Yayın ən təmiz, standartlara cavab verən çimərliyindən FOTOREPORTAJ
Bizi izləyin

İdman

Yayın ən təmiz, standartlara cavab verən çimərliyindən FOTOREPORTAJ

Bakı 2015 I Avropa Oyunlarının yarışlarının keçiriləcəyi məkanlardan biri də Bilgəh Çimərliyi idman obyektidir. Bu obyekt Bakıdan avtomobillə 30 dəqiqəlik məsafədə, Zaqulba şosesinin yaxınlığında yerləşir. Avropa oyunları zamanı burada triatlon və şose velosipedi üzrə zamana qarşı fərdi yarış keçiriləcək.

Avropanın 36 ölkəsinin idmançıları triatlon yarışlarında iştirak edəcək. 3 mərhələdən ibarət olan triatlon yarışının birinci hissəsində iştirakçılar suda qüvvəsini sınayacaq. İlk olaraq triatlonçular 1.5 km məsafə üzməli olacaqlar.

Suda üzdükdən sonra yarışçılar velosipedlə hərəkət edəcəklər. 14 km məsafəni ikitəkərli nəqliyyatla qət edəcək iştirakçılar ən sonda ayaqlarını işə salmalı olacaqlar. İdmançılar 3-cü mərhələdə 10 km məsafəni qaçaraq başa vuracaqlar.

Triatlon yarışları iyunun 13-14-də, şose velosipedi idmanı üzrə zamana qarşı fərdi yarışlar isə iyunun 18-də baş tutacaq.

Bilgəh çimərliyinin yarışların keçiriləcəyi hissəsində hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Burada dənizdə və sahil hissədə bütün işlər yüksək səviyyədə həyata keçirilir. Ərazidə tamaşaçılar və media nümayəndələrinin fəaliyyəti üçün oturacaqlar quraşdırılıb.

Ödənişsiz “ekspress” avtobuslar

Əsil yay ab-havasını özündə daşıyan çimərlik idman obyekti ilə bağlı “Bakı-2015” I Avropa Oyunlarının Bilgəh çimərliyi idman meydançasının əməliyyatlar üzrə baş meneceri Ayxan Məmmədov məlumat verdi:

“İdman meydançası 500 azarkeş tutumuna malikdir. Buraya metronun “Koroğlu” stansiyasından “Ekspress” avtobuslar pulsuz fəaliyyət göstərəcək. Jurnalistlərin yüksək səviyyədə işləməsi üçün də lazımi şərait yaradılıb. Ərazidə media tribunalar quraşdırılıb. Media nümayəndələri və yayım mərkəzi üçün sürətli internet təmin olunacaq. Hazırda çimərlik təmizlənir. Beynəlxalq standartlara uyğun olaraq su lazım olan keyfiyyətə çatdırılır. İşlər yekunlaşmaq üzrədir.

Yarış məsafəsi böyük olduğundan tamaşaçıların izləməsi üçün monitor da quraşdırılacaq. Bundan başqa, yarışları izləyənlər xüsusi ayrılmış yerlərdən ödənişli içkilər və yüngül yeməklər əldə edə biləcəklər”.

“İdman obyekti yarışları qəbul etməyə hazırdır”

Bakı 2015 I Avropa Oyunlarının triatlon idman növünün baş meneceri Lukas Matis son tamamlama işləri ilə bağlı daha dərin məlumat verdi:

“Bilirsiniz ki, idmançılar 1500 metr məsafəni üzərək, 40 kilometrlik məsafəni velosipedlə, 10 kilometr məsafəni isə qaçaraq qət edəcəklər. Atletlərin çoxu iyunun 8-9-da gələcəklər. Onlar Atletlər kəndində yerləşdiriləcəklər. İyunun 13-də qadınlar, 14-də isə kişilər yarışacaqlar. 60 qadın və 60 kişi triatlonçu olacaq.

Deyə bilərik ki, idman obyekti yarışları qəbul etməyə hazırdır. Oyunlara 2 həftə vaxt qalıb. Sona yaxınlaşdıqca işlər daha da gərginləşir. Lakin buna baxmayaraq, yaxın bir neçə gündə çimərlik obyekti yarışlar üçün tam hazır vəziyyətə gətiriləcək. İndi çimərlikdə qum və suyun daşlardan təmizlənməsi prosesi də baş çatmaq üzrədir.

İdman obyektinin ətrafında olan özəl istirahət mərkəzləri, otellər fəaliyyətlərini davam etdirəcək.

Tamaşaçıların yerlərini dəyişmələri üçün keçid

Çimərlik ərazisində avtomobilləri saxlamaq üçün dayanacaq da ayrılıb.

Yarış zolağının üstündə tamaşaçıların yerlərini dəyişmələri üçün keçid quraşdırılıb. Üstəlik, təşkilatçılar əlil insanları da yaddan çıxarmayıblar. Onlar üçün xüsusi yerlər ayrılacaq və digərlərindən fərqli olaraq bu qrupa daxil olanlar keçiddən deyil, elə yarış gedən ərazidə yerlərini dəyişə biləcəklər”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm