Çingiz Hüseynzadə: “Avropa Oyunlarından əldə olunan bütün gəlirlər Azərbaycana qalacaq”
Bizi izləyin

İdman

Çingiz Hüseynzadə: “Avropa Oyunlarından əldə olunan bütün gəlirlər Azərbaycana qalacaq”

“Birinci Avropa Oyunları ilə bağlı işlərin son mərhələsi görülür. Oyunlara 90 gündən də az müddət qaldığı üçün iştirak edəcək ölkələrin heyətləri artıq müəyyənləşib. Olimpiya Komitəsi Azərbaycan komandasının da bu oyunlarda iştirakı haqqında düşünür və bu işlərlə məşğul olur”.

Publika.az-ın məlumatına görə, bu sözləri Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

“Hazırlıq işləri ilə yanaşı, oyunların gedişini izləmək də Komitənin üzərinə düşür. Artıq Avropa Oyunlarına hazır vəziyyətdəyik, idman qurğularının bir çoxu istifadəyə verilib. Test yarışları keçirilir. Aprel ayında boks və güləş üzrə test yarışları da keçiriləcək. Üzgüçülük hovuzu tikilib və tam hazır vəziyyətdədir. Aprel-may aylarında onun sınaqdan keçirilməsi nəzərdə tutulub. Olimpiya kəndi də tam hazır vəziyyətdədir. Bundan sonra əsas işlərimiz bu oyunlara Kütləvi İnformasiya Vasitələrinin vasitəsilə Azərbaycan idmansevərlərini cəlb etməyimizlə bağlı olacaq.

Avropa Oyunlarına ayrılan vəsaitin azalması müəyyən proqramların daha ekonomik şəkildə həyata keçirilməsi deməkdir. Amma böyük vəsait tələb edilən işlər başa çatıb. Ən böyük vəsait tikinti, təmir işləri, qurğuların hazırlanmasına, təşkilat komitəsinin fəaliyyətinə sərf edilirdi. Artıq oyunlara 88 gün qalıb və hesab edirəm ki, maliyyənin azalması işlərə heç bir təsir göstərə bilməz”.

Ç.Hüseynzadə oyunlarda iştirak edəcək idmançıların xərclərinin Azərbaycan tərəfindən qarşılanmasına da münasibət bildirdi:

“Bütün Olimpiya Oyunlarında idmançıların xərci təşkilat komitəsi tərəfindən təşkil edilir. Bu, bütün müqavilələrdə də əks olunub. Azərbaycan da təşkilatçı tərəf kimi bütün xərcləri qarşılayır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, digər oyunlarda bütün marketinq xərcləri Beynəlxalq Olimpiya Komitəsinə məxsusdursa, bizdə istər bilet satışı, istər televiziyalarla bağlı gəlirlər Azərbaycana məxsusdur. Bu da o deməkdir ki, oyunlardan əldə olunan bütün gəlirlər heç kimlə bölünməyəcək, Azərbaycana qalacaq. Hesab edirəm ki, sonda hesablayanda Azərbaycan udacaq”.

Ç.Hüseynzadə bildirib ki, olimpiya stadionu ilə bağlı quraşdırma işləri başa çatıb. Hazırda stadion ətrafında abadlaşdırma işləri aparılır. Açılış mərasiminə hazırlıq işləri görülür.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm