Dünya futbolunun ağ yalanları - Həmyerlilərimizi necə aldatdılar?
Bizi izləyin

İdman

Dünya futbolunun ağ yalanları - Həmyerlilərimizi necə aldatdılar?

2014-cü ilin yay ayları. Hamı Braziliyada təşkil edilən dünya çempionatının təsirindən çıxmamış bəzilərini güldürən, bəzilərini isə heyrətləndirən bir xəbər yayıldı. Belə ki, Braziliyada 4-cü çempionluğunu qazanmış Almaniya hələ qələbənin sevincini yaşayıb qurtarmamış, KXDR mətbuatında bu ölkənin millisinin qalib gəldiyi barədə xəbər yayıldı. Hansı ki, möhkəm diktaturanın hökm sürdüyü ölkə nəinki dünya çempionu olmuş, hətta Braziliyadakı mundiala qatılmamışdı belə.

Əslində isə hər şey tam başqa cür olmuşdu. Dünya futbol tarixində həm böyük kütlənin əsəblərini tarıma çəkən, həm insan həyatı qurtaran, həm də gülüşə səbəb olan bir neçə hadisə baş verib.

Publika.az onlardan bəzilərini sizə təqdim edir.

Kim kimi aldatdı?

İlk öncə başlayaq elə yuxarıda bəhs etdiyimiz Şimali Koreyanın Braziliyadakı "çempionluğ"undan. Əslində bu xəbər yayılanda insanlar ona inanıb-inanmamaq barədə çox fikirləşmədilər. Çünki KXDR və onun diktator rəhbəri Kim Yonq barədə son illərdə o qədər qeyri-adi xəbərlər yayılmışdı ki, dünya əhalisi bu xəbəri də gülüşlə həzm etdi. Əslində hər şey necə başladı?

Dünya çempionatının sonlarında sosial mediada Şimali Koreya telekanalında bu ölkənin milli komandasının Braziliyada çempion olmasıyla bağlı xəbər yayıldı. Bu xəbər ilk dəfə "tvitter" sosial şəbəkəsində paylaşıldı. Videoda KXDR telekanalının aparıcısı danışır, onunla paralel göstərilən videosüjetdə isə bu millinin matçlarından epizodlar göstərilir. Aparıcı isə KXDR millisinin Braziliyadakı mundialda rəqib tanımadığını, yaponları və portuqalları 7:0, ABŞ-ı 4:0, Cənubi Koreyanı 3:0, Çini 2:0, Almaniyanı isə 2:1 hesabıyla məğlub etdiyini deyir. Finalda isə koreyalılar Braziliya millisini 8:1 hesabıyla məğlub edərək "çempion" olur. Bu xəbər dünya mətbuatında geniş müzakirə olunmaqla istehza obyekti oldu. Tezliklə əslində aldadılanın Şimali Koreya yox, dünya əhalisinin olduğu üzə çıxdı. Belə ki, xəbərin yayıldığı "tvitter" sosial şəbəkəsi Şimali Koreyada ümumiyyətlə istifadə edilmir. Buna uyğun olaraq da, xəbəri yayan "tvitter" hesabının feyk profil (saxta profil) olduğu aydınlaşdı. Aparıcının Çin ləhcəsiylə danışması və səsin onun danışığıyla tam uyğun gəlməməsi də əsas şübhə yaradan məqamlar idi. Çox keçmədi ki, video roliki yayan şəxs bunun doğrudan yalan olduğunu, bu videonu yaradarkən bunun bu qədər ciddi qəbul ediləcəyini gözləmədiyini dedi.

Hakimin xeyirxah yalanı

Kolumbiyada da azarkeşləri aldadıblar. Ancaq bu, şəxsi maraqlara görə yox, məhz həmin azarkeşləri qorumaq məqsədi daşıyıb. Belə ki, Kolumbiyanın 20 yaşadək komandalarının iştirak etdiyi çempionatda, "Union Maqdalena" - "Deportivo" matçında oyunun sonlarına yaxın hesab 0:0 idi. Bu vaxt meydan sahiblərinin azarkeşləri əsəbləşməyə başlayır. Oyunun baş hakimi matçın sonunda baş verə biləcək iğtişaşları nəzərə alaraq meydandaca plan qurur. O, hər komandanın kapitanını yanına çağıraraq meydandaca "teatr" təşkil edir. Oyunun sonlarında meydan sahibləri fərqlənir və onların azarkeşlərinin arzuladığı qələbə qazanılır. Bununla da, azarkeşlər heç bir iğtişaş törətmədən evlərinə dağılışır. Ancaq onlar səhər qəzetlərdən matçın 0:0 başa çatdığını öyrənirlər. Bəs bu necə olmuşdu?

Sadəcə, matçın baş hakimi oyun bitdiyi zaman azarkeşlərin hesabdan narazı qaldığını və final fitindən dərhal sonra güclü iğtişaşlar yaradacağını öncədən sezir. O, hər iki komandaların kapitanını yanına çağıraraq, iğtişaş yaranmaması üçün "teatr" təşkil etməyi təklif edir. Təbii ki, hər iki komandanın kapitanı buna razılaşır. Artıq bitmiş oyun davam edir, və meydan sahibləri onlara lazım olan "qol"u vurur. Oyunun protokoluna isə matçın əsl hesabı - 0:0 qeyd edilir. Azarkeşlər oyundan bir gün sonra əsl hesabla qarşılaşdıqlarında nə qədər heyrətlənsə də, artıq iş-işdən keçdiyindən heç bir iğtişaş baş vermir. Kolumbiya Futbol Federasiyası isə oyunun baş hakiminin etdiyi hərəkəti dəstəkləyir.

İranda həmyerlilərimizə necə kələk gəldilər?

Kolumbiyadakına bənzər hadisə cəmi bir ay öncə qonşu İranda da yaşandı. Özü də, Təbrizin "Traktorsazi" klubuna qarşı. Ancaq İrandakı hadisə iğtişaşı sakitləşdirməkdən çox, qalmaqal yaratdı.

Belə ki, hadisə İran çempionatının son turunun Təbrizdə baş tutan "Traktorsazi" - "Neft Tehran" klublarının oyununda (3:3) qeydə alındı. Bu matç İran çempionatında çempionluğun taleyini həll edən matç idi. Belə ki, son tur ərəfəsində təbrizlilər və Tehran klubunun 57 xalı vardı. "Traktorsazi" və "Neft Tehran"ı isə 56 xalla "Sepahan" izləyirdi. Təbrizlilərlə tehranlılardan qalib gələn "Sepahan"ın son oyununun nəticəsindən asılı olmayaraq, çempionluğunu bayram edəcəkdi. Təbriz klubunun matçın gedişində 3:1 hesabıyla önə keçməsi onları tarixindəki ilk çempionluğa bir xeyli yaxınlaşdırmışdı. Ancaq hakimin "Traktorsazi"nin futbolçusuna qırmızı vərəqə göstərməsindən sonra azlıqda qalan təbrizlilər 2 qol buraxaraq, üstünlüklərini əldən verirlər. Paralel keçən oyunda isə "Sepahan" "Saypa"nı 2:0 hesabıyla məğlub edir. Oyunlar belə nəticələnəcəyi halda "Sepahan" çempionluğunu rəsmiləşdirəcəkdi. Oyunlar davam edir, çempion olmaq üçün mütləq qələbəyə ehtiyacı olan ("Sepahan" xal itirəcəyi halda təbrzililərə heç-heçə də sərf edirdi) "Traktorsazi" qol vurmağa cəhd etmir, daha çox müdafiənin qayğısına qalırdı. Və hakimin final fiti səslənir. Oyunu TV-dən izləyənlər heyrət içərisində qalır. Belə ki, final fitiylə Təbriz klubunun futbolçularıyla yanaşı, tribunalardakı azarkeşlər də meydançaya axışaraq dəlicəsinə sevinirlər. Təbrizlilərin dəlicəsinə sevinməsinin səbəbi tezliklə aydınlaşır. Belə ki, oyunun son 10-15 dəqiqəsində Təbriz stadionundakı diktor paralel keçən oyunun bərabərliklə nəticələndiyini elan edir. Belə olan halda "Naft Tehran"la oyunda heç-heçəylə də çempion olacaq "qırmızı qurdlar" hesabı qoruyub saxlamağa çalışır ki, bunu da bacarır. Ancaq final fitindən bir neçə dəqiqə sonra aldadıldığını başa düşən azarkeşlər özlərindən çıxırlar. Bir çox insan yaralanır və xəstəxanalara yerləşdirilir.

Bir sözlə, Təbriz klubunun qarşısı süni yolla kəsilərək ilk çempionluğa qovuşması əngəllənir. Maraqlı odur ki, azarkeşlərin diktorun dediklərinə inanmasına səbəb, həmin vaxt stadionda heç bir mobil telefonun işləməməsi olur. Oyundan sonra yalan məlumatı çatdıran şəxs bunu etməsinə səbəb kimi qarşılaşmadan sonra iğtişaşların yaranmasının qarşısını almaq olduğunu desə də, "Traktorsazi" azarkeşlərinin bir çoxu bunun əsas səbəbinin federasiya mənsublarının Cənubi Azərbaycan klubunun İran çempionu olmasının qarşısını almaq olduğunu düşünür.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm