Millət vəkilindən maraqlı proqnoz - 2 qızıl, 1 gümüş, 2 bürünc
Bizi izləyin

İdman

Millət vəkilindən maraqlı proqnoz - 2 qızıl, 1 gümüş, 2 bürünc

İlk Avropa Oyunlarının startına 52 gün qalıb. Təbii ki, günlər ötdükcə həyəcan da artır. İdmançılarımız mötəbər turnir öncəsi test yarışlarında iştirak edir.

Boksçularımız da I Avropa Oyunları öncəsi test xarakterli “Baku Cristal Hall”da “Böyük İpək Yolu” beynəlxalq turnirində qüvvələrini sınayıblar. İlk Avropa Oyunlarından ən çox medal qazanacağına inanılan federasiyalardan biri də məhz boks federasiyasıdır.

Elə boksçularımız “Böyük İpək yolu” turnirində göstərdikləri nəticələrlə bir daha özlərini sübut ediblər: 14 medal - 7 qızıl, 3 gümüş, 4 bürünc.

Maraqlıdır, federasiya boksçuların 14 medalını və İlk Avropa Oyunlarındakı aqibətini necə dəyərləndirir? Bununla bağlı, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti, millət vəkili Ağacan Əbiyev Publika.az-a açıqlama verib. Vitse-prezidentin açıqlamasındakı I Avropa Oyunları ilə bağlı proqnozu diqqət çəkir:

“Düzdür, bu yarışlar test xarakteri daşıyırdı. Təşkilatçılığı yoxlamaq üçün bir yarış idi. Bizim komandamızda güclü boksçularımız var. İki dünya çempionu, Avropa çempionatlarının mükafatçıları və bir çox güclü idmançılarımız var ki, onlar I Avropa Oyunlarında yüksək nəticə göstərə biləcəklər. Keçən ilki dünya çempionatında 2 qızıl, 1 bürünc medal qazanmışdıqsa, Avropa qitəsində nəticəmiz bundan da çox ola bilər, inanıram ki, olacaq da...

Boksçularımız hazırlığını davam etdirir. Xarici ölkədə beynəlxalq turnirdədirlər. Hesab edirəm ki, hazırlıq yüksək səviyyədə gedir. İnanıram ki, boksçularımız bizi son 10 ildə necə sevindiribsə, İlk Avropa Oyunlarında da sevindirəcəklər.

Bir neçə gün bundan öncə nazir Azad Rəhimovun da olduğu birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin iclasında bütün federasiyaların rəhbərləri, vitse-prezidentləri iştirak edirdilər. Mən orada təxmini proqnoz kimi fikir bildirdim. Öz boksçularımızı da yaxşı tanıyıram, Avropadan gələn idmançıları da... Fikrimcə, Azərbaycan boksçuları bu mötəbər turnirdə 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazana biləcəklər”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm