Onları Avropaya qətlə yetirməyə göndəririk?
Bizi izləyin

İdman

Onları Avropaya qətlə yetirməyə göndəririk?

Azərbaycanda futbol mövsümü Qəbələdə keçirilən Azərbaycan kubokunun final qarşılaşması ilə yekunlaşdı. Bu qarşılaşma bitincə, ölkənin futbol ictimaiyyətinin diqqəti avrokuboklara yönəldi. Komandalarımızın növbəti Avropa səfəri nə vəd edir? Ötən il “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində qazandığı uğurdan sonra iddialar böyüyüb. İndi ictimaiyyət daha böyük uğurlar tələb edir. Buna nail olmaq mümkündürmü? Futbol təsərrüfatımızda baş verən son hadisələr nikbin olmaq üçün heç bir şans vermir.

“Neftçi” ən zəif rəqibə də qalib gəlmək iqtidarında deyil

Azərbaycan klubları Avropadan yenə də biabırçı nəticələrlə qayıda bilərlər. Komandaların hazırkı durumu, maliyyə vəziyyətləri bunu iddia etməyə əsas verir. Azərbaycan kubokunun finalında “Neftçi”nin durumu ürək dağlayırdı. “Ağ-qaralar” hətta həvəskar komanda səviyyəsindən də aşağı təsir bağışlayırdı. Oyun keyfiyyətinin, məşqçi işinin olmaması bir tərəfə, futbolçuların fərdi keyfiyyətləri də olduqca aşağı səviyyədədir. Final oyunundan sonra rəhbərlik məşqçilər korpusunu istefaya göndərdi. Bu addım nəyi dəyişəcək? Yeni gələn baş məşqçi “Neftçi”nin keyfiyyət əmsalını yüksəldə biləcəkmi? Topu ram edərkən uşaq səhvlərinə yol verən bu futbolçuları hansı keyfiyyət dərəcəsinə qaldırmaq olar? Komandaya cəlb olunmuş gəncləri demirik, hətta uzun müddətdir “Ağ-qaralar”ın heyətində top qovanlar da üstün fərdi keyfiyyətlərini tamamilə itiriblər. “Neftçi”nin tam yenilənməsinə ehtiyac var. Təbii ki, belə şəraitdə komandadan avrokubok qarşılaşmasında uğur gözləmək yersizdir. “Ağ-qaralar” elə ilk mərhələdəcə mübarizəni dayandıra bilər. Bu vəziyyətdə olan “Neftçi” ən zəif rəqibə də qalib gəlmək iqtidarında deyil. Rəhbərliyin səbatsızlığı komanda ruhunu tamamilə məhv edib. “Neftçi”nin futbolçuları komandadan qovulacaqları günü gözləyirlər. Onlar avrokuboklar hayında deyillər.

Olmayan komandanı hara göndərirlər?

Bu il avrokuboklarda Azərbaycana daha bir biabırçılığı “İnter” “hədiyyə” edəcək. Buna yəqin ki, kimsə şübhə etmir. Əsas dərd odur ki, hər kəs biabırçılığın olacağını bildiyi halda, buna müdaxilə də edə bilmir. “İnter”in avrokuboklardan imtina etməsini, onu başqa komandanın əvəzləm’si təklifini irəli sürənlər də var. Hansı komanda əvəzləsin “İnter”i? AZAL? Astarı üzündən betər əvəzləmə olar ki bu. Guya AZAL-da durum yaxşıdır? Əsas heyətin bir neçə üzvü komandanı tərk edib. Bir sözlə, Azərbaycanı Avropada təmsil etmək üçün klub tapılmır. Məcburiyyətdən Avropaya hazırda həvəskar komanda səviyyəsindən də aşağı olanlar gedəcək. Və Azərbaycan futbolunun tarixinə daha bir qara səhifə yazılacaq? “İnter” yoxdu, yoxdu, yoxdu! Olmayan komandanı hara göndərirlər? Heyəti formalaşdırmaq üçün əvəzedicilərdən cəlb olunan uşaqların əli ilə Azərbaycanı biabır etməyə? O uşaqları ictimaiyyətə söydürməyə? Onların yeni başlayan karyeralarına ləkə salmağa? Onları elə ilk andaca qətlə yetirməyə?

Etiraf etməliyik - “Qarabağ” ötənilki komanda deyil

İctimaiyyət az-çox “Qarabağ” və “Qəbələ”dən nəsə gözləyir. Roman Qriqorçuk “Qəbələ”yə komanda ruhu aşılaya bildi. Amma bunun davamını avrokuboklarda gətirmək lazımdır. Yalnız Avropada qazanılan uğur Qriqorçukun obrazına “uğurlu” görkəmini bəxş edə bilər. Sözsüz, Avropa Liqası Azərbaycan çempionatı deyil. Üstəlik, “Qəbələ”nin elə ilk mərhələdə ciddi rəqiblə qarşılaşacağı gözlənilir. Deməli, heyət gücləndirilməli, komandanın oyun fəlsəfəsinə uyğun gələn futbolçular transfer edilməlidir.

Avrokuboklar zamanı ən çox təzyiq “Qarabağ”ın üzərində olacaq. İctimaiyyət “Köhlən atlar”dan ən azı ötənilki uğurun təkrarını gözləyir. Ancaq fərqinə varmasaq da, etiraf etməliyik ki, “Qarabağ” ötənilki komanda deyil. “Köhlən atlar” indi daha zəif təsir bağışlayır. Amma “Qarabağ”ın zəifləməsinin günahkarı özləri deyil. Çempionatımızda intriqanın olmaması, digər komandaların həddindən artıq zəif olması rəqabətsizlik mühiti yaratdı. Rəqabət olmayan yerdə isə motivasiya və inkişaf ola bilməz. “Qarabağ”ı inkişafdan futbol təsərrüfatındakı rəqabətsizlik saxladı. İndi ümid qalır Qurban Qurbanovun bacarığına. Məhz o, Çempionlar Liqasının startına qədər yeni futbolçular transfer etməli, onların komandaya uyğunlaşmasına şərait yaratmalı və komandanın ən yüksək səviyyədə hazırlaşmasını təmin etməlidir. Belədir də. Azərbaycan futbolunun bütün yükünü təkcə o - Qurban Qurbanov çəkməlidir. İctimaiyyət gözünü yenə də “Qarabağ”a dikib axı. Azərbaycan futbolunu bu mövsüm biabırçılıqdan yalnız və yalnız “Qarabağ”, qismən də “Qəbələ” xilas etmək iqtidarındadır. Başqa heç nə və heç kim...

Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm