• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Zaqataladakı “qardaş”a görə Bakıda aparılacaq “müharibə”

  • İdman
  • 17 Mart 2015 15:17
  • 641 Baxış
Zaqataladakı “qardaş”a görə Bakıda aparılacaq “müharibə”

Azərbaycan Premyer Liqasında 26-cı turun bütün oyunları yenə də eyni gündə - martın 18-də keçiriləcək. Tur ərzində cəmisi 4 qarşılaşmanın olduğu bir çempionatda bütün oyunların eyni gündə keçirilməsi təşkilatçılığın necə qeyri-peşəkar olmasının bariz göstəricisidir.

Başqa yol var?

Bütün qarşılaşmalar eyni gündə keçirildiyindən azarkeşlər diqqəti bu oyunlardan yalnız birinə yönəltmək məcburiyyətində qalır. Turun prinsipial qarşılaşması isə sözsüz ki, “İnter” - “Qəbələ” oyunudur. Azərbaycan kubokunda mübarizəni dayandıran “Qəbələ”nin avrokuboklar ümidi ancaq çempionata bağlıdır. Amma burada da əsas rəqib “Simurq”dur. “Qəbələ”ni kubok mübarizəsindən kənarlaşdıran rəqib. Üstəlik, Zaqatala klubu çempionatdakı mübarizədə əlavə üstünlüyə də sahibdir. “Qardaş dəstəyi”ni deyirik. Sözün bütün mənalarında qardaş dəstəyi. “Bankir qardaşlar”ın baş məşqçiləri gürcülərdir. Tam əminliklə söyləmək olar ki, Kaxaber Tsxadadze keçmiş köməkçisi Georgi Çixradzenin uğur qazanmasını istəyir. Tsxadadze üçün həmyerlisinə ən böyük dəstək “Qəbələ”ni büdrətmək olardı.

Bu amili “Qəbələ”nin baş məşqçisi Roman Qrikorçuka çatdıran olar yəqin. Qriqorçukun “ordusu” kubokun yarımfinalındakı biabırçı yenilgini məhz “İnter”i məğlub etməklə sığortalaya bilər. İndi hər kəs “Qəbələ”dən “Qarabağ”la oyundakı qəhrəmanlığı gözləyir. Roman Qriqorçuk ya bu oyunda qalib gəlib qəhrəman olmağa çalışmalı, ya da “silah”ı yerə qoyub, “mən təslim” deməlidir. Başqa yol var?

Bu rəqiblərin son 4 oyununda “Qəbələ” qalib gəlməyib. Bakıdakı son 10 qarşılaşmada qonaqlar cəmi 1 qələbə qazanıb.

İnter - Qəbələ: 26 oyun, 13 qələbə, 8 heç-heçə, 5 məğlubiyyət, top fərqi 39:20.

Bu dəfə də təəccüblü nəsə olacaq?

“Qardaş dəstəyi” bir yana, “Simurq” da öhdəsinə düşəni yerinə yetirməlidir axı. Bu tur Zaqatala klubunun isi çətin olmamalıdır. Rəqib hay-hayı gedən, vay-vayı qalan “Bakı”dır. Kubokun yarımfinalına keçidin yaratdığı eyforiya mane olmasa, Çixradzenin yetirmələri “Bakı”ya qalib gəlib, yenidən 4-cü pilləyə qayıda bilər. Təbii ki, “qardaş” - “İnter” vədini yerinə yetirib, “Qəbələ”ni büdrətsə. Onu da qeyd edək ki, “Simurq” aşkar favorit olduğu qarşılaşmada - “Sumqayıt”la oyunda qələbə qazana bilməməklə, hər kəsi təəccübləndirmişdi. Bu dəfə də təəccüblü nəsə olacaq?

“Bakı” 8 oyundur meydanı qolsuz tərk etmir. “Simurq” son 12 oyunda cəmi 1 qələbə qazanıb. Paytaxt təmsilçisi son 4 ev oyununda xal itirməyib.

Bakı - Simurq: 22 oyun, 11 qələbə, 7 heç-heçə, 4 məğlubiyyət, top fərqi 27:19.

“Qarabağ” nəyə imkan verməməlidir?

Çempionatın lideri “Qarabağ”ın da bu tur büdrəməyə haqqı yoxdur. Autsayderlərdən sayılan “Sumqayıt”la oyunda yersiz xal itkisi “Köhlən atlar”ı çətin vəziyyətə sala bilər. “İnter”lə xal fərqi 6-ya enib. Üstəlik “Qarabağ”ı “Bankirlər”lə çempionatda 2 oyun gözləyir. Qurban Qurbanovun yetirmələri ən yaxın rəqiblə şəxsi qarşılaşmalara qədər aradakı xal fərqinin azalmasına imkan verməməlidir.

Texniki nəticəni nəzərə almasaq, son 4 qarşılaşmada qol vuran komanda qalib gəlib. Bu 4 görüşdə “Sumqayıt” cəmi 1 qol vurub. 10 oyundan beşində böyük hesablı nəticə qeydə alınıb.

Sumqayıt - Qarabağ: 10 oyun, 3 qələbə, 1 heç-heçə, 6 məğlubiyyət, top fərqi 5:23.

“Yorğunlar”ın prinsipsiz mübarizəsi

Turun digər qarşılaşmasında kubokun “yorğunlar”ı üz-üzə gələcək. Həm meydanda yorulan, həm də mübarizəni dayandırmağın yorğunluğunu çəkən rəqiblərin qarşılaşması prinsipial əhəmiyyət kəsb etmir. “Xəzər Lənkəran”ın üçdə alacağı, beşdə verəcəyi yoxdur. AZAL isə avrokuboklara vəsiqə əldə etmək üçün az da olsa şansını saxlayır. “Təyyarəçilər” “Neftçi” ilə kubok mübarizəsində aldıqları “yara”nın üstünü bağlamaq üçün bu oyunda qələbəyə ehtiyac duyurlar. AZAL cənublu uşaqlara qalib gələ bilməsə, daha onların “yarası”nı sağaltmaq mümkün olmayacaq.

Son 6 oyunda hər iki komanda qol sevinci yaşayıb. Ardıcıl 5 matçda heç-heçə qeydə alınıb. AZAL 9 görüşdü meydanı qolsuz tərk etmir.

AZAL - Xəzər Lənkəran: 26 oyun, 4 qələbə, 9 heç-heçə, 13 məğlubiyyət, top fərqi 19:34.

Publika.az

Azərbaycan Premyer Liqası, 26-cı tur

18 mart

15:00 Bakı - Simurq

Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Coşqun Həsənov, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Xaqani Məmmədov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

16:00 AZAL - Xəzər Lənkəran

Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Elşən Acalov, İsgəndər Əliyev

AFFA nümayəndəsi: Telman Əzizov

Hakim-inspektor: Rövşən Əhmədov

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Etibar Həsənov

“AZAL Arena”

16:00 Sumqayıt - Qarabağ

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Diniyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Akif Məmmədov

“Kapital Bank Arena”

18:00 İnter - Qəbələ

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Vüsal Əliyev

AFFA nümayəndəsi: Oqtay Abdullayev

Hakim-inspektor: Məlik Həsənov

“İnter Arena”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR