• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Cazibədar aktrisa: “Oğlan mənə baxdı deyə az qalsın sevincdən ölürdüm” - FOTOLAR

  • Layihə
  • 28 İyul 2015 10:30
  • 1 658 Baxış
Cazibədar aktrisa: “Oğlan mənə baxdı deyə az qalsın sevincdən ölürdüm” - FOTOLAR

O, 7 il içərisində bir çox obraz yaradıb və hər dəfə də tamaşaçıları özünə heyran etməyi bacarıb. Söhbət həyatımıza "Mələklər qorusun" serialında canlandırdığı 17 yaşlı qız obrazı ilə daxil olan aktrisa Özgə Özpirinçcidən gedir. Pozitiv enerjisi, gülərüz siması sayəsində qısa zamanda Türkiyənin ən tanınmış aktrisalarından birinə çevrilən Özgə aktyor Engin Altan Düzyatanla yaşadığı eşq macərası ilə də çox danışılmışdı. Enginin Özgədən ayrılaraq başqa bir xanımla ailə qurmasını aktrisa unutsa da, onun fanatları uzun müddət unuda bilmədilər. Cütlüyün bir-birinə çox yaraşdığını düşünən pərəstişkarları onların ayrıldıqlarına inanmaq istəmirdilər. Ancaq hər şey kimi zaman eşq ağrısını da silir. Özgə Özpirinçci həmin pis xatirələri artıq çox geridə qoyub. O, hazırda aktyor Burak Yamantürklə birlikdədir. Cütlük sevgi yaşadıqlarını inkar etmir və tez-tez birlikdə çəkilmiş fotolarını "İnstaqram"da paylaşırlar.

İllərdir ki, eyni saç düzümü ilə görməyə alışdığımız Özgə Özpirinçci yeni eşq romanına başladıqdan sonra stilini də dəyişib. 29 yaşlı aktrisa "Koleston" markası ilə əməkdaşlıq etməyə başlayıb və reklam kampaniyası üçün ilk dəfə saçlarını boyadıb. Elə bu dəyişiklik münasibətilə "Habertürk" qəzeti gözəl aktrisadan müsahibə götürüb. Özgə Özpirinçci müsahibəsində stil dəyişikliyinin həyatına gətirdiyi yeniliklərdən, karyerasından və eşq həyatından danışıb.

Publika.az "Şirin söhbət" layihəsi çərçivəsində cazibədar aktrisanın yeni müsahibəsini təqdim edir:

- Saçlarını çox bəyəndim. Bu dəyişiklik sənə çox yaraşıb. Dəyişiklik kəlməsi sənin üçün nə ifadə edir?

- Dəyişiklik ən sevdiyim sözdür. Elə insanlar var ki, həmişə eyni restoranlara gedib, eyni yeməkləri yeyirlər. Yeni bir yeməyin dadına baxmaqdan çəkinirlər. Mən isə heç nədən çəkinmirəm. Bütün dünyanı gəzib hər cür yeməyi yeyə, hər geyimi geyinə, bir-birinə zidd obrazları canlandıra bilərəm. Müxtəlif xarakterli insanlarla tanış olmağı xoşlayıram. Belə deməyimə baxma. "Koleston"dan təklif gələndə saçlarımla bağlı dəyişikliyə hazır olmadığımı hiss etdim. Əslində bir tərəfdən saç stilimi dəyişməyi çox istəyirdim. Hətta menecerimə deyirdim ki, "kaş elə bir rol təklifi gələ ki, saçlarımı dibindən kəsməli olaram". Bu layihə üçün saçlarımı rənglətməyə razı olduqdan sonra çox gözəl reaksiyalar aldım. Ətrafımdakı insanlar "Bunu gərək daha öncə edərdin", "Elə bil təzələnmisən", "Dərin daha parlaq görünür" kimi komplimentlər deməyə başladılar.

- Serialın bitdi. Adətən, aktyor və aktrisalar bu fürsətdən istifadə edib tətil məkanlarına üz tuturlar. Sən isə dincəlmək əvəzinə bu reklam kampaniyasına razılıq verdin.

- Mən boş dayananda yorulanlardanam. Saçlarımı boyamadan öncə 10 gün istirahət etmişəm. O 10 gün fiziki yorğunluğumun azalmasına kifayət etdi. Harasa tələsmək hissinin olmaması və səhər erkəndən oyanmaq məcburiyyətində qalmamaq mənim üçün tətil kimidir.

- Karyerana gənc bir universitet tələbəsini canlandıraraq başlamışdın. Özünə inamı olan cazibədar Özgə Özpirinçcini nə vaxt kəşf etdin?

- "Ağır Roman yeni Dünya" filmində canlandırdığım Zəhər Ahu obrazı mənim üçün bir ilk oldu. Atasız böyümüş bir qız idi. Bir dəfə oğurluğa gedir və bu zaman geyimini dəyişir. Seksual paltarlar geyinir, parik taxır. Qadın olduğunu bilir, ancaq daxilində əsəbi bir qız uşağı var. Onun sayəsində qısa bir ətəyi aşağı çəkmədən, rahat şəkildə, qürurla geyinməyi öyrəndim. Daha sonra da "Tatar Ramazan"dakı Alin obrazı sayəsində içimdəki qadını kəşf etdim. Başa düşdüm ki, bir az əsəbi olmaq qadına yaraşır. Xüsusilə ekranda çox seksual görünür.

- Karyeranda gəldiyin yerdən razısan, yoxsa daha yüksək hədəflərin var?

- 7 ildir ki, bu sektordayam. "Mələklər qorusun" serialı ilə başlayanda balaca idim. Əvvəlki görüntülərimə baxanda özümdəki dəyişikliyi daha çox hiss edirəm. İndi zirvədə olmasam da, zirvəyə yaxın bir yerdəyəm. Əgər aktrisa olmağı seçmisənsə, peşə ilə bağlı xəyalların əsla tükənməz. Mən də gələcəkdə ekrana daha yaxşı işlərlə gəlməyi planlaşdırıram. Əsl aktrisa mahnı oxumağı bacarmalıdır, iki dil bilməlidir, ən az bir musiqi aləti çalmağı bacarmalıdır. Bu mövzularda özümdə çatışmazlıq hiss edirəm. Hələlik, bunların heç biri ilə bağlı kursa getməmişəm. Çox yaxında səsimdən istifadə etməyi öyrənmək və kaman çalmaq üçün kurslara getməyi düşünürəm.

- Bugünkü Özgənin formalaşmasında birlikdə rol aldığın aktyor və aktrisaların rolu varmı?

- Maşallah, bu günə kimi o qədər yaxşı sənətçilərlə birgə işləmişəm ki, onlardan nəsə öyrənməmək mümkün deyil. Axırıncı serialımda Buğra Gülsoyla tərəf müqabili oldum, çox əyləncəli idi. Lalə Başar ilə eyni layihədə olmaq mənə qürur verdi. Tez-tez teatr tamaşalarını izləyirəm. Sumru Yavrucukun tamaşalarını vaxtaşırı izləməyə çalışıram. Onda xoşuma gələn mimikaları dərhal oğurlayıb özümünküləşdirirəm.

- Hansı gözəllik qaydalarına əməl edirsən?

- İdmanla məşğul oluram, nəmləndirici kremlər çəkirəm, sağlamlıq üçün yararlı qidalar yeməyə çalışıram. Amma çox da baxımlı deyiləm. Məsələn, saçlarıma heç nə etmirdim. Yuyub, qurudub evdən çıxırdım. Qulluqla bağlı məsələlərdə bir az tənbələm. Əvvəllər fotosessiya zamanı əlimi, ayağımı gizləməyə çalışırdım. Əl və ayaqlarımın böyük və çirkin olduqlarını düşünürdüm. Amma indi ayaqlarım və əllərim olduğu üçün özümü şanslı hiss etməli olduğumu bilirəm. Bədənimlə barışmışam.

- Özünü cəsarətli hesab edirsən?

- Bu mövzuda təvazökar olmayacağam. Bəli, mən cəsur bir qadınam. Həyat tərzim, baxış bucağım, uğruna mübarizə aparmaq istədiyim şeylər bunu deməyə əsas verir. İndi burada müsahibə verirəm, amma durub bir anda mitinqə çıxa bilərəm. Bu xasiyyətim aldığım tərbiyədən qaynaqlanır. Valideynlərim də sözü üzə deyən insanlardırlar. Mən də eləyəm. "Kaş ki" deməmək üçün o an ağlıma nə gəlirsə edirəm.

- Nifrət etdiyin və dəyişdirmək istədiyin xasiyyətin?

- Zamanımı düzgün planlaşdıra bilmirəm. Məsələn, bəzən boş vaxtım olur. O vaxtı kitab oxuyaraq, idman edərək, dostlarımla və ya ailəmlə görüşərək dəyərləndirmək istəyirəm. Ancaq sonra hər şeydən vaz keçib evdə otururam.

- Astrologiya ilə maraqlanırsan?

- O mövzularda çox məlumatım yoxdur, ancaq mənə maraqlı gəlir. Məsələn, kimsə bürclər haqqında danışanda saatlarla oturub qulaq asa bilərəm. Hər ay Suzan Millerin yazdığı bürc yozumlarını oxuyuram. Çox əyləncəlidir.

- Təklikdə nə etməkdən xoşun gəlir?

-Yerimək. Çox gözəl bir hissdir. Caddebostandan başlayıram Kalamışa kimi yeriyirəm. Berrak Tüzünataç da arada mənə qoşulur. Yazıq qız evinin yaxınlığında idman edəndə paparassilər hər gün onu çəkirlər, ona görə də mən o tərəflərdə yerimirəm .

- Həyatında iz qoyan anlar olub?

-Özümlə bağlı hadisələri tez unuduram. Desən ki, 3-4 il öncə nə edirdin, xatırlamaram. Amma uşaqlıq illərimin çox gözəl keçirdiyimi xatırlayıram. O illəri əks etdirən bir şəkilə baxmağım hər şeyi xatırlamağım üçün kifayət edir. Hamı mənim özümə güvənimin yüksək olduğunu düşünür. Bunun üçün ailəmə təşəkkür edirəm. Məni o qədər yaxşı böyüdüblər ki.

- Sevgini valideynlərinə hiss etdirirsən?

- Anamla atamı çox sevirəm, ancaq böyük qardaşımın yeri tam başqadır. Hətta elə olub ki, qardaşıma görə, anamla atamla üz-göz olmuşam. Əslində bizim bir-birimizə qarşı belə mehriban olmağımız onların xoşuna gəlir.

- Keçmiş illər üçün darıxırsan?

- Keçmiş haqqında çox düşünən bir insan deyiləm. Mənim xəyallarım gələcəklə bağlıdır.

- Eşq insanı dəyişdirir?

- Axırıncı dəfə Arzum Uzunun kitabını oxudum. 15-17 yaş arası qızlarla bağlı bir hekayə idi. 15 yaşındakı qızların eşq həyatını oxuyanda o yaşlarda yaşadıqlarımı xatırladım. Xoşum gələn oğlan mənə baxdı deyə, az qalsın sevincdən ölürdüm. 2 gün sonra isə mənə baxmadığı üçün özümü otağıma həbs edib ağlayırdım. Bəzən elə bilirik ki, eşq müəyyən yaşdan sonra olur. Yox, əslində hər yaşda aşiq olmaq olar, ancaq hər dəfə situasiyalar dəyişir.

Əgər "mən bu adamın nəyinə aşiq olmuşam" deyə bilirsənsə, deməli, sənin üçün təhlükə yoxdur. Amma düşünüb daşınsan belə onda heç bir qüsur tapa bilmirsənsə, sənə keçmiş olsun, yazıqsan (Gülür). Eşq insanı dəyişdirməyə qadirdir, buna inanıram.

- Burak Yamantürk həyatında nəyi dəyişdi?

- Onun sayəsində performans sənəti ilə maraqlanmağa başlamışam.

- Ötən gün "Instagram"da Burak Yamantürklə çəkilmiş bir fotonu paylaşıb "O, mənə baxdı, mən ona baxdım, sonra bir də gördük ki, biz olmuşuq" şərhini yazmışdın. Münasibətiniz necədir?

- Hazırda hər şey çox yaxşıdır, hər şey çəhrayı rəngdədir. Burak çox yaxşı insandır. Mənə hər işimdə dəstək olur.

- Həyat getdikcə çətinləşir. Səncə, bunun qarşısını almaq üçün nə etmək lazımdır?

- Həyat çətindir, həm də təkcə Türkiyədə yaşayan insanlar üçün yox, hər kəs üçün yaşamaq çox çətindir. Beş dəqiqə "Twitter"-də vaxt keçirmək bütün əhval ruhiyyənizin korlanmasına bəs edir. Bir tərəfdə köç etməyə çalışan insanlar görürsən, bir tərəfdə Çindəki it festivalını, ya da qadın cinayətlərini - bütün bunlar insanı dəhşətə salır. Özümüz haqqında, bizi xoşbəxt edəcək məşğuliyyətlər haqqında danışmaq əvəzinə həyatın çətinlikləri haqqında düşünürük. Zövq aldığımız məşğuliyyətləri həyata keçirməyə vaxtımız qalmır. Başqalarını çox asanlıqla tənqid edirik. Halbuki düşünməliyik ki, biz özümüz belə həmişə eyni qalmırıq. Başqasının nə yaşadığını, hansı hissləri, ağrıları yaşadığını bilmədən tənqid etmək ağlasığmazdır.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR