• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünya pulları "women-mater"in nəzarətində, Türkiyə lirəyə möhtac - Həftənin iqtisadi analizi

Dünya pulları "women-mater"in nəzarətində, Türkiyə lirəyə möhtac - Həftənin iqtisadi analizi

Daha bir həftəni yola saldıq. Doğrusu həftəni deyə bilmərəm amma bu gün böyük gündü. Belə ki, Amerika Mərkəz Bankının baş rəhbər kürsüsünə ilk dəfə qadın keçəcək.

8 ildir FED-ə rəhbərlik edən Ben Bernanke vəzifə səlahiyyətlərinə cümə günü son verib. Trilyonlarca dollarlıq iqtisadiyyata istiqamət verəcək yeni FED rəhbəri Janet Yellen isə alacağı bir qərarla yalnız öz ölkəsini deyil, bütün dünyanı altını-üstünə çevirmə lüksuna sahibdir.

Başlayaq həftənin iqtisadi xülasəsinə. Söz FED-dən düşmüşkən bank istiqraz alışını ikinci dəfə azaldıb. Bankın Siyasət Komitəsi bununla əlaqədar iş bazarı siqnallarının inkişaf etdiyini və Amerika iqtisadiyyatındakı böyümənin sürətləndiyini bildirib. Qeyd edək ki, dünyanın super gücünün bu il 2,9 faiz nisbətində böyüməsi gözlənilir. İqtisadiyyatdan gələn müsbət siqnallar nəticəsində MB istiqraz alışını 10 milyard dollar azaltmağı qərara almışdı. Bu arada FED-in son addımı inkişaf etməkdə olan ölkə bazarlarda böyük satışlara səbəb olub.

Avro Bölgəsində isə işsizliklə inflyasiya avropalıların kabusuna çevrilib. Yanvar ayında işsizlik sabit qalsa da inflyasiya 0,1 faiz geriləyib. Eurostatın yanvar ayı üzrı inflyasiya və işsizlik rəqəmlərinə görə, bölgədə inflyasiya 0,8 faizdən 0,7 faizə geriləyib. İnflyasiyadakı azlmanın enerjinin qiymətlərindəki enişdən qaynaqlandığı ifadə edilir. Qida, spirt və tütün məhsullarının qiymətləri isə keçən ilin eyni ayına görə 1,7 faiz bahalaşıb. Zəif yaxşılaşma və deflyasiya riski Avropa Mərkəz Bankının yeni siyasət təyini üçün təzyiq meydana gətirib.

İşsizlik nisbəti isə 12 faizlik rekord səviyyə ilə üçüncü ayda da sabit qalıb. Gənclər arasında işsizlik nisbəti kiçik azalışla 23,8 faiz olub.Yeri gəlmişkən, işsizlərin sayı digər Avropa ölkələrini deyə bilmərəm Fransa prezidentinin axırına çıxacaq. Konkret, açıqlanan işsizlik rəqəmləri prezident seçilərkən işsizliyi azaltmağa söz verən Fransua Ollandesi çətin vəziyyətdə qoyub. İşsizlik nisbəti ötən il artaraq 10,9 faizə yüksəlib. Və yeni rekordu qırıb. Fransada 2012-ci ildə 3 milyon 125 min nəfər olan işsiz sayı keçdiyimiz ay 0,3 faiz nisbətində də artıb. 2013-cü ildə ölkədə təxminən 200 min adam işsizlik aylığı üçün müraciət edib. İş Nazirliyi işsizlik faizinin əvvəlki illə müqayisədə 5,7 faiz nisbətində artdığını açıqlayıb. Ancaq hesabatda işsizliyin artım sürətinin düşdüyü qeyd edilib. Bildirilib ki, 2012-ci ildə təxminən 300 min nəfər olan işsizlərin sayı 2013-cü ildə təxminən 100 min azalıb.

Türkiyədə isə bank faizləri qaldırıldı. Ölkənin Mərkəz Bankı (TCMB) türk lirəsinin vəziyyəti ilə bağlı fövqaladə toplantısında sərt faiz artımı ilə bağlı qərar çıxardı. Belə ki, FED-in istiqraz alışı proqramını qısması Argentina, Braziliya və Türkiyə kimi inkişaf edən ölkələrə mənfi təsir etmişdi. Lakin Türkiyənin daxilində yaşanan siyasi olaylar bura əlavə olununca türk lirəsi xarici pul vahidlərinə nisbətən böyük ölçüdə dəyər itkisinə uğramağa başladı. Beləliklə də TCMB hökumətin qarşı çıxmasına baxmayaraq, qiymət sabitliyini təmin etmək üçün güclü pul siyasəti itiqamətində qərar verdi.

Bir həftəlik repo faiz nisbəti 4.5 faizdən 10 faizə, gecəlik borc vermə faiz nisbəti 7.75 faizdən 12 faizə, gecəlik borclanma faiz nisbəti isə 3.5 faizdən 8 faizə yüksəldildi.

Türkiyə kimi digər inkişaf etməkdə olan ölkələrin pul vahidləri də dəyər itirib. Rusiya Mərkəzi Bankının müdaxiləsinə qarşı rubl avro qarşısında böyük dəyər itkisi yaşayır. Rubl avro qarşısında 0,6 dəyər itirib. Macarıstan pul vahidi forint isə avro qarşısında son iki ilin ən aşağı səviyyəsinə geriləyib. Mərkəz Bank rəhbərinin aşağı inflyasiya səbəbiylə faiz azaldılmasına gediləcəyi yönündə açıqlaması isə bazarları təlatümləndirib.

Cənubi Afrika Mərkəz Bankı da altı il sonra ilk dəfə faiz nisbətini artırıb. Bu müdaxiləyə qarşı ölkənin pul vahidi dollar qarşısında 2 faiz dəyər itirib.

Birjalara gəlincə, yola saldığımız həftə Avropa birjaları son altı həftənin ən aşağı səviyyəsinə geriləyib. FED-in məlum qərarı milli indeksi 1 faizə yaxınlaşan enişlərin yaşanmasına səbəb olub. İnkişaf etməkdə olan ölkələrdə yaşanan dəyər itkiləri da bu enişə təsir edib.

İstanbul birjası da 2,29 faiz dəyər itirdi. Bist 100 indeksi gününü 62 min 089 xalla tamamladı.

İş dünyası

Valyutaların dəyər itirdiyi bir zamanda bu sahədə də vəziyyəti qənaətbəxş saymaq olmaz.Ticari əlaqələrdə, səhmlərin dəyərində azalmalar müşahidə edilməkdədir.

Rusiyanın Moldova şərablarına tətbiq etdiyi embarqo ölkə iqtisadiyyatına mənfi təsir edib.Moldovanın ötən ilin sentyabr ayında Avropa Birliyi ilə əlaqələrini artırması məhz Rusiya ilə münasibətlərin pozulmasına gətirib çıxarıb. Rusiya şərabların keyfiyyət baxımından aşağı olduğunu irəli sürərək ixraca qadağa qoyub. Bu qadağa isə şərab istehsalçılarına milyonlara başa gəlib.

Amerikanın böyük telefon operatoru AT&T İngiltərənin “Vodafone” şirkətinin hissələrini almaq niyyətində olmadığı bəyan etdi. Beləliklə “Vodafone” yenə evdə qaldı. Bildirək ki, AT&T şirkətinin rəhbərlərinin Avropada sərmayə üçün böyük fürsətlər barədə açıqlamaları “Vodafone”ni satın alacaqlarına dair fərziyyələrə səbəb olmuşdu. Ancaq bazar ertəsi günü AT&T London Birjasına “Vodafone”ni almağı planlaşdırmadıqlarını bəyan etdi.Birjaya edilən şərhin ardından dünyanın ən böyük ikinci telekom şirkəti “Vodafone”nin səhmləri 6,6 faiz dəyərdən düşdü. İngilis şirkətinin birja dəyərinin 177 milyard dollara qədər gerilədiyi deyilir.

Patent haqqları səbəbiylə çəkişən texnologiya nəhəngləri əməkdaşlıq haqqında razılığa gəldilər. Amerikanın “Google”, Cənubi Koreyanın “Samsung” şirkətləri qarşılıqlı patent istifadəsi üçün 10 il qüvvədə olması nəzərdə tutulam razılaşma imzalayıblar. Dünyanın iki böyük texnologiya nəhənginin imzaladığı razılaşmamım maliyyə ölçüsü haqqında məlumat verilmir. Sadəcə o bəllidir ki, iki şirkət, mövcud və gələcək 10 ildə əldə edəcəkləri patentləri qarşılıqlı şəkildə istifadə edə biləcəklər.

Söz “Google”dən düşmüşkən, şirkət yola saldığımız həftə iki il əvvəl 12,5 milyard dollar ödəyərək aldığı “Motorola”nı Çininin kompüter istehsalçısı “Lenovo”ya satdı. Xatırladaq ki, “Google” “Motorola” nı aldıqdan sonar 19 ayda 14 min nəfər işçinin işinə son verilmişdi . Gəlirinin 80 faizini kompüter satışından əldə edən “Lenovo “ ağıllı telefon bazarına girmək üçün “Google”yə 2,9 milyard dollar ödəyəcək.

“Lenovo” ağıllı telefon bazarında “Apple” və “Samsung”la rəqabət edəcək.

Gəldik çatdıq bol bəhrəli ölkəmizə. Yaxşı ki, bizdə nə FED var, nə ağıllı telefon istehsal etmək istəyənlər.Öz məhsulumuz öz pomidorumuzdu.

Deməli belə, Mərkəzi Bankın bankların ipini yığması öz bəhrəsini verməkdədir. Banklar faizlərin azaltmağa başlayıblar. Lakin bununla bərabər filialların sayının azalması müşahidə edilir.

İkiniz dərdimiz olan kommunal haqların artırılması ilə bağlı qərarı isə Tarif Şurası yenə təkzib etdi. Şura bir daha and aman etdi ki qiymətləri artırmayacaq. Kor nə istəyir iki göz. Məncə mərdi qova qova namərd etməsək yaxşıdı.

BP isə bəd xəbərlərə başlayıb. Məsələn, bu il “Azəri-Çıraq-Günəşli” yataqlarında neft hasilatı azalacaq. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları blokunda ötən il ərzində ümumilikdə 32,5 mln. ton neft hasil edilib. Bu göstərici əvvəlki ilin səviyyəsində qalıb: “Bu il gözlənilən hasilatın həcmi hələ məlum deyil. Bu il neft hasilatının nə qədər olacağı «BP-Azerbaijan» tərəfindən Azərbaycan Dövlət Neft Şirkəti ilə razılaşdırılmalıdır. Düşünürük ki, bu rəqəm 2013-cü ildəkindən az olacaq”. Q.Birrel hasilatın azalmasını AÇG blokunda istismar olunan 2 platformanın bağlanması ilə əlaqəli olacağını deyib: “Bu il “Mərkəzi Azəri” və “Qərbi Azəri” dəniz platformalarının fəaliyyəti tam dayandırılacaq. Quyulardan daha yaxşı və keyfiyyətli neft əldə etmək üçün buna böyük ehtiyac var. Platformaların nə zaman dayandırılacağının vaxtı ictimaiyyətə açıqlanacaq. Lakin düşünürük ki, bu platformaların dayandırılması müddəti çox uzun çəkməyəcək”.

Dövlət Neft Fondu da boş dayanmadı. Fond ötən ilki xərc və gəlirlərini açıqladı. Məlum oldu ki, ötən il DNF-ın büdcə gəlirləri 13 600,5 milyon manat, büdcə xərcləri isə 12 302,7 milyon manat təşkil edib. 2013-cü il ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 13 119,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 13 108,0 milyon manat, akrhesabı ödənişlər 1,8 milyon manat, tranzit gəlirləri 8,1 milyon manat, bonus ödənişləri 1,9 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat olub.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 480,6 milyon manata bərabər təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 43,0 milyon manat olub. Hesabat dövrü ərzində Neft Fondunun 2013-cü il büdcəsinin icrası çərçivəsində 11 350,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 173,9 milyon manat vəsait ayrılıb. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 25,7 milyon manat vəsait yönəldilib. 33,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə sərf edilib. "Star" neft emalı kompleksinin tikintisinə 372,6 milyon manat ayrılıb. 2013-cü il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 47,5 milyon manat təşkil edib.

2014-cü il yanvarın 1-ə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 milyon ABŞ dolları) nisbətən 5,1% artaraq 35 877,5 milyon ABŞ dollarına bərabər olub. 2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlanılıb. 1 yanvar 2014-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edib.

Nazirlər Kabineti ölkəyə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında 2001-ci il 19 yanvar tarixli qərarına dəyişikliklər etdi. Dəyişikliyə əsasən, bundan sonra 2014-cü il iyunun 1-dək mühərrik benzininin 1 tonuna aksiz dərəcəsi 1 dollar müəyyən olundu.Daha bir qərarla ölkə hökuməti Azərbaycana gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələrinə dəyişiklik edildi. İyunun 1-dək mühərrik benzinini 15% idxal rüsumundan azad etdi. Xatırladaq ki, indiyə qədər Azərbaycana gətirilən tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədli və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98-dən az oktan ədədli mühərrik benzininin 1 tonu üçün 250 ABŞ dolları məbləğində aksiz dərəcəsi tətbiq olunub.

Belə… Hər birinizə xoş istirahətlər. Kluba gedin, bovlinq oynayın, roka qulaq asın. Həftənin stresini atın.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR