SOCAR-da xarici neft şirkətləri ilə görüş olub
Bizi izləyin

Ekopublika.az

SOCAR-da xarici neft şirkətləri ilə görüş olub

Oktyabrın 5-də SOCAR-ın Baş ofisində “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi layihəsinin tərəfdaşları - BP, Statoil, Exxon Mobil, Shevron, İtochu, İNPEX, TPAO, ONCL Videsh şirkətlərinin təmsilçiləri ilə SOCAR və SOFAZ rəhbərliyinin görüşü keçirilib.

Publika.az SOCAR-a istinadən xəbər verir ki, “Azəri”, Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsinə dair 1994-cü il sentyabrın 20-də Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri ilə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) tarixə “Əsrin müqaviləsi” kimi əbədilik həkk olunduğu qeyd edilib. Bu hadisənin regional və qlobal əhəmiyyəti vurğulanıb. HPBS üzrə uzunmüddətli əməkdaşlıq məsələlərini müzakirə edən görüş iştirakçıları layihənin indiki və gələcəkdə mümkün inkişafı haqqında ətraflı fikir mübadiləsi aparıblar.

BP və tərəfdaş şirkətlərin nümayəndələri tərəfindən Azərbaycan Respublikasında xarici investisiyaların təşviqi və qorunması üçün sabit şəraitin yaradıldığı yüksək qiymətləndirilib, mövcud əlverişli biznes mühitinin enerji layihələrinin inkişafında mühüm rol oynadığı qeyd edilib. Bildirilib ki, tərəfdaşlar gələcək fəaliyyət planlarında bunu məmnuniyyətlə nəzərə alırlar. Layihənin operatoru olan BP və görüşdə təmsil edilən digər xarici şirkətlərin nümayəndələri SOCAR-la uzunmüddətli əməkdaşlıq təcrübəsinin effektivliyini və onun etibarlı tərəfdaş olduğunu xüsusi vurğulayıblar.

Görüşdə BP və tərəfdaşlarla SOCAR arasında AÇG layihəsinin gələcək inkişafı üzrə uzunmüddətli texniki müzakirələr aparılıb. Müzakirələrin gedişində “Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” yataqlarının hələ də böyük potensiala malik olduğu bildirilib. Aparılmış müzakirələrdə həmçinin yataqlar blokundakı resursların mövcud HPBS müddətindən sonrakı dövrlərdə birgə işlənməsinin effektivliyi məsələsi də araşdırılıb. Görüşdə AÇG yataqları üzrə gələcək işlənməni nəzərdə tutan sazişin mövcud tərəfdaşlarla bağlanılmasının mümkünlüyü qeyd edilib və SOCAR-ın mövcud tərəfdaşlarla yeni saziş bağlamaq niyyəti bəyan olunub. Bu niyyət BP və digər tərəfdaş şirkətlərin təmsilçiləri tərəfindən məmnuniyyətlə qarşılanıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm