə idmançıları yığıb söhbət edəndə Zəkiyevi onlara nümunə göstərirəm”.

AMPK-nin tədris inkişaf və informasiya şöbəsinin müdiri Kamal Məmmədov: “İbrahim müəllim, sözünüzü kəsirəm. Beynəlxalq yarışda olarkən, siz özünüzə görə bir həyəcan yaşayırsız, komitə rəhbərliyi də burda başqa həyəcan... Yarışı “online” izləyərkən internet kəsiləndə, ya kompüter donanda burada aləm bir-birinə dəyir. Zəng etməyə başlayırıq, nə oldu, neynədi deyə. Son tatamiyə çıxan cüdoçuya kimi biz burada həyəcanda oluruq. Bu da birlik deməkdir. Elə paralimpiya ailəsi budur”.

İ.Zəkiyev: “Yapon idmançını məğlub edib tatamidən çıxan kimi mənə ilk zəng edən elə İlqar Rəhimov oldu”.

N.Qasımov: “İdmandan tamamilə uzaq biri olmuşam. Sonra elə olub ki, bura gəlib çıxmışam. Mənə idmanı sevdirən elə İlham Zəkiyevin idman mədəniyyəti olub. Bunu tək mən demirəm bütün dünya, bütün idmançılar, federasiyalar deyir. Digər idmançılarımız da bir dəfə uğur qazanan kimi “şişmirlər”, növbəti uğur üçün çalışırlar”.

K.Məmmədov: “Bəlkə də ilk dəfədir, bu sözü İlhama deyirəm. Hər şeyi bir kənara qoyaq, İlham qalib gələndən sonra onun üzündəki təbəssümün vurğunuyam. Qeyd edim ki, belə bir fikir də formalaşıb. Bizim paralimpiyaçı cüdoçularımız o qədər birincilik qazanıblar ki, digər ölkələrin idmançıları artıq Azərbaycan himnini əzbərləyiblər”.

Bütün bu söhbətdən sonra bir daha əmin oldum ki, qələbə üçün güc, ağıl, iradə, məqsəd, davamlı məşq və komanda işi lazımdır. AMPK-nin cüdoçuları üzərində “sehrli” qüvvə varsa, olimpiyaçı cüdoçularımız üzərində də “qara qüvvələr” var?! Təbii ki, bu bir zarafatdır, əsas olan qələbə üçün çalışmaq, can atmaqdır.

Aygün İlqarqızı

FOTOLAR: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR