• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Ağ canavar”: “Vaxtilə metroyla getməyə də pulum olmayıb” – TAYM-AUT

  • İdman
  • 29 Aprel 2015 17:00
  • 4 425 Baxış
“Ağ canavar”: “Vaxtilə metroyla getməyə də pulum olmayıb” – TAYM-AUT

Kikboks üzrə 21 qat dünya çempionu Eduard Məmmədovu çoxları yaxşı tanıyır. Onun uğurları barədə demək olar ki, hər kəs məlumatlıdır. O, əməkdar idman ustası, əməkdar məşqçidir, həm də Daxili İşlər Nazirliyində polis mayoru vəzifəsində çalışır. İllərdir Çingiz Eyvazovun məşqçiliyi altında idman edir. Elə “Neftçi”nin idmançısı olan E.Məmmədova “Ağ canavar” ləqəbini də Çingiz müəllim qoyub.

O, həmişə əldə etdiyi uğurları xalqına, vətəninə həsr etdiyini vurğulayır. Ancaq biz bu dəfə Eduard Məmmədovu bir az idmandan kənar tanıtmağa çalışacağıq. Bu məqsədlə Publika.az “Taym-aut” layihəsi üçün növbəti qonaq kimi Eduard Məmmədovu dəvət etdi. Etiraf edək ki, həyatını peşəkar idmana həsr etmiş “Canavar”la idmandan kənar söhbət etmək bizim üçün heç də asan olmadı.

- Eduard Məmmədovun həyatı necə keçir?

- Düzünü deyim ki, özümü idmansız təsəvvür edə bilmərəm. İdman mənim üçün sadəcə iş və ya hobbi deyil, həm də həyatdır. İdmana o qədər öyrəşmişəm ki, hətta zədəli olduğum vaxtlarda məşq edə bilməyəndə nəyinsə çatışmadığını hiss edirəm. Bilirsən ki, nə isə ağrıyır, amma anlaya bilmirsən nədir ağrıyan. Təbii ki, candır ağrıyan.

Düzdür, bu gün idmandan kənar söhbət üçün burdayıq, amma hər sözüm idmanla başlayır, çünki həyatımız idmandır. Səhər duranda düşünürəm ki, gedim məşqimi edim, özümü formada saxlayım. Bilirsiniz ki, idmançıdan başqa, həm də məşqçi işləyirəm, tələbələrimi də düşünməliyəm. Özüm iki-üç gün məşq etməsəm də, onlara görə zalda mütləq oluram.

Tələbə müəlliminə kumir kimi baxır, müəllimini idmansız təsəvvür edə bilmir.

Əlbəttə, istirahət də vacibdir. İstirahət edərkən üzməyi xoşlayıram. Yaxşı üzürəm (gülür). Bəzən dostlarla haradasa oturub çay içə, bir az dincələ bilərik. Bir sözlə, hər şeyə vaxtımı bölürəm. Vaxtla yaşamıram, amma planla hərəkət edirəm.

Tədbirlər, dəvətlər, toylar olur, iştirak edirəm, amma əvvəlcədən bildirirəm ki, gecikəcəm. İşlərimə və məşqimə görə onlar da məni anlayır. Əslində gecikməyi xoşlamıram, dəqiq insanam. Amma alınmır, məşqi yarımçıq qoyub gedə bilmirəm.

- Tələbələriniz arasında xanım idmançılar da var. Kişi tələbələrinizə qarşı ciddi, sərt olduğunuzu bilirik. Bəs 21 qat dünya çempionunun xanımlarla məşq prosesi necə keçir?

- Əvvəlcədən deyim ki, bu idman xanımlar üçün deyil. Özün üçün məşğul ola bilərsən, amma peşəkar səviyyədə xanımlar üçün çətindir. Çünki tam kontakt bir döyüş növüdür. Son zamanlar bu idman dəb halına düşüb, bütün məşhurlar bu idmanla məşğul olur. Hətta bizim də məşhurlar bu idmana maraq salıb. Müğənni Samira xanım və başqa bir çox məşhurlarımız gəlib mənim yanımda məşq edir. Düzdür, bizim xanımlarımız, maşallah, dözümlüdürlər. Amma bir az çətinliyə düşən kimi əziyyət olur.

- Bu sərtliyinizə etiraz edən olub?

- Tələbələrimə qarşı sərtəm. Hətta qardaşım dediyim dostuma da məşqdə güzəşt etmirəm. Bəzən məşq o qədər ciddi, sərt keçir ki, məcbur olub dilə gəlir: “Eduard, mənəm, dostun” - deyir. Mən də deyirəm “bilirəm sənsən, səninlə də belə məşq keçməliyəm, başa düşməlisən ki, zala gəldinsə, başqa söz ola bilməz. Həmçinin xanımlar.

Həyatda zaraftcıl biriyəm. Amma məşqdə yox. Bir dəfə bir xanım məşqə gəlib. Bir az işləmişdi, dedi yorulmuşam, dedim nə olsun yorulmusan, bir az da işlə. Nə isə bir neçə dəqiqə keçəndən sonra mənə “bəs mən xanımam, bu qədər olmaz” dedi. Mən də dedim ki, xanımsan, get otur evdə (gülür).

Mənim üçün fərqi yoxdur, xanım, uşaq, ya böyük kişi. Məşq zamanı hamısı eynidir mənim üçün.

- Belə bir söz-söhbət yayılmışdı ki, iki məşhur idmançımız Eduard Məmmədov və Zabit Səmədov arasında münasibətlər gərgindir. Nəsə problem olmuşdu aranızda?

- Yox, təbii ki, elə bir şey olmayıb. Elə bir neçə gün öncə birlikdə idik. Düzünü deyim ki, özümlə bağlı “Eduardın kiminləsə münasibəti pisləşib, ya da kiminləsə arası yoxdur” kimi sözləri çox eşitmişəm. Təbii ki, bunlar yalandır.

- Sizin haqda özündən razıdır da deyirlər.

- Vallah bilmirəm haqqımda niyə belə bir fikir yaranıb. Amma mən kiçiklərə də, böyüklərə də salam verib salamı alan insanam. Düzdür, hər kəslə dost olası deyiləm. İnsanlarla normal münasibət quran biriyəm. Mənimlə şəkil çəkdirmək istəyənlər olur, heç vaxt onlara yox demirəm. Çünki bilirəm onlar mənə necə rəğbət bəsləyir. Nəyə görə insanların ürəyini qırmalıyam? Məni kumir kimi görüb məşqə başlayan birinin xahişinə yox desəm, onun psixologiyasına pis təsir etmiş olaram. Şəkil çəkdirək deyildiyi zaman “indi işim var, sonra” sözünü belə işlətmirəm. Əsl idmançı heç vaxt özündən razı olmur.

- Bir ilin neçə gününü ailənizə, uşaqlarınza, tətillərə sərf edirsiz?

- Düzünü deyim ki, hansısa ölkəyə tətilə çıxmaq mənim üçün çətin məsələdir. Həm işim, həm də idmanım tətil üçün bir az maneədir. Amma boş vaxtım olan kimi onu mütləq ailəmə, uşaqlarıma həsr edirəm. Düzdür, adətən boş vaxtım axşam 8-dən, 9-dan sonra olur, bu zaman da uşaqlar yatır. Ancaq həftədə ən azı 2-3 dəfə uşaqlara vaxt ayırıram, gəzməyə gedirik. Belə bir şey deyim. Uşaqlarımın ən çox sevdiyi yelləncəklərdir, əyləncə mərkəzlərində gəzməkdir. Qızım mənsiz özü üçün yenə başını qatıb oynayandır. Oğlum isə mənsiz qala bilmir. Onu hara apardımsa, mən də onunla oynamalıyam. Artıq bu əyləncə yerlərində məni tanıyırlar deyə oğlumla birlikdə attraksionlara girməyə icazə verirlər. Mən uşaqlarla dost kimiyəm. Elə oğluma da “canavarın dostu” mənasını verən Raul adını vermişəm. İspan mənşəli addır. Qızımın adı isə Belgizdir. Ərəb adıdır, mənası şahzadə deməkdir. Övladlarım əkizdir, hazırda 5 yaşları var. Həmişə başa düşürəm ki, uşaqlara vaxt ayırmaq lazımdır. İdmana gedəndə belə oğlumu aparıram. Hərçənd onun idmana marağı yoxdur. O, daha çox şəkil çəkməyi xoşlayır.

- Bəs qızınız kikboksinqə maraq göstərsə?

- Qızımın gimnast olmasını istəyərdim. Düzdür, kikboksla məşğul olan qızlarımız da az deyil. Amma mən istəmirəm. Gələcəkdə də istəsə güman ki, maneə olmağa çalışaram. Çünki istəmərəm qızım əziyyət çəksin. Hər iki övladımın təhsilə önəm verməsini istəyərəm. Baxmayaraq ki, uzun müddətdir peşəkar idmandayam, 3 universitet bitirmişəm. İlk olaraq İdman Akademiyası, Polis Akademiyası (1999), sonra da Polis Akademiyasının İdarəetmə və İxtisasartırma fakültəsini bitirmişəm. Ona görə də tələbələrimi savadlı olmağa çağırıram. Rinqdə də savad çox lazım olur. Düzdür, fiziki hazırlığın olmalıdır, canın möhkəm olmalıdır. Ancaq rinqdə ikiniz də güclüsüzsə, sən şahmat kimi oynamağa başlamalısan, ağıl işlətməlisən.

- Orta məktəbi necə oxumusuz?

- Orta məktəbi son iki ilə qədər orta oxumuşam. Amma son iki ili yaxşı oxuyurdum. Lakin orta məktəbi bitirən kimi, əsgərliyə getdim. Əsgərliyim demək olar ki, 3 il olub. Bilirsiniz, o vaxt bir az çətin idi. İstəyirdim ki, ön cəbhəyə düşüm, düşmənə qarşı vuruşum. Amma medallarımı görüb, məni Mərkəzi Ordu İdman Klubuna saldılar ki, sən bizə orda lazımsan. Sonra gəlib təhsilimi davam etdirdim.

- Adınız da maraqlıdır. Kim qoyub bu adı sizə?

- Adımı anam qoyub. Həmişə soruşurdum ki, niyə belə ad qoymusuz, başqalarınkı kimi adi ad qoymamısız. Anam da deyirdi ki, sən tanınmış, fərqli biri olacaqsan. Sən böyük bir adam olacaqsan. Adınla yox gördüyün işlə tanınacaqsan, amma adın yaddaşlarda yaxşı qalacaq. Neçə illər keçib, indi anlayıram ki, anam düz deyirmiş. Amma anamdan soruşuram ki, “idmançı olacağımı bilirdin?”. Deyir “yox, başqa sahədə düşünürdüm”. O vaxt heç məni evdə idmana qoymurdular. Mən də gizlin gedirdim. Paltarlarımı bloklarda qurudurdum, hara gəldi atırdım ki, evdəkilər bilməsinlər. Çünki anam oxumağımı çox istəyirdi. Sonralar biləndə də razı deyildi. Deyirdi, sən ali təhsil almalısan, nə qədər davam edəcəksən. Olurdu ki, zədədən sonra filan yerim ağrıyır deyirdim. O zaman da danlayırdı ki, nə qədər zədə olar. Amma indi anlayıram ki, o vaxt gənc idim, evdə gərək deməzdim (gülür). İndi tələbələrimə də deyirəm, bir yeriniz yüngül zədələnib ağrıyanda evdə deyib, evdəkiləri üzməyin. Sizi də idmana qoymayacaqlar. Gəlin mənə deyin, çarəsini öyrədim. Tələbələrimə həmişə əsas bunu deyirəm, ailənin, valideynlərin halallığını alın, ailənizi üzməyin.

- Bəs indi zədələndiyiniz, yorulduğunuz anı uşaqlarınıza bəlli edirsiz?

- Yox, çalışıram bunu uşaqlar bilməsin. Olur ki, evə yorulub gedirəm, bir az ağrıyıram. Raul çağırır gəl maşın oynayaq. Deyirəm get sən başla, gətir oyuncaqları, gələcəm.

- İdmançı olmasaydız hansı sahəni seçərdiz?

- Düşünürəm ki, tam idmandan uzaq biri heç vaxt olmazdım. Kikboksçu olmasam, yaxşı futbol oynayardım, orada da bir nömrə olardım.

- İdmandan başqa nəyə marağınız var?

- Kinolara baxmağa. O vaxt biz Jan Klod Van Damm, Brüs Li kimi məşhurların kinosuna baxıb idmana maraq göstərirdik. Uşaq idik, sonra-sonra anlayırdıq ki, onlar sadəcə aktyorlardır. Məsələn, o vaxt bir kino var idi “Qanlı döyüş”, o kinoya hər məşqə getməmişdən öncə baxıb evdə özüm üçün hərəkətlərini təkrarlayırdım. Məşqdə də onun hərəkətlərini təkrarlamağa çalışırdım (gülür).

İndi tələbələrimdən soruşuram ki, bu kinoya baxmısızmı? Yaşı az olanlar üzümə baxırlar, baxanlar da başlayır o kinonu tərifləməyə.

- Bəs musiqiylə aranız necədir?

- Əla. O vaxt biz kinolarda görürdük musiqiylə məşqləri. İndi anlayırıq ki, doğrudan da adam musiqiylə daha ürəkdən məşq edir.

- Hansı tərz mahnıları xoşlayırsız?

- Popa da qulaq asıram, roka da, lirik mahnılara da. Əhval-ruhiyyədən asılıdır.

- Bəs muğam?

- Səmimi deyim ki, həvəskarı deyiləm. Amma radioda muğam oxunduğu zaman kanalı dəyişmirəm...

- Sürətli maşın sürənsiz?

- Yox əsla. Heç kim deyə bilməz ki, mən yüksək sürətlə maşın sürmüşəm.

- Bu, dövlət işində işləməyinizdən irəli gəlir?

- Xeyr, sadəcə yüksək sürətə meylli deyiləm. Bilirəm ki, sürət həddi 80 km/saatı keçirsə, deməli, maşını sən idarə etmirsən. Qaydalara riayət edən biriyəm.

- Bir az əvvəl vurğuladınız ki, Van Dammın kinolarına baxa-baxa idmana həvəsiniz artıb. Filmə çəkilməyə dəvət olunsaz, gedərsizmi?

- Yox, çünki nə işimə görə, nə də məşqlərimə görə alınmaz. Əvvəllər düşünürdüm. Xaricilərdə olduğu kimi idmançılar sonradan kinoya çəkilir, mən də çəkilərəm. Amma indi heç cür alınmaz.

- Sağlığınıza qismət, görünür, qazancınız yaxşıdır. Bunu idmanda qazanmısız, ya başqa işlə də məşğulsuz?

- Mən uşaqlıqdan atasız böyümüşəm, atam rəhmətə gedib. Məni anam böyüdüb. Uşaq vaxtı idmana gedərkən elə olub ki, Yasamaldan Gəncliyə pulsuz gəlmişəm. Metroyla getməyə də pulum olmayıb. Amma məşqimdən qalmamışam. Bu gün tələbələrimə də deyirəm, məşqdən qalmayın, nəyə ehtiyac olsa, gəlin sakitcə mənə deyin. İndi şükürlər olsun, hər şey normaldır. Amma hansısa bir obyektdən, ya da biznesdən gəlirim yoxdur.

- Öz zalınız var?

- Təəssüf ki, yoxdur. Amma öz zalımı açmağı çox istəyirəm. Kirayə iki yer götürmüşəm. Gəlmək istəyənlər çoxdur. Amma məkan uzaq olur deyə, bəzən çətinlik yaranır. Ona görə də iki zal götürmüşəm. Biri "Nəsimi" metrosu tərəfdə, digəri “İnşaatçılar” metrosu tərəfdədir. Məsələn, Ədmədlidə, Nərimanovda yaşayanları "Nəsimi"dəki, Xırdalanda yaşayanı “İnşaatçılar”dakı zala dəvət edirəm.

- Gənclərimizə nə məsləhət verərdin?

- Həmişə tələbələrimə başa salıram ki, siz gələcəyin əsgərlərisiz, bizim 20 faiz torpaqlarımız işğal altındadır. Hər an hazır olmalıyıq ki, o torpaqları geri qaytaraq. Ölkəni, vətənini tanıtdırmağı düşünməlisən. Bütün dünyaya göstərməlisən ki, belə bir ölkə var, belə bir idmançılar var. Döyüşə hazır olmalıdırlar. Bizə hər zaman hörmətli cənab prezidentimiz İlham Əliyev dəstək olub. Qeyd edim ki, Kikboksinq federasiyasının prezidenti Adil Əliyev də həmişə bizə diqqət və qayğı göstərir. Bu gün federasiyamızda bu idmanla məşğul olmaq üçün hər cür şərait var. Tək kikboksinq yox, ümumilikdə idmanımız inkişaf edir. İdmanla ürəkdən məşğul olmaq istəyənlərin də yolu həmişə açıq olur, bunu tələbələrimə daim deyirəm.

Aygün İlqarqızı, Pərviz Hikmət

FOTOLAR: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR