• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ərzaq təhlükəsizliyi nədir?

Ərzaq təhlükəsizliyi nədir?

Ərzaq təminatı sahəsində təhlükəsizlik ölkəyə qida məhsullarının idxalının tamamilə dayandırılmasına nail olmaq demək deyil. Bu, absurd fikirdir. O mənada ki, dünyanın heç bir ölkəsi yerli istehsal hesabına özünü ərzaqla 100 % təmin edə bilməz.

İdxalsız keçinmək mümkün olmadığı kimi, xaricdən bu və ya digər növ qida məhsulları gətirmədən daxili bazarı bütün növ yeyinti ilə təmin etmək də əsla, real deyil. Bunun üçün inkişaf etmiş, həmçinin ən çox ərzaq məhsullarının ixracı üzrə ixtisaslaşmış ölkələrin bazarlarına nəzər salmaq kifayətdir. Söhbət, ABŞ, Avropa Birliyinin bəzi, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalı üçün tələb olunan təbii şəraiti və texnoloji imkanları geniş olan ölkələrdən gedir.

Azərbaycan isə bu gün elə növ ərzaq məhsulları idxal edir ki, bunları özümüz də tam istehsal edə bilərik. Ərzaq təhlükəsizliyi əslində məhz, buna xidmət etməlidir. 2004-2013-cü illərdə kənd əhalisinin sayının təqribən 11 % artması fonunda ümumi kənd təsərrüfatı məhsulları istehsalı həcminin 3,3 dəfə artması, bitkiçilikdə əkin sahələrinin 64,2 min hektar genişlənməsi ilə əksər bitki növləri üzrə məhsuldarlıq səviyyəsinin yüksəlməsi, heyvandarlıq məhsulları istehsalının da 2004-cü ildə qeydə alınan 697 milyon manata qarşı 2013-cü ildə 2 milyard 617 milyon manat təşkil edərək ümumi kənd təsərrüfatı məhsulları strukturunda 49,5 %-ə çatması, özümüzü heç də bu və ya digər növ ərzaq ilə tam təmin etdiyimizi göstərmir.

Üstəlik, idxal da artır. Cari ilin yanvar ayında ixrac məhsulları sırasında xam neft və neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər, yağlar, şəkər, kimya sənayesi məhsulları mühüm yer tutmuşdusa, idxalda qida məhsulları üstünlük təşkil edib. Ümumiyyətlə, 2013-cü ilə dair statistikaya əsasən, ötən il yeyinti məhsullarının idxalı 2012-ci illə müqayisədə 7,34 % artaraq ümumi idxalın 11 %-inə yaxınlaşmışdır ki, ümumi idxalın 1/10 hissəsindən çoxunu ərzaq müəyyən etmişdir. 2013-cü ildə ixrac olunan mallarının çeşidi 2 min ədəddən bir az yuxarı təşkil etdiyi halda idxal olunan mallar bir neçə dəfə çox artaraq 6 mini keçmişdir.

Bu isə çeşidin də genişləndiyini göstərir.

Bir sözlə desək, “2008-2015-ci illərdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı”na əsasən, 2015-ci ilə qədər özümüzü kənd təsərrüfatı məhsullarının əsas növləri ilə təmin etməli və istehsalın artığını isə xaricə ixrac etməli olduğumuz halda, əks mənzərə hökm sürür.

Sual yaranır ki, bəs, ərzaq sarıdan təhlükəsizliyi təmin etmək üçün nə lazımdır?

Ərzaq təhlükəsizliyi insanların istənilən vaxt aktiv və sağlam həyat tərzi sürmək üçün kifayət qədər keyfiyyətli qida məhsullarına fiziki və iqtisadi çıxış imkanlarına malik olması deməkdir. Bunun əsas elementlərindən birini isə hər bir vətəndaşın keyfiyyətli qidaya fiziki və iqtisadi çıxış imkanlarının olması ilə yanaşı, ölkənin milli ərzaq sisteminin iqtisadi baxımdan müstəqilliyini - əsas ərzaq malları üzrə ixracdan asılı olmamasını, etibarlılığı, ərzaq sisteminin mövsüm, hava və digər amillərlə bağlı risklərdən qorunması, dayanıqlılığı, milli ərzaq sistemi istehsalının genişləndirilməsi rejimində inkişafını nəzərdə tutur.

Son 10 ildə qeyri-neft ixracının 4,7, meyvə-tərəvəzin emal məhsullarının ixracının 2,5, ixrac olunan qeyri-neft məhsulları çeşidinin 1,7 dəfə, ixrac ölkələrinin sayının isə 20 vahid artdığı deyilir. Real olaraq, ixrac edilən əsas kənd təsərrüfatı və qida məhsullarına meyvə-tərəvəz, şəkər, bitki yağı, spirtli və spirtsiz içkilər daxildir ki, şəkər və ondan hazırlanan məhsullar sarıdan daha çox imkana sahibik.

Bu məhsulların sayını artırmaq üçün isə daxili bazarı rəqabət qabiliyyətli məhsullarla təmin etməyə ehtiyac vardır ki, aqrar sektorda məhsuldarlıq sırf ixraca xidmət edə bilsin. Ona görə ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsulları daxili bazardan xarici analoqlarını sıxışdırıb çıxarmalıdır. Sözümüz bunda deyil.

Yuxarıda inkişaf etmiş və ərzaq məhsullarının ixracı üzrə ixtisaslaşmış ölkələri misal çəkdik. Ümumiyyətlə, götürdükdə isə hətta keçmiş Sovet İttifaqı da idxalsız yaşaya bilmədiyindən bəzi məhsulları kənardan gətirirdi. Birləşmiş Ştatlarda isə bu gün üzərində “Made in China” yazılmış mallar olmadan keçinmək mümkün deyil.

Dünyada bir nömrəli iqtisadi güc sayılan ABŞ-da ərzaq da daxil olmaqla avtomobildən tutmuş, pərakəndə satış şəbəkələrində satılan bütün növ istehlak malları başqa ölkələrə məxsusdur: avtomobillər Yaponiya və Cənubi Koreya istehsalına aiddirsə, geyim və digər qeyri-ərzaq, həmçinin ərzaq malları Çin, Hindistan, Pakistan, Tayvan, İndoneziya, Banqladeş, Latın Amerikası ölkələrinin istehsalıdır. Bir sözlə desək, üzərində “Made in USA” yazılan mallara rast gəlmək mümkün deyil.

Ancaq bir cəhət var ki, bunlar keyfiyyətlidirlər. Bizə idxal olunan məhsullar ilə bunları müqayisə etmək əsla mümkün deyil. Ümumiyyətlə, ABŞ-da satışda olan Çin mallarına baxdıqda, bizdə təklif edilən eyni məhsulların həqiqətən Çin istehsalı olduğuna şübhə edirsən. Bu da ondan irəli gəlir ki, Birləşmiş Ştatlarda yerli istehsal o qədər keyfiyyətli və rəqabətqabiliyyətlidir ki, idxal yalnız bundan ucuz məhsullara hesablanıb.

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasında məqsəd bilavasitə buna yönəldilməlidir. Daxili tələbatı yerli istehsal hesabına 80 % öz istehsalımız hesabına təmin etsək kifayətdir və bu, böyük nəticədir. Ona görə ki, söhbət ərzaqdan getdiyi təqdirdə iqlim şəraiti və digər bu kimi amillər mütləq nəzərə alınmalı və heç bir halda hətta ən zəruri ərzaq məhsulları ilə də olsa belə, özümüzü 100 % daxili istehsalla təmin edə bilməyəcəyimiz qabaqcadan əsas götürülməlidir.

Bunu taxıl sarıdan da sübut etmək çətin deyil. Düz, 5 ildən çoxdur ki, bu sahədə qarşıya konkret və dəqiq məqsəd qoyulsa da ərzaq buğdasının təxminən 20 %-ini Rusiya ilə Qazaxıstandan, Ukraynadan gətiririk.

Odur ki, ərzaq təhlükəsizliyinə nail olmaq üçün məsələn, bu sahədə 100 % nəticəyə deyil, 20 % çatışmayan hissəni dünya bazarlarında ehtiyac duyulan başqa növ məhsulları daxildə istehsal edərək ixrac etməklə əvəz etməyi qarşıya məqsəd qoymaq lazımdır. Və başlıca hədəf dünya bazarlarında mövcud vəziyyətə əsasən seçilməlidir. Söhbət, yalnız taxıl sarıdan olan vəziyyətdən getmir.

Ümumiyyətlə isə, ərzaq təhlükəsizliyi çox geniş anlam kəsb edir...

Pərviz Heydərov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR