Hollandiyada parlayan “kral”ların sonrakı aqibəti - FOTOLAR
Bizi izləyin

İdman

Hollandiyada parlayan “kral”ların sonrakı aqibəti - FOTOLAR

Hollandiyada parlayan “kral”ların sonrakı aqibəti

Hollandiya Erediviziyası ulduz futbolçuların ən çox yetişdiyi çempionatlardan biridi. Xüsusən də qolçu futbolçular burda parlayır, sonradan Avropanın müxtəlif ölkələrinə yayılır. Bəziləri sonradan başqa ölkələrdə də uğurlarını təkrarlayır, bəziləri isə yeni klublarında Hollandiyadakı günlərini axtarır. Publika.az Erediviziyada parlayan futbolçuları təqdim edir:

1994/95: Ronaldo

18 yaşında PSV-nin formasını geyindiyi 33 matçda 30 qol vuraraq bombardir olan Ronaldo növbəti ilə "Barselona"ya transfer olundu. Burdakı ilk ilində 37 oyunda 34 qol vuran braziliyalı sonrakı illərdə bir əfsanəyə çevirildi.

1995/96 və 1996/97: Luk Nilis

28 yaşında PSV forması ilə çıxdığı 31 matçda 21 dəfə fərqlənərək qol kralı oldu. Növbəti mövsümdə 29 oyuna çıxaraq 21 qola imza ataraq eyni uğuru təkrarladı. 1994-cü ildə gəldiyi və 6 il oynadığı PSV-dən 2000-ci ildə ayrılaraq "Aston Villa"ya üz tutan Nilis uğursuz mövsümün ardınca karyerasını bitirdi.

1997/98: Nikos Maklas

24 yaşında "Vitess" forması ilə 32 matçda 34 qol vuraraq bombardir oldu. Növbəti mövsüm "Ayaks"a üz tutan futbolçu burda özünü yaxşı tərəfdən göstərə bilmədi. 2 matçlıq "Sevilya" macərasının ardından vətəninə dönən Maklas səssiz-sədasız futbolu buraxdı.

1998/99 və 1999/2000: Ruud van Nistelroy

22 yaşında geyindiyi PSV forması ilə 34 oyunda 31 dəfə fərqlənən, növbəti mövsüm 21 oyunda 24 qola imza atan futbolçu bütün statistikaları alt-üst etdi və böyük Avropa komandalarının diqqətini çəkdi. Daha sonra tranasfer olunduğu "Mançester Yunayted"dəki qolları ilə əfsanəyə çevirildi. "Real", "Hamburq" və son olaraq "Malaqa"da göstərdiyi performansla özünü bütün dünyada sevdirdi.

2000/01, 2002/03 və 2003/04: Matey Kejman

PSV forması ilə ilk mövsümdə 24 (33 oyun), 2002/03-də 35 (33 oyun), 2003/04-də 31 (29 oyun) qol vuraraq bombardir oldu. PSV-də 4 il sərgilədiyi möhtəşəm oyunla "Çelsi"nin diqqətini çəkdi və İngiltərəyə üz tutdu. Lakin nə burda, nə də sonrakı illərdə çıxış etdiyi klublarda Hollandiyadakı performansını təkrarlaya bilmədi.

2001/02: Pierre van Hooydonk

2001/02 mövsümündə "Feyenoord"da meydana çıxdığı 32 matçda 24 qol vuraraq bombardir oldu. "Feyenoord" karyerasından sonra "Fənərbaxça"ya üz tutdu. İstanbulda keçirdiyi ilk mövsümdə 24 oyunda 21 qol vuraraq "Fənərbaxça"nın ən yaxşı əcnəbi futbolçuları sırasına düşdü və karyerasına "Feyenoord"da son qoydu.

2005/06 və 2007/08: Klaas Yan Huntelaar

2007/08 mövsümünün ilk yarısında geyindiyi "Heerenveen" forması ilə 15 oyunda 17, ikinci yarısında "Ayaks" forması ilə 16 matçda 16 qol vuraraq bombardir oldu. O, "Ayaks"da keçirdiyi növbəti iki mövsümdə də 20-dən az qol vurmayıb. Möhtəşəm oyunu ilə Avropanın diqqətini çəkən Huntelaar əvvəl "Real"a, sonra isə "Milan"a üz tutub. Lakin hər iki klubdakı performansı xəyal qırıqlığına səbəb olub. Lakin özünü 2011/12 mövsümündə forma geyindiyi "Şalke 04"də yenidən doğruldub - 32 oyun, 29 qol.

2006/07: Afonso Alves

26 yaşında "Herenven"də oynayan futbolçu 31 matçda 34 qol vurub. Vurduğu qol sayı oynadığı oyun sayını keçən futbolçular arasına düşən Alves "Midlsbro"ya transfer olunub. Lakin İngiltərədə oynadığı 2 mövsümdə cəmi 38 oyun keçirib və sadəcə 10 qol vurub. İndi karyerasını Qətərin "Əl Qarafa" klubunda davam etdirir.

2008/09: Munir Əl Hamdaoui

24 yaşında geyindiyi "Alkmaar" forması ilə 31 oyunda rəqib qapılarına 23 dəfə yol tapıb. Hollandiyadakı 2 mövsümlük uğurlu çıxışdan sonra "Fiorentina"ya keçsə də, nə burda, nə də sonrakı illərdə formasını geyindiyi 3 klubda özünü yaxşı tərəfdən göstərib.

2009/10: Luis Suares

"Ayaks" formasını geyindiyi 23 yaşında 33 oyuna çıxıb və 35 qol vuraraq bombardir oldu. "Ayaks"da keçirdiyi hər mövsümdə qol sayını artıran uruqvaylı burdan "Liverpul"a üz tutdu. İngiltərə klubunda indiyədək keçirdiyi 98 oyunda 61 qol vuran Suares öz səviyyəsini göstərməyi başarıb.

2010/11: Byörn Vleminx

"Neymegen"də keçirdiyi 32 oyunda 23 qola imza ataraq bombardir olan futbolçu ardınca vətəninə dönərək "Brügge" formasını geyinib. Lakin 3 ildə Hollandiyadakı performansını davam etdirə bilməyərək Türkiyəyə üz tutub. Ötən mövsüm "Gənclərbirliyi"inin forması ilə çıxdığı ilk matçda 4 qola imza atsa da, ardını gətirə bilməyib. İndi isə "Erciyəsspor"da çıxış edir.

2011/12: Bas Dost

22 yaşında "Herenven" forması ilə 34 matçda 32 qol vuraraq bombardirlər yarışına başçılıq etdikdən sonra "Volfsburq"a üz tutub. Lakin Almaniyada ümidləri doğrultmayıb. "Volfsburq"dakı ilk mövsümdə 28 oyunda 8 qola imza atan Dost cari mövsümdə sadəcə 285 dəqiqə oynayıb və sadəcə 2 qol vurub.

2012/13: Vilfrid Boni

24 yaşında "Vitess"də çıxış edən futbolçu 30 matçda 31 qol vurub. Hollandiyada 2 mövsüm uğurlu oyun sərgiləyən Boni transfer olunduğu "Suansea"da 22 oyunda 8 dəfə fərqlənə bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm