• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qısqanclıqdan arvadını zorlayan otellər kralı

Qısqanclıqdan arvadını zorlayan otellər kralı

Dünyada ilk otel şəbəkəsi sayılır. Ulduzla qiymətləndirmə sisteminin əsası da məhz bu oteldə qoyulub. Həmçinin kazinolar da birinci dəfə bu otellərdə peyda olub. Söhbət “Hilton” otel şəbəkəsindən gedir.

Publika.az “Qonağım ol” layihəsi çərçivəsində dünya üzrə brend otellərin kim tərəfindən yaradıldığını, tarixini təqdim edir.

Bir dollara pansionat

“Hilton” Konrad Nikolson Hilton tərəfindən təsis edilib.

Konrad Hilton 1887-ci ilin dekabrın 25-də Nyu-Meksiko ştatında anadan olub. Ailənin səkkizinci övladı olan Konradın anası Mari Almaniyadan, atası Avqust isə Norveçdən miqrasiya etmiş amerikalılardır. Yeri gəlmişkən, Avqust Hilton baqqal dükanı işlədirdi. Ailənin bütün dolanışığını dükan vasitəsiylə təmin edirdi. Lakin 1907-ci ildə yaşanan böhran Avqustun da kiçik biznesini vurur. Mağazanın gəlirləri bir neçə dəfə azalır. Vəziyyət elə kritikləşir ki, hətta ailə ərzağa da qənaət edir, evlərinin bir neçə otağını günlük kirayə verməyə başlayırlar. Bu ideyanın ilk olaraq kimin ağlına gəldiyi bəlli deyil. Lakin yazılanlara görə, Hiltonlar təmiz otaq, nahar və səhər yeməyi üçün qonaqlardan 1 dollar alırlarmış. Yeri gəlmişkən, kiçik ailə pansionatı onlara depressiya illərinə tab gətirməyə imkan verir. Az sonra mağazaları yenidən gəlir gətirir.

Mühəndis təhsili

O, təhsilini atasının istəyinə uyğun seçir və yüksək təhsil alır. Qorno institutunda oxuyan gələcəyin iş adamı ixtisasca mühəndis olsa da, bu sənət onu heç cəlb etmir. Uşaqlıqdan arzusunda olduğu bank idarəçiliyi ilə bağlı fikirlərini reallaşdırmaq istəyir. Lakin birinci dünya müharibəsi bu məsələdə ona mane olur. 1917-ci ildə Konrad könüllü şəkildə orduya gedir. Avropada ikinci dərəcəli leytenant kimi döyüşür. Xidmətdə olduğu bir il müddətində ailədə vəziyyət dəyişir. Belə ki, atası avtoqəza nəticəsində həlak olur. Beləliklə, Konrad müstəqil həyata atılır.

Bank açır, müflis olur

Konrad Hiltonun iş həyatında ilk cəhdi bank açmaq olur. Lakin bankın fəaliyyəti cəmi bir il çəkir və iş uğursuzluqla nəticələnir 1919-cu ildə 31 yaşında Sisko şəhərciyinə köçür. Cibindəki 5 min dollarla bank sektorunda bəxtini bir daha sınamağı qərara alır. Yerli “Mobley” mehmanxanasına yerləşir. Obyektdəki xidmət, işçilərin müştərilərlə mehriban davranışı diqqətini çəkir. Otel biznesi ilə məşğul olmağı qərar verir. Dost-tanışdan daha 15 min dollar borc alıb sahibinin satmaq istədiyi 60 otaqlı “Mobley” mehmanxanasını satın alır. Beləlilklə, Konrad Hilton ilk otelinə sahiblənir. Yatırdığı pulu çıxamaq üçün oteldə yenidənqurma işlərinə başlayan iş adamı əvvəlcə yataq otaqlarının sayını artırır. Vestübüldə bütün sütunların yanına çox da böyük olmayan vitrinlər qoydurur. Orada bəzək-düzək əşyaları, qəzet, jurnal və s. satdırır. Təkcə bu vitrinlər ona ayda 8000 dollar gəlir gətirir. Bir il sonra Hilton, Fort Bort şəhərində növbəti mehmanxananı və daha iki kiçik mehmanxananı alır.1924-cü ildə öz otelini sıfırdan qurmaq üçün Konradın sərəncamında 340 otaq və kifayət qədər pul vardı. Nəhayət, 1925-ci ildə o, Dallasda birinci “Dallas Hilton” otelini açır. Maraqlıdır ki, burada nömrələr “Mobley”dən 1.5-3 dollar daha baha olur.

Müflis olur və hər şeyi yenidən qaytarır

Konradın işləri 1929-cu ilin böhranına qədər yaxşı gedir. Həmin ildə Amerika mehmanxalarının 80 faizi müflisləşir. Biznesini xilas etmək üçün Konrad bankdan kredit götürür. Bununla belə, 8 oteldən üçünü bağlamalı olur. 1930-cu ildə bütün otellərinin aktivlərini girov qoyaraq bankdan 300 min dollar borc götürür. Amma böhran şəraitində otel biznesi gəlirli olmadığından 1931-ci ildə Konrad, “Hilton Hotels” şirkətini itirir. Konradın bəxti onda gətirir ki, bankın sahibləri – Mudi ailəsi otellərlə nə edəcəyini bilmirlər. Otelləri kimə satacaqlarını bilməyən Mudilər onları elə Konradın özünə təklif edirlər. Onu 18 min dollar maaşla şirkətin idarəçisi təyin edirlər. Məhz bu maliyyə dəstəyinin sayəsində Konrad otellərini geri almağa başlayır. 1934-cü ildə o, üç otelini geri alır və onları ipotek etdirərək 95 min dollar kredit götürür. Özünün zəkası sayəsində Konrad Hilton Amerika tarixinin ən böyük iqtisadi böhranını aşır. Və dünyada özünün otel şəbəkəsini qurur.

İkinci dünya müharibəsindən sonra Konradın şirkətinin gəliri fantastik şəkildə yüksəlir. 1949-cu ildə o, Nyu-Yorkun ən dəbli oteli olan “Waldorf-Astoria”nı satın alır. Həmin ildə ilk dəfə Birləşmiş Ştatların sərhədlərindən kənarda 300 otaqlı “Caribe Hilton” otelini açır.1954-cü ildə o, Amerika tarixində ən iri sövdələşməyə imza atır. “Hilton”nun ən böyük rəqibi “Statler Hotels” şirkətini 111 milyon dollara satın alır.

Kazinolar yaradır

1960-cı ildə Konradın artıq 40 oteli var idi. İş adamı bu otelləri bir dam altında toplayaraq “Hilton Hotels Corporation America”nı (HHC) qurur. 1964-cü ildən Hilton şirkətin dondurulmuş aktivlərini bazara çıxarır. Artıq 1967-ci ildə isə dünyada bir çox otelə sahib olan “Hilton Hotels Co. America”nın mərkəzi London seçilir. Digər otellərin bağlı olduğu “Hilton İnternational” yaradılır. Məlumat üçün bildirək ki, “Hotels Corporation America” ABŞ daxilində, “Hilton İnternational” xaricdəki biznesə nəzarət edir. Konrad Hiltonun rəhbərliyi ilə 60-cı illərin sonunda Las-Veqasda ilk otel-kazinoların fəaliyyətinə start verilir. Bu şirkətin tarixində atılmış ən mübahisəli addımlardan biri olur. Amma addım öz bəhrəsini verir. 1987-ci ildə “Hilton Hotels” əsas fəaliyyəti kazino və qumar oyunları ilə bağlı olan “Ladbroke Group”la birləşdirilir. 2007-ci ildə “Blackstone” investisiya qrupu Hilton ailəsindən mehmanxana biznesini 26 milyard dollara satın alır. Bu məbləğin 7.5 milyard dolları borcların ödənməsinə sərf edilir. Hazırda “Hilton” Amerikada “Marriott International Inc”dən sonra ikinci böyük otel şəbəkəsidir. 2014-cü ilin məlumatına görə, “Hilton Hotels & Resorts” dünyanın 78 ölkəsində 540 otelə sahibdir. 2010-cü ildə otellərin gəliri 36.162 milyard avro, qazancı 8.162 milyard avro təşkil edib.

Sərvətini fonda vəsiyyət edir

Konrad Hilton 1966-cı ildə 78 yaşında şirkətin idarəçiliyindən gedir. İdarəetməni oğlu Barrona həvalə edir, özü isə aktiv həyat tərzi keçirməyə başlayır. Bütün bioqrafiyasını əks etdirən “Qonağım ol” kitabını yazır. Bu kitab otel sektorunun “Bibliya”sı hesab edilir. 1979-cu ildə o, 91 yaşında ilk otelini tikdirdiyi Dallasda həyata vida edir. Özünün bütün sərvətini “Hilton Foundation” fonduna vəsiyyət edir. Bu da işlərinin idarəetməsini öhdəsinə buraxdığı oğlu Barronun xoşuna gəlmir. O, atasının son istəyini ləğv etdirmək üçün 9 il mübarizə aparır. Nəticədə, varislik hüququnu geri qaytarır. Bu arada Barron ailə bizneslərinin idarəsində atasından geri qalmır. Bir neçə həlledici dəyişikliyə imza atır. Məhz Barronun sayəsində şirkət françayzinq modelinə keçir. 1973-cü ildə “Hilton” adlı sorğu-məlumat sistemi tətbiq edilir.

“Hilton”lar niyə seçilir

Otellər şəbəkəsinin yaradıcısı bu biznesdə konyakda olduğu kimi, ulduzlarla qiymətləndirməni tətbiq edən ilk iş adamıdır. Konrad deyirdi ki, dünyanın ən bahalı otelləri ulduzla işarələnməlidir. Bundan əlavə, o, otel idarəetməsinə bar, kazino kimi xidmətləri gətirir. Eyni zamanda, “Hilton”adək heç bir otelin nömrələrində kondisioner, avtomatik idarəetməli çıxış qapıları quraşdırılmamışdı. Eləcə də nömrələr zəngli saatlar, birbaşa nömrə yığmaq rejimində telefonlarla təchiz edilməmişdi. Hiltonun daha bir üstünlüyü öz otellərini hava və dəniz limanlarının yaxınlığında tikməsi idi.

Şəxsi həyatı

Konrad Hilton şəxsi həyatında elə də uğur qazanmır. İş adamı ilk dəfə 38 yaşında Mari Barronla ailə qurur. Bu evlilikdən onun üç övladı dünyaya gəlir. Qeyd edək ki, Mari ilə evlilik uzun çəkmir. 1934-cü ildə - böhran dövründə Mari müflis olmuş ərini tərk edir. Konrad Hilton 1942-ci ildə aktrisa Ja Ja Qaborla evlənir. Bər-bəzəyə, paltara milyonlar xərcləyən aktrisa bir müddət sonra K.Hiltonun oğlu Konradla eşq yaşamağa başlayır. Hətta bu münasibətlərə görə, ata Konradın Ja Ja Qabora təcavüz etdiyi deyilir. Zorlama hadisəsinin yadigarı kimi də onların qızları Françeska dunyaya gəlir.1946-cı ildə cütlük boşanır. Konrad ölümündən bir neçə ay əvvəl üçüncü dəfə Meri Frensis Kelli ilə evlənir.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR