• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ovuc içində olan qızılı Lənkərandan gətirə biləcəklər?

  • İdman
  • 7 May 2015 12:49
  • 363 Baxış
Ovuc içində olan qızılı Lənkərandan gətirə biləcəklər?

Azərbaycan Premyer Liqasında 33-cü turun oyunlarına mayın 8-də start veriləcək. Turun oyunları iki gün ərzində keçiriləcək. Üç qarşılaşma mayın 8-də baş tutacaqsa, heç bir əhəmiyyət kəsb etməyən bir oyun isə mayın 9-da keçiriləcək.

Publika.az 33-cü turun afişasını təqdim edir.

“Ağ-yaşıllar”ın motivasiya hissi tükənib?

Əslində Azərbaycan Premyer Liqasında bütün məsələlərə demək olar ki, aydınlıq gəlib. Qalır formallığı aradan qaldırmaq ki, o da bu tur həllini tapa bilər. Ötən tur Qəbələdə xal itirən lider “Qarabağ” növbəti dəfə belə aqibətlə üzləşmək istəməz yəqin. “Köhlən atlar” Qəbələdən Lənkərana gedəcəklər. “Xəzər Lənkəran”ın gəncləri bəzi oyunlarda adlarından söz etdirsələr də, son turlarda yaxşı təsir bağışlamırlar. “Bakı” ilə oyundan sonra bunu cənubluların baş məşqçisi Elbrus Məmmədov da etiraf etdi. Görünür, “Ağ-yaşıllar”ın motivasiya hissi tamam tükənib. Düzdü, futbolçular liderlə oyuna köklənmək üçün müəyyən səbəblər tapa bilərlər. Amma ustalıq səviyyəsindəki fərq aşkardır. “Qarabağ” ovcunun içində olan çempionluğu rəsmiləşdirmək üçün bu oyunda mütləq qələbə qazanmağa borcludur. Əks təqdirdə, “İnter” “Köhlən atlar”a yaxınlaşa bilər. Unutmayaq ki, qarşıda “İnter” - “Qarabağ” oyunu var. 35-ci turda keçiriləcək bu qarşılaşmanı “qızıl oyun”a çevirmək Qurban Qurbanovun nəyinə lazım?

“Qarabağ” son 3 oyunda minimal hesabla qalib gəlib. Ağdamlılar son 4 görüşdə meydanı qolsuz tərk etməyib. Rəqiblər artıq 11 oyundur heç-heçə etmir. “Xəzər Lənkəran” son 2 ev oyununda 2 qol vurub.

Xəzər Lənkəran – Qarabağ: 31 oyun, 12 qələbə, 4 heç-heçə, 15 məğlubiyyət, top fərqi – 36:35.

“Neftçi”nin “İnter”ə qalib gəlməsi mümkünsüzdür?

“Qarabağ” Lənkəranda büdrəyəcəyi təqdirdə, “İnter”in liderə yaxınlaşmaq şansı yetərincədir. Niyə? Ona görə ki, rəqib “Neftçi”dir. Oyun keyfiyyəti tamamilə fiaskoya uğrayan, meydana nəyə görə çıxdığı bəlli olmayan “Neftçi”. Düzdür, “İnter”də də problemlər yetərincədir. Komanda maliyyə böhranında boğulur, futbolçular müəmma içindədir. Amma bu futbolçular meydana çıxanda o problemləri yaddan çıxarırlar. Elə ona görə də, hələ “Qarabağ”ı təqib edirlər. Oyun keyfiyyətini tamamilə itirən “Neftçi”nin “İnter”ə qalib gəlməsi mümkünsüz görünür. Bu oyunda itiriləcək xallar “Ağ-qaralar”ı 3-cü pillədən də aşağı yuvarlada bilər. Bu dəfə birdəfəlik - mövsümün sonuna qədər.

“Neftçi” əvvəlki oyunlarda böyük üstünlüyə malik olsa da, son 6 qarşılaşmada qalib gəlməyib. “İnter” son 3 ev oyununda qalib gəlib. Lakin son 5 ildə səfərdə uduzduğu qarşılaşmalarda da qol sevinci yaşayan “Neftçi” 10 matçda meydanı qolsuz tərk etməyib.

İnter – Neftçi: 42 oyun, 10 qələbə, 13 heç-heçə, 19 məğlubiyyət, top fərqi – 40:61.

Bu amil onlara inam bəxş edəcək

Təbii ki, “İnter”- “Neftçi” qarşılaşmasının nəticəsi “Qəbələ” üçün çox önəmlidir. Bu oyunda “Ağ-qaralar” xal itirsə, Roman Qriqorçukun komandası “bürünc pillə”yə yüksələcək. “Neftçi”nin xal itirəcəyi realdır. Elə “Qəbələ”nin də qələbə qazanacağı. Qalır autsayder “Sumqayıt”la oyunda məsuliyyət hissini əldən verməmək. Qriqorçukun yetirmələri əldə etdikləri yüksəlişi mövsümün sonuna qədər qorumağa borcludurlar. Bu amil həm də onlara avrokuboklar ərəfəsində inam bəxş edəcək. “Qarabağ”la qarşılaşmada sərgilənən oyun “Sumqayıt”ı məğlub etmək üçün yetərlidir. Özü də asanlıqla.

Sumqayıtlılarla qarşılaşmalarda böyük üstünlüyə malik olan “Qəbələ” əvvəlki oyunların hamısında qol vurmağı bacarıb. “Gənclik şəhəri” təmsilçisi indiyədək son 6 matçda 1 xal qazanıb.

Sumqayıt - Qəbələ: 11 oyun, 1 qələbə, 1 heç-heçə, 9 məğlubiyyət, top fərqi – 8:25.

“Bakı” və Novruzov üçün kiçik təsəlli

Turun son qarşılaşması mayın 9-da Biləcəridə baş tutacaq. Bu oyunun komandalar üçün heç bir əhəmiyyəti yoxdur. Olsa-olsa, bu qarşılaşma “Bakı”nın hücumçusu Nurlan Novruzov üçün əhəmiyyətli ola bilər. Novruzov bombardirlər siyahısına başçılıq edir. O, zəif AZAL-la oyunda da fərqlənsə, böyük ehtimalla, izləyiciləri üçün əlçatmaz olacaq. Çempionatın bombardiri olmaq həm “Bakı”, həm də Nurlan Novruzov üçün kiçik təsəlli olardı. Komanda elitanı tərk edir, hücumçusu isə çempionatın bombardiri olur. Bu da Azərbaycan çempionatının özəlliyi. Analoqu olmayan özəlliyi.

26-cı paytaxt derbisi öncəsi komandalar eyni sayda qələbə qazansa da, AZAL top fərqində üstünlüyə malikdir. “Bakı” son 2 qarşılaşmada məğlub olub. Lakin paytaxtın eyniadlı təmsilçisi son 4 ev oyununda meydanı qolsuz tərk etməyib.

Bakı – AZAL: 25 oyun, 10 qələbə, 5 heç-heçə, 10 məğlubiyyət, top fərqi – 23:24.

Natiq

Topaz Premyer Liqası, 33-cü tur

8 may

18:00 Xəzər Lənkəran – Qarabağ

"Xəzər Lənkəran" mərkəzi stadionu

18:00 Sumqayıt – Qəbələ

"Kapital Bank Arena"

20:00 İnter – Neftçi

“İnter Arena”

9 may

17:00 Bakı – AZAL

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR