Rövnəq Abdullayev: “Neft-qaz sektoruna 54,4 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub”
Bizi izləyin

Ekopublika.az

Rövnəq Abdullayev: “Neft-qaz sektoruna 54,4 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub”

“Bu gün ARDNŞ və onun törəmə şirkətləri 18 Hasilatın Pay Bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir. Əməliyyat Şirkətlərinin iştirakçıları tərəfindən ölkənin neft-qaz sektoruna 54,4 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub”.

Publika.az-ın məlumatına görə, bunu Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev bildirib. O qeyd edib ki, xarici şirkətlərlə ARDNŞ və onun struktur bölmələri tərəfindən təsis edilən 37 birgə müəssisə və 7 alyans neft və qaz sənayesinin, demək olar, bütün sahələrində uğurla fəaliyyət göstərir: ”Ötən 20 il ərzində AÇG layihəsinə 3000-dən artıq yerli müəssisə və şirkət cəlb olunub. Neft sektoru ilə bərabər qeyri-neft sektoru da güclənib, ümumi daxili məhsulda onun xüsusi çəkisi artıb. Qısa müddətdə Azərbaycan nefti və qazının xarici bazarlara çıxarılması məqsədi ilə Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri istifadəyə verilib, şaxələndirilmiş ixrac-nəql kəmərləri sistemi yaradılıb. BTC artıq beynəlxalq dairələrdə həm də Mərkəzi Asiya mənşəli neft həcmlərinin dünya bazarlarına etibarlı nəqlinə imkan verən mühüm texniki-iqtisadi infrastruktur kimi önəm kəsb etməkdədir”.

R.Abdullayev deyib ki, rəqəmlərlə ifadə olunan iqtisadi göstəriciləri Azərbaycan neftini birbaşa Aralıq dənizinə çıxaran BTC əsas ixrac boru kəmərinin nə qədər səmərəli və unikal bir qurğu olduğunu təsdiq edir: “Kəmərin ötürücülük qabiliyyəti ildə 50 mln. ton təşkil edir ki, bunu da gələcəkdə 60 mln. tona çatdırmaq mümkündür. 2014-cü il sentyabrın 1-dək Azərbaycanın ixrac neft kəmərləri sistemi ilə dünya bazarlarına 384 mln. tona yaxın, o cümlədən BTC ilə 254,9 mln. ton, Bakı-Supsa kəməri ilə 69,1 mln. ton, Bakı-Novorossiysk kəməri ilə 39,1 mln. ton və dəmir yolu ilə 20,5 mln. ton neft ixrac olunub. Eyni dövrdə BTC kəməri ilə 11,6 mln. ton Türkmənistan, 4,3 mln. tondan artıq Qazaxıstan nefti də nəql edilib. Ümumiyyətlə, ötən 20 il ərzində aparılan intensiv tədbirlər ölkə üzrə neft və qaz hasilatının dinamik artımına zəmin yaradıb. Neft hasilatı neftçıxarma tariximizdə ən aşağı səviyyədən – 1997-ci ildəki 9 mln. tondan 5,6 dəfə artaraq 2010-cu ildə 51 mln. tona çatıb. Xatırladaq ki, buna qədər Azərbaycanda neft hasilatının ən yüksək göstəricisi (23 mln. 482 min ton) 1941-ci ildə qeydə alınıb. Hazırda “Çıraq”, “Azəri” yataqlarında və “Günəşli” yatağının dərinsulu hissəsində 80 hasilat quyusundan ayda orta hesabla 2,7 mln. tona qədər neft və 1,5 mlrd. kubmetr səmt qazı hasil olunur. Daha bir mühüm fakt isə budur ki, 90-cı illərin sonu ilə müqayisədə Azərbaycanın dünya bazarlarına xam neft ixracı 10 dəfədən də çox artıb. ARDNŞ ölkənin ən böyük neft ixracatçısına çevrilib. Bu gün Azərbaycandan ixrac olunan xam neftin təqribən 70%-i milli neft şirkətimizin payına düşür”.

Məlum olub ki, proqnozlara görə, 2014-cü ildə Azərbaycanda 41.2 milyon ton neft və 28.8 milyard kubmetr qaz hasil ediləcək.

2013-cü ildə Azərbaycanda 43.48 milyon ton neft və 29.46 milyard kubmetr qaz hasil edilib.

Abdullayevin sözlərinə görə, 2014-cü ilin yanvar-avqustunda ölkədə 28.6 milyon ton neft və 20.4 milyard kubmetr qaz hasil edilib. 8 ay ərzində SOCAR-ın payına ümumi hasilatdan 5.6 milyon ton neft və 5 milyard kubmetr qaz düşüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm