• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

1 ildə 20 milyard dollar itirən ən varlı rus sərvətini övladlarına buraxmağı düşünmür - MİLYONÇU - FOTOLAR

1 ildə 20 milyard dollar itirən ən varlı rus sərvətini övladlarına buraxmağı düşünmür - MİLYONÇU - FOTOLAR

O, Rusiyanın 200 varlı iş adamının siyahısına rəhbərlik edir. Vladimir Putinin ən yaxın adamlarından sayılır. Məhz buna görə də ABŞ-ın qara siyahısına düşüb. Söhbət Vladimir Potanindən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində ən varlı rusu - Potanini təqdim edir.

İş həyatında ilk addımlar

Vladimir Potanin 1961-ci ildə Moskvada anadan olub. Rusiyanın ən varlı sakininin uşaqlığı, ailəsi haqqında elə də geniş məlumat yoxdur. Sadəcə o bəllidir ki, atası SSRİ-nin Yeni Zellandiyadakı ticarət nümayəndəsi olub. Türkiyədə, Afrikada işləyib. Potaninin anası Tamara Ananıyevna həkim olub. Potanin özü isə atasının sənətini davam etdirib. 1978-ci ildə məktəbi qızıl medalla bitirib, Moskva Dövlət Universitetinin iqtisadi xarici əlaqələr fakultəsinə daxil olub. 1983-cü ildə ali məktəbi "beynəlxalq iqtisadçı” ixtisası üzrə bitirib və iş həyatına atılıb. Səkkiz il SSRİ Xarici Ticarət Nazirliyində işləyib. 1990-cı ildə Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankına transfer olub. 1991-ci ildə “İnterros” adlı xarici ticarət birliyinin prezidenti vəzifəsinə keçib. Bankda hesab açdıran zaman iş adamı Mixayil Proxorovla tanış olub. Bu tanışlıq getdikcə tərəfdaşlığa çevrilib. Onlar ilk olaraq “Beynəlxalq Maliyyə Şirkəti” bankını yaradıblar. 1992-1993-cü illərdə Potanin əvvəlcə bankın vitse prezidenti, sonra prezidenti olub. İddialara görə, ortaqların varlanması Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankını özününküləşdirmələri ilə başlayıb. Belə ki, SSRİ dağıldıqdan sonra Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankının 300-400 milyon vəsaitini “Beynəlxaql Maliyyə Şirkəti” bankına köçürüblər. 1993-cü ildə Potanin “ONEKSİM Bank”ın prezidenti təyin edilib. Bununla paralel “Beynəlxaql Maliyyə Şirkəti” bankının İdarə Heyətində təmsil olunub. Nəzərə çatıdıraq ki, bank Cenevrədə İsveç lisenziyalı şöbəsi ilə fəaliyyət göstərən yeganə rus bankı kimi tanınırdı.

Milyarderə necə çevrilir

Potanin sərvətini 1995-ci ildəki özəlləşdirmədə artırır. O zaman böyük dövlət şirkətlərinin (YUKOS, “Norilskiy nikel” , “Sibneft”) səhmləri bir neçə kommersiya bankının əlinə keçir. “ONEKSİM Bank”və Beynəlxaql Maliyyə Şirkəti” bankı belə hərraclardan birində gəliri 3 milyard dollar olan “Norilskiy nikel”in səhmlərinin 51 faizini 180 milyon dollara alır. Bundan əlavə onlar neft şirkəti “SİDANKO”nun səhmlərinin 51 faizini və bir neçə şirkəti əldə edirlər. İddialara görə, o dövrdə ortaqlar hərracları öz maraqları naminə saxtalaşdırıblarmış. Məhz bu səbəbdən 1996-cı ildə Rusiyanın iqtisadiyyat naziri “Norilskiy nikel”lə bağlı hərracın nəticələrini şübhə altına alaraq ləğv edilməsini tələb edir. 2000-ci ildə Rusiyanın baş prokurorluğu Potanindən “Norilskiy nikel”i qanunsuz əldə etməsi ilə bağlı 120 milyon dollar təzminat ödəməsini istəyir. Amma zəlzələdən, yoxsa vəlvələdənmi, iş elə burda da bağlanır.

Özəl sektor

1997-ci ildə Vladimir “Prof-mediya” holdinqini yaradır. Holdinqə müxtəlif vaxtlarda “Komsomolskaya pravda”, “İzvestiya”, “Bolşoy qorod”, “Afişa” kimi mətbu orqanlar daxil olur. 1998-ci ildə Potanin “Norilskiy nikel”in, “SİDANKO”, “İnterros”un əsasında yaradılan "Interros" şirkətinin İdarə Heyətinin sədri və prezidenti olur. 2007-ci ildə o və Mixail Proxorov 33 milyard dollar həcmindəki bizneslərini ayırmaq qərarına gəlirlər. Deyilənlərə inansaq, bunda Proxorovun Fransada polis tərəfindən saxlanması hadisəsinini rolu böyük olur. Belə ki, Fransada 4 gün polis məntəqəsinin qonağı olan Proxorov Kurşeveledə özünün varlı dostları üçün qız gətirməkdə günahlandırılır. Doğrusu, milyarderin özü də bunu danmır. Hərəkətini belə əsaslandırırdı: “Ağıllı və gözəl qadınların əhatəsində olmağı sevirəm. Yeni il münasibətilə dostlarım Kurşeveledə diskoteka hədiyyə alaraq həmin gün üçün məkanı bağlatdırmışdılar. Mənə də dedilər ki, diskotekanı sənə hədiyyə etdik. Təəssüf ki, şənliyimizi pozdular. Fransız polisi etdiyi hərəkətə görə üzr istəməsə, bu ölkəyə getməyəcəm. Bu, təkcə Kurşeveleyə deyil, bütövlükdə Fransaya aiddir”.

Ortaqlığın bitməsinə gəlincə, bankda başlayan dostluq məhkəmə zalında bitir. Proxorov hadisə haqqında sadəcə bunu deyir: “Güclü enerji müəssisəsi yaratmaq istəyirdim. Heç vaxt ikili standartlarla işləməmişəm. Bu isə ikili standart olardı”.

Ailəsi

Vladimir Potanin iki dəfə evlənib. Onun birinci həyat yoldaşı Natalya Nikolayevna olub. Onlar orta mətkəbdə bir sinifdə oxuyublar. 16 yaşlarında aralarında sevgi münasibətləri yaranıb. Universiteti bitirən kimi isə evləniblər. Və uzun müddət Natalyanın valideynlərinin evində yaşayıblar. Natalya əvvəlcə SSRİ Tikinti Nazirliyində, sonradan ərinin şirkətlərində işləyib. Bu evlilikdən onların 3 uşağı - qızı Anastasiya, oğlanları İvan və Vasili dünyaya göz açıb. Maraqlıdır ki, üç uşaq da evliliyi xilas edə bilməyib. Cütlük 30 illik evlilikdən sonra 2013-cü ildə boşanıblar. Natalya müsahibələrindən birində Vladimirin ona gözlənilmədən boşanma təklif etdiyini bildirib: “Ailə yeməyindən sonra mənə aqressiv şəkildə boşanmaq istədiyini dedi. Özü ilə gətirdiyi sənədlərə qol çəkməyimi tələb etdi. Həmin vaxt artıq ərimin üç il idi ki məşuqəsi var idi”.

Qeyd edək ki, Natalya əvvəlcədən boşanmaya qarşı çıxıb. Məhkəmə onlara iki ay vaxt verib. Lakin milyarderin israrı ilə proses baş tutub. Qapalı keçən məhkəmə prosesində hakim onları boşayıb. Amma bu, Potaninə ucuz başa gəlməyib. Natalya ərinin sərvətinin yarısını tələb etsə də, ali instansiya ona illik 11 milyon dollar aliment verilməsi haqqında qərar qəbul edib.

Bundan sonra subay qalan Potanin özündən 14 yaş kiçik 39 yaşlı Yekaterina ilə evlənib. Mətbuat Yekaterinanın milyarderin işçisi olduğunu iddia edir. Hətta ikinci evlilikdən onun 3 yaşında qızının olduğu yazılır.

Bu arada, Potanin sərvətini övladlarına buraxmağı düşünmür. O, 2010-cu ildə açıq şəkildə bunu bəyan edib. Birinci həyat yoldaşının mətbuata açıqlamalarına görə, o, oğlanları ilə danışmır. Böyük oğlu İvanı sahib olduğu “Altpoint” şirkətindən işdən çıxarıb. Kiçik oğluna isə ona bir daha zəng etməməsini söyləyib. Bir məqamı da vurğulayaq ki, Natalya Nikolayevna açıqlamalarında 2007-ci ildə Potaninlə biznesini ayırdıqdan sonra ərinin işlərini gizli saxladığını deyib. Potanin isə artıq həmin vaxt Natalya ilə ayrı yaşadıqlarını irəli sürüb.

Kapitalı

V.Potaninin sərvətinə “Norilskiy nikel”in səhmlərinin 30,3 faizi daxildir. Onu da nəzərə çatdıraq ki, bu şirkət dünyada ən böyük nikel istehsalçılarından sayılır. 2014-cü ildə şirkət 274 000 ton nikel və 2,6 milyon unsiya palladium istehsal edib. Bu da dünya üzrə istehsalın müvafiq olaraq 13 və 41 faizi deməkdir. Potanin 2013-cü ildə “ProfMedia” və ”Qazprom-Media Holdiq”in satışından 800 milyon dollar əldə edib.

Hobbisi

Milyarderin hobbisi domino, hokkeydir. O həm də bahalı yaxtalardan birinin sahibidir. “Anastasia” adlı yaxtasının milyon dollardan artıq qiyməti var. Potaninin əyləncələri bununla bitmir. O, ilk Rusiya biznesmenidir ki, dağ-xizək kompleksinin yaradılmasına pul xərcləyib. Onun Krasnıy Polyanıda inşa etdiyi kompleksdə ХХII Qış Olimpiya oyunları keçirilib .Bundan sonra o, “Roza Xutor” dağ-xizək istirahət kompleksini yaradıb. 2,2 milyard dolların xərcləndiyi layihəyə milyarder 500 milyon dolları öz büdcəsindən qoyub.

Milyardlar

“Forbes”in siyahısında onun adı 2005-ci ildən yer alır. Həmin il Potaninin 4,7 milyard dollar sərvəti varmış. 2006-cı ildə bu rəqəm 7,6 milyarda, 2007-ci ildə 15 milyarda, 2008-ci ildə 22.1 milyarda yüksəlib. Amma 2008-ci ildə başlayan böhran 2009-cu ildə onu vurub. Sərvəti 20 milyard azalaraq 2 milyard dollara düşüb. 2010-cu ildə yenidən rəqəm yüksəlişə keçib. Potaninin sərvəti 10,3 milyard dollar, 2011-ci ildə 17,8 milyard dollar, 2012-ci ildə 14,5 milyard dollar, 2013-cü ildə 14,3 milyard dollar, 2014-cü ildə 12,6 milyard dollar olub. 2015-ci ildə isə sərvəti 15,4 milyarda yüksələrək Əlişir Usmanov kimi dollar qiqantlarını geridə qoyub.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR