Gələn həftə 2015-ci ilin dövlət büdcəsi müzakirə ediləcək
Bizi izləyin

Ekopublika.az

Gələn həftə 2015-ci ilin dövlət büdcəsi müzakirə ediləcək

Maliyyə Nazirliyi növbəti ilin büdcə layihəsini zamanından əvvəl Nazirlər Kabinetinə təqdim edib.

Publika.az maliyyə naziri Samir Şərifova istinadən bildirir ki, 2015-ci və sonrakı üç il üçün dövlət büdcəsi xərclərinin layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların real büdcə sifarişləri, gözlənilən büdcə gəlirləri nəzərə alınmaqla hazırlanıb.

S.Şərifov bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsinin xərcləri prezidentin həyata keçirdiyi sosial siyasətin davam etdirilməsi, digər prioritet hədəflərin həyata keçirilməsi üçün maliyyə təminatı yaradacaq: “O cümlədən, iqtisadi və sosial islahatlara dəstək olmaq, dövlətin müdafiə qabiliyyətini gücləndirmək, iqtisadi, ərzaq, ekoloji təhlükəsizliyi təmin etmək, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin yerinə yetirilməsinə, qeyri-neft sektorunun inkişafına və s. nail olmaq 2015-ci il və sonrakı üç ildə qarşıda duran vəzifələrdən olacaq”.

Büdcə şəffaflığı məsələsinə toxunan nazir qeyd edib ki, artıq bir neçə ildir ki, dövlət və icmal büdcələrinin layihələri Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunmazdan əvvəl Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilərək ictimai müzakirəyə çıxarılır: “Bununla yanaşı, büdcənin parametrləri ilə əhalini maarifləndirmək məqsədilə sadə və anlaşıqlı dildə vətəndaşın büdcə bələdçisi hazırlanır və bütün bunlar ictimaiyyət, o cümlədən vətəndaş cəmiyyəti institutları və beynəlxalq maliyyə təşkilatları tərəfindən böyük maraqla qarşılanır”.

Nəzərə çatdıraq ki, bu ilin dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri 20 mlrd. 63 mln. manat, büdcə kəsiri 1 mlrd. 679 mln. manat və ya ÜDM-in 2,87%-i qədər nəzərdə tutulub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm