Avropalı ekspert: “Avropa Oyunlarına qarşı qaralama kampaniyası İslamofobiya nümunəsidir”
Bizi izləyin

İdman

Avropalı ekspert: “Avropa Oyunlarına qarşı qaralama kampaniyası İslamofobiya nümunəsidir”

Xəbər verildiyi kimi, dünən Brüsseldə, Qərbdə son dövrlərdə güclənən İslamofobiyanı hədəfə alan “Avropa və İslam aləmi: ortaq dəyərlərə doğru” adlı konfrans keçirilmişdir.

Publika.az-a verilən məlumata görə, İslam Konfransı Gənclər Forumunun və BMT-nin Sivilizasiyaların Alyansının birgə təşkilatçılığı və Böyük Britanıyanın LINKS təşkilatı ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən konfransda İslamofobiyanın müxtəlif təzahürləri haqqında müzakirələr aparılmışdır. Sözügedən müzakirələr zamanı bu ilin iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunları mövzusuna da toxunulmuşdur.

Belə ki, “İslamofobiya və media” mövzusu panelində çıxış edən Belçikada İslamofobiyaya qarşı Şuranın vitse-prezidenti Həcib Əl-Həccaci öz təqdimatında bu məsələyə fərqli aspektdən toxunaraq, müsəlman ölkəsi olan Azərbaycanın Birinci Avropa oyunlarına ev sahibliyi etməsini “Avropa qitəsində Olimpiya dəyərləri və ruhuna tarixi dəstək olduğunu, AB-nin etməsi lazım olan missiyaya sahib olduğunu bildirmişdir”.

“Amma son dövrlərdə biz bu kimi müsbət əməkdaşlıq nümunələrini təqdir etmək əvəzinə bəzi Qərb mediaları tərəfindən Bakı Avropa Oyunlarına qarşı yönəldilmiş qaralama kampaniyasının şahidi oluruq” - deyən avropalı ekspert sözünə belə davam edib: “İlk dəfə baş tutacaq Avropa oyunlarının məhz müsəlman ölkəsində keçirildiyini bəzi dairələrin həzm edə bilməməsindən qaynaqlanan bu qara PR əslində İslamofobiya yanaşmasının bir təzahürüdür”.

“Bu kimi ikili standartlar ilk növbədə Avropada mədəniyyətlərarası münasibətlərə, dözümlülüyə qarşı yönəldiyindən, bu kimi kampaniyalarla ilk növbədə avropalılar mübarizə aparmalıdır,” - deyən BİGŞ-in vitse-prezidenti qeyd etmişdir ki, “bütün provokativ cəhdlərə baxmayaraq, Avropa oyunlarının Azərbaycanda keçirilməsi bir daha bu Müsəlman ölkənin qədim tarixə, zəngin mədəniyyətə malik olmasını, yüksək tolerantlıq nümunəsinin olmasını Avropaya və bütün dünyaya nümayiş etdirəcəkdir”.

Xatırladaq ki, İKGF təşkilatçılığı ilə keçirilən konfransın işində Avropa Parlamentinin deputatları, BMT, Avropa Birliyi və İslam Əməkdaşlıq Təşkilatının yüksək səviyyəli təmsilçiləri, Brüsseldə akkreditə olan diplomatik korpus, eləcə də müxtəlif “beyin mərkəzləri” və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm