Kruqlov Azərbaycana qayıdır
Bizi izləyin

İdman

Kruqlov Azərbaycana qayıdır

Kruqlov Azərbaycana qayıdır

Turnir cədvəlində son pilləyə düşməsi “Rəvan”ı vacib addımlar atmağa sövq edib.

Heyət yetərsizliyi üzündən istədiyi nəticələri qazana bilməyən komanda qış “transfer pəncərəsi” dövründə lazımınca güclənməmişdi. Elə bu üzdən “aslanlar” indi boşluqları doldurmaq istəyir.

Təbii ki, “transfer pəncərəsi” bağlandıqdan sonra oyunçu almaq mümkün deyil. “Rəvan” yalnız hansısa klubla anlaşması olmayan, azad agent statusuna malik futbolçu tapmalıdı. Paytaxt təmsilçisi hazırda 2 belə oyunçu ilə danışıq aparır.

Publika.az Futbolinfo.az-a istinadən xəbər verir ki, “Rəvan”ın anlaşmaq üzrə olduğu oyunçulardan biri Estoniya yığmasının üzvü Dmitri Kruqlovdu. "Neftçi" və "İnter"in sabiq üzvü yenidən Azərbaycanda çıxış edəcək. Onun yaya kimi bakılıların formasını geyinəcəyi gözlənilir.

30 yaşlı sol cinah müdafiəçisi karyerasına vətənində başlayıb. 2003-2005-ci illərdə "Levadiya"nın heyətində 59 oyun keçirən və 4 qol vuran Kruqlov 2005-ci ildə Rusiyaya üz tutub.

2008-ci ilədək Moskva "Lokomotiv"ində 10 oyun keçirən futbolçu 2006-da "Kuban"a, 2007-də "Torpedo"ya, 2008-də isə "Neftçi"yə icarəyə verilib. Bakı klubunda 2008-2010-cu illərdə üst-üstə 63 oyun keçirən Kruqlov 5 qola imza atıb.

2010-cu ildə Bakı "İnter"inə keçən təcrübəli müdafiəçi 1 il sonra yenidən Rusiyaya üz tutub. O, 2 il müddətində "Rostov" klubunun şərəfini qoruduqdan sonra yenidən Estoniya "Levadiya"sına qayıdıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm