• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Komediya - Bu dəfə Zaqatalada?

  • İdman
  • 30 Aprel 2015 13:19
  • 409 Baxış
Komediya - Bu dəfə Zaqatalada?

Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları mayın 1-də start götürəcək.

Uzun müddətdən sonra Peşəkar Futbol Liqası risk etmək qərarına gəlib. Belə ki, çempionatın oyunları iki gün ərzində keçiriləcək. İki qarşılaşma mayın 1-də, ikisi də mayın 2-də baş tutacaq. Buna qədər çempionatın oyunlarını az qala eyni günə və eyni saata salan PFL-in belə riskə getməsi təəccüb doğurmaya bilməz. Bizdən azarkeşlərə xəbərdarlıq: stadiona gedərkən ehtiyatlı olun, bu riskin düşər-düşməzi ola bilər.

Publika.az 32-ci turun afişasını təqdim edir.

Ola bilsin ki, sağlam rəqabət olsun

32-ci tura komediya ilə start veriləcək. Təbii ki, komediyanı Azərbaycan futbolunun “qardaşlar”ı - “İnter”lə “Simurq” oynayacaq. Bu dəfə Zaqatalada. Yanvardan bəri maliyyə problemləri ilə üzləşən “qardaşlar”ın mübarizəsi necə yekunlaşacaq? Söz-söhbətlərə inansaq, “İnter”in qalib ayrılacağını iddia etməliyik. Arqument də var: “Böyük qardaş” - “İnter” hələ də çempionluq şansını qoruyur. “Simurq”un isə heç bir iddiası qalmayıb. Amma başqa bir məqam da qeyd edilməlidir: Onsuz da “Qarabağ”ın çempion olacağını “İnter” rəhbərliyi də bilir. “Köhlən atlar” oyun komponentlərinə görə bütün komandaları üstələyir. Belə olan təqdirdə, Zaqatalada daha bir komediya oynayıb, əlavə tənqidlərə rəvac verməyə ehtiyac varmı? Ola bilsin ki, “Qardaşlar”ın sahibi sağlam düşüncəni əsas götürüb, sağlam mübarizəyə razılıq versin. Ola bilsin...

“Simurq” son 6 qarşılaşmada rəqibinə qalib gəlməyib. Bakılılar səfərdəki görüşlərdə ardıcıl 3 matçdır xal qazanır. Zaqatala klubu evdəki 11 matçda 2 qələbə qazanıb.

Simurq – İnter: 23 oyun, 3 qələbə, 4 heç-heçə, 16 məğlubiyyət, top fərqi – 13:35.

Onlara bundan başqa nə lazımdır?

Turun ilk günündə keçiriləcək digər qarşılaşmadan da güzəştsiz mübarizə gözləməyə dəyməz. Səbəb də bəllidir: “Sumqayıt” “Neftçi”ni qəbul edəcək. Bu qarşılaşmanın taleyini meydandakı mübarizə yox, baş katibin göstərişinin həll edəcəyi deyilir. “Sumqayıt” uzun müddətdən sonra ötən tur qələbə qazana bildi. Onlara bundan başqa nə lazımdır? Heç nə. Amma “Neftçi”yə lazımdır. “Qəbələ” turnir cədvəlində “Neftçi”ni haqlayıb. Bürünc medal da əldən getsə, “Neftçi”nin yeni rəhbərliyi tənqidlərlə üz-üzə qalacaq. Baş katib isə bunu istəməz. Nöşün ki, yeni rəhbərlik onun təşəbbüsü ilə “Ağ-qaralar”ın düşərgəsində görünüb. İndi “Sumqayıt” da, “Neftçi”də AFFA-nın divarları arasından idarə olunur. AFFA-dan isə “Sumqayıt” məğlub olmalıdır” göstərişinin veriləcəyinə kimsə şübhə edir?

Cari mövsümdə hər 3 oyunda qalib gələn “Neftçi” 4 oyundur meydanı qolsuz tərk etmir. Paytaxtdakı son iki oyunda komandaların heç biri qapısını toxunulmaz saxlaya bilməyib.

Neftçi – Sumqayıt: 11 oyun, 7 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 25:12.

Bu oyunun çəkisi çox ağırdır

Turun mərkəzi qarşılaşması mayın 2-də Qəbələdə keçiriləcək. “Qəbələ” “Qarabağ”ı qəbul edəcək. “Köhlən atlar”ı çətin sınaq gözlədiyini iddia edə bilərik. Bu qarşılaşmada qazanılacaq qələbə Ağdam klubu üçün çempionluğu təmin etməyə bərabər olacaq. Amma “Qəbələ”nin də öz hədəfi var. Roman Qriqorçukun komandası artıq bürünc medala əsas namizədlərdən biridir. “Qəbələ” ardıcıl 8 qələbə sayəsində bu pilləyə yüksəlib. Üstəlik, bu qələbə seriyasında “Qarabağ” üzərində Bakıda qazanılan qalibiyyət də var. “Köhlən atlar”ı iki dəfə dalbadal məğlub etmək hər komandanın işi deyil. Bəs “Qəbələ”nin qalibiyyət yürüşünü dayandırmaq necə, hər komandanın işidir? Bu komponentləri nəzərə alsaq, Qəbələdə möhəşəm qarşılaşmanın olacağını iddia edə bilərik. Yox, oyun planında baxımlılığa zəmanət vermirik. Hər iki komandanın ehtiyatlı davranacağı şəksizdir. Ancaq prinsipiallıq baxımından bu oyunun çəkisi çox ağırdır.

Əyalət klubları 9 oyundur heç-heçə etmir. Son iki qarşılaşmada “Qəbələ” qalib gəlib. “Qarabağ” son 5 səfər oyununda qol sevinci yaşayıb.

Qəbələ – Qarabağ: 27 oyun, 7 qələbə, 7 heç-heçə, 13 məğlubiyyət, top fərqi – 24:36.

Buna da şükür edək

Turun daha bir qarşılaşmasında iddiasızlar - “Bakı” ilə “Xəzər Lənkəran” üz-üzə gələcək. Bu qarşılaşmaya yalnız bir məqam - hər iki komandanın heyətində olan gənclərin özlərini bir-birinə göstərmək istəyi cəlbedicilik gətirə bilər. Başqa hansı məqam bu oyuna rəng qata bilər ki? Hələ bir məqam tapırıqsa, buna da şükür edək. Lənkəranda baş tutan oyunda cənublu gənclər qalib gəlmişdi. Yəqin ki, “Bakı”nın pulsuz cavanları qisas almaq istəyəcək.

Qalib gələn komanda rəqibi üzərində yubiley - 10-cu qələbəsini qazanacaq. “Xəzər Lənkəran” 4 oyundur rəqibinə uduzmur. Amma bakılılar da son 9 ev oyunundan xalsız ayrılmayıb. Cənubluların son səfər qələbəsi təxminən 5,5 il əvvələ təsadüf edib.

Bakı – Xəzər Lənkəran: 31 oyun, 9 qələbə, 13 heç-heçə, 9 məğlubiyyət, top fərqi – 30:34.

Natiq

Azərbaycan Premyer Liqası, 32-ci tur

1 may

17:00 Simurq – İnter

Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, İnqilab Məmmədov.

Zaqatala şəhər stadionu

20:00 Neftçi – Sumqayıt

Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Kamran Bayramov, Ramil Əhmədov

“Bakcell Arena”

2 may

17:00 Bakı – Xəzər Lənkəran

Hakimlər: Ömər Paşayev, Elman Musayev, İsgəndər Əliyev, Ramil Diniyev

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

19:00 Qəbələ – Qarabağ

Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Zeynal Zeynalov, Vüsal Əliyev

Qəbələ şəhər stadionu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR