"Geyimlə 3 manat, çılpaq 5 manat": soyunub pul qazananlar - FOTOLAR
Bizi izləyin

Layihə

"Geyimlə 3 manat, çılpaq 5 manat": soyunub pul qazananlar - FOTOLAR

Naturaçı dedikdə hər kəsin beynində gözəl bədən quruluşu, cəzbedici formalar, süzgün baxışlar canlanır, klassik yunan heykəlləri və ya çılpaq qadın təsvir olunmuş romantik rəsm əsərləri yada düşür. Sözsüz ki, bütün bu valehedici gözəlliklər istedadlı rəssamlar tərəfindən yaradılır. Lakin saatlarla eyni vəziyyətdə dayanıb poza verən naturaçılar olmasa, onlar bu işin öhdəsindən çətin ki gələ bilsin. Çılpaq qadın və kişi rəsmlərinə, yaxud heykəllərə dayanıb saatlarla tamaşa etmək, romantik xəyallara dalmaq olar. Təəssüf ki, rəssamlara poza verən naturaçıların iş prosesini heç də romantik adlandırmaq olmaz. Naturaçıları incəsənət naminə soyunub rəssam fırçasına material verməyə məcbur edən tək səbəb ehtiyac və imkansızlıqdır. Xüsusi ilə yaradıcılıqla heç bir əlaqəsi olmayanlar üçün bu proses ağır keçir. Çoxunun ailəsi naturaçı kimi işlədiklərindən xəbərsizdir. Axı naturaçılıq heç də birmənalı qarşılanmır...

Naturaçıların iş prosesi ilə yaxından tanış olmaq üçün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına üz tutduq. Əsrarəngiz heykəllərlə döşənmiş foyedən keçib natura şöbəsinin otağına yaxınlaşdıq. Əvvəlcə natura şöbəsinin rəhbəri Həqiqət Əliyevadan naturaçı olmaq üçün nə kimi şərtlər tələb olunduğunu soruşduq.

Tələblər

Həqiqət xanımın sözlərinə görə, təhsil ocağına naturaçı kimi fəaliyyət göstərməyə gələnləri müəllimlər və tələbələr özləri seçir: “Bu iş üçün ideal gözəllik, modellik və yaş kriteyaları mühüm rol oynamır, ilk növbədə plastikaya fikir verilir. Məsələn, gözəl və yaraşıqlı bir adamın plastikası yoxdursa, onu işə götürmürük. Naturaçıların qonorarı işlədiyi saata görə hesablanır. Geyimlə 1 saatı 3 manat, çılpaq dayanmaq 5 manatdır. Gələn naturaçıları müqavilə ilə işə götürürük. Naturaçıdan əsasən saatlarla tərpənməmək, eyni pozada qalmaq tələb olunur. Rəssamlar çox vaxt cavan naturaçı axtarır. Bu da yaşlı insanların uzun müddət eyni pozada dayana bilməməsi və tez yorulması ilə əlaqəlidir.

Naturaçıların iş saatları da fərqlidir. Bəzən 2 və ya 4, bəzən 6, maksimum da 8 saat işləyir. Bizə müraciət edənlər arasında müxtəlif peşə sahibləri var. Özü də onların çoxu həkim, jurnalist, müəllimə, təhsili olmayanlar və sair təbəqədəndir. Geyimli dayanan naturaçılarımız çoxdur, çılpaq dayanmaq istəyənlər az olur. Hazırda bizə daha çox çılpaq naturaçı lazımdır. Çünki indi tələbələrin işlədikləri mövzular daha çox çılpaq naturaçı tələb edir. Xüsusən heykəltəraşlar üçün yalnız çılpaq olmaq lazımdır”.

“Həyat yoldaşımı qısqanmıram”

Naturaçılar jurnalist olduğumu biləndə sanki ifşa olunmuş kimi hərəsi bir kənara çəkilib danışmaq istəmədiklərini dedilər. Adlarının gizli qalacağına söz verəndən sonra bir qədər ürəklənib niyə naturaçı olduqlarını, işləri ilə bağlı çətinliklərdən danışmağa başladılar. 3-cü qrup müharibə əlili, 45 yaşlı Azad Məmmədov (ad şərtidir) bu işlə 10 ildən artıq məşğul olduğunu dedi: “Əvvəllər zavod və fabriklərdə işləmişəm, onlar bağlanlıqdan sonra iş tapa bilmədim, ona görə də naturaçı olmağa qərar verdim. Aldığım qonorar saata görə hesablanır. Amma günlərlə işsiz qaldığım vaxtlar olur. Bundan əlavə, ilin 6 ayını işləmirik. Həyat yoldaşım da mənimlə birlikdə Rəssamlıq Akademiyasında naturaçı kimi çalışır, onu qətiyyən qısqanmıram. Çünki bura ali təhsil ocağıdır, tələbələr və müəllimlər bizimlə yaxşı rəftar edir, işlədiyim bu illər ərzində bir dəfə də olsun qeyri-etik hadisə ilə rastlaşmamışam. Qohumlarımız nə mənim, nə də həyat yoldaşımın hansı işlə məşğul olduğumuzu bilmir. Ümumiyyətlə, gördüyümüz işi mümkün qədər hamıdan gizlətməyə çalışırıq. Səbəbi də insanların naturaçıları birmənalı qarşlamamasıdır. Bizim peşəmizə dırnaqarası baxırlar, çılpaq dayandığımızı biləndə ağıllarına min cür fikir gəlir”.

“Rəssamlar naturaçının gözəlliyinə və seksuallığına fikir vermir”

51 yaşlı Qənirə Nurməmmədova bu işlə 15 ildən çox məşğul olduğunu söylədi: “Kollektivimiz çox yaxşıdır, burada mədəni səviyyə yüksəkdir. İşlədiyim illər ərzində müəllim və tələbələrdən bir dəfə də olsun əxlaqsız davranış görməmişəm. Kənardan baxanda işimiz çox asan görünə bilər, lakin qətiyyən belə deyil. İşimiz kifayət qədər sərtdir, hərəkət etmədən, gözünü qırpmadan bir neçə saat lazımi pozada dayanmalısan. Fasiləyə 45 dəqiqədən bir icazə verilir, o da qısa müddətli olur. Uzun müddət eyni pozada dayanırıq, onurğa sütunu daim ağrıyır. Bəziləri dözməyib, dərsin ortasından gedir. Belə hallarda rəssamlar onun əvəzləyicisini axtarmağa məcbur olur. Akademiya təmir olunmazdan əvvəl soyuq otaqlarda dona-dona dayanırdıq, tez-tez xəstələnirdik. Şükürlər olsun ki, indi şərait çox yaxşıdır, istilik sistemi yaxşı işləyir.

Yaşlı olduğuma görə, bəzən mən də işlə bağlı müəyyən problemlərlə üzləşirəm. Lakin qeyd etməliyəm ki, keçmişdə rəssamlar əsərlərində kök və yaşlı xanımları təsvir edərdilər. Təəssüf ki, indiki tələbələr arıq və cavan naturaçılar axtarışındadır. Gənc rəssam və heykəltəraşların bu istəyini yaşlı insanların dözümsüz olması, bir də əsərə daha çox boya və palçıq sərf olunması ilə izah edə bilərəm. Buna baxmayaraq, üz cizgilərim romalılara bənzədiyi üçün burda mənə hələ də tələbat var. Xüsusi olaraq onun da vurğulamalıyam ki, tələbələrimiz və müəllimlərimiz plastik əməliyyatla gözəlləşən, dodaqlarını şişdirən, burnunu kəsdirən, yanaqlarına slikon vurduran insanlarla işləmək istəmir. Rəhbərlik də onları işə götürmür. Çünki plastik əməliyyat etdirənlərin siması şəkildə süni görünür, hətta üzdə makiyaj da olmalı deyil. Bu, rəssamın işinə, rəsm əsərində cizgilərin təbii alınmasına mane olur. Həmçinin rəssamlar naturaçının gözəlliyinə və seksuallığına fikir vermir. Çılpaq poza verəndə büstqalter taxmağa icazə vermirlər. Tələbələr sinə əzələlərini, həcmini aydın görməlidir. Sözsüz ki, aldığım pul müqabilində saatlarla çılpaq dayanmağa dəyməz. Bəzən 9-dan 7-dək işləməli oluruq. Belə hallarda huşunu itirənlər də olur. Amma işsiz qalmaqdansa, bu çətinliyə dözməyə üstünlük verirəm. Ən azından işıq, qaz və su pulunu ödəyirəm”.

“İdeal bədən quruluşu rəssamlar üçün maraqlı deyil”

25 yaşlı Fidan Əhmədovanın ailəsi onun naturaçı olduğundan xəbərsizdir: “5 yaşında yıxıldım, gözüm zədələnmişdi. Bu hadisədən sonra həkimlər mənə oxumağa, yazmağa icazə vermədilər. Kasıb ailədə böyümüşəm, vaxtında müalicə ala bilmədim, buna görə də, məktəbi atmalı oldum. Belə bir iş təklif olundu, imkansızlıqdan razı oldum. Diplomsuz, savadsız bir qızam, başqa seçimlərim yox idi. Əslində, işimi sevirəm, ilk vaxtlarda sıxılırdım, utanırdım, elə bilirdim ki, hər kəs mənə gülür, sonradan poza verməyi öyrəndim və bu iş mənim üçün adiləşdi. Öz işimə qarşı məsuliyyətliyəm, bir də naturaçılar komplimenti çox sevir. Bizə tərif deyəndə daha həvəslə çalışırıq. İdeal bədən quruluşu rəssamlar üçün maraqlı deyil, daha çox plastikaya fikir verirlər. Heykəltəraşlar və rəssamlar naturaçıları normal qəbul edir, bizə hörmətlə yanaşır, başqalarına naturaçı olduğumu deyəndə pis yerə yozur. Mənim də ailəmin naturaçı olduğumdan xəbəri yoxdur. Bilsələr, qəbul etməzlər, deyəcəklər ki, “Get satıcı işlə!” Mən isə satıcı işləmək istəmirəm. Satıcıların maaşı çox azdır, məni qane etmir”.

“İncəsənət qurban tələb edir”

34 yaşlı Samirə Ağayeva uşaqlıda rəssam olmaq istədiyini, bu sənətə vurğun olduğunu söylədi: “Rəssam olmaq uşaqlıq arzum idi. Valideynlərimi erkən yaşlarda itirdiyim üçün təhsilimi atmalı oldum. Atam da, anam da vəfat etmişdi, heç kimim yox idi, 14 yaşında məni qaçırdılar. Övladlarım dünyaya gəldikdən sonra səhhətimdə müəyyən problemlər yarandı. Həyat yoldaşımdan ayrıldım, maddi sıxıntılarım var idi, özümü necəsə donaldırmalı idim. Bu təklifi eşidəndə əvvəlcə tərəddüd elədim, sonra razılaşdım. Sözsüz ki, işə marağım var idi, amma hamı kimi məni də naturaçı olmağa maddi problemlər sövq edib. Saatlarla eyni mövqedə dayanmaqdan ayaqlarımda varikoz xəstəliyi yaranıb, aldığım pulu da dərmanlara tökürəm. Başqa iş axtarmışam, amma bütün cəhdlərim puça çıxıb. Hər yerdə yaş məhdudiyyəti var, iş üçün müraciət etdiyim bir çox sahədə 18-25 yaş arası işçi tələb olunur. Son çıxış yolum bura oldu, ona görə də insanların məni qınamağa haqqı yoxdur.

İki oğlum var, böyüyü 20 yaşındadır. Naturaçı olduğumu heç birinə deməmişəm, onlar başqa dünyaların insanlarıdır. Naturaçının pis iş görmədiyini və öz halal pulumu qazandığını onlara izah edə bilmərəm. İzah etsəm də başa düşməzlər. Hər halda incəsənət qurban tələb edir. Tələblərlə münasibətlərimiz çox yaxşıdır, onlar başa düşür ki, biz olmasaq, onların işi alınmaz”.

“Yaşlı naturaçıların halına acıyırıq”

Natura şöbəsindən çıxıb akademiyanın tələbələrinin fikirlərini də öyrəndik. Tələbələrdən birinin sözlərinə görə, onlar yalnız akademiyanın onlara təqdim etdiyi naturaçılarla işləyir: “Naturaçıların əmək haqqı azdır. Onlar saatlarla ayaq üstə müxtəlif pozalarda dayanır. Bizdə naturaçı işləyən xadimələrə, hamilə qadınlara və yaşlı insanlara da rast gəlmək olar. Belə insanlarla işləyəndə onların halına acıyırıq. Başa düşürük ki, buraya keflərindən yox, ehtiyac üzündən gəlirlər. Bütün tələbələr naturaçılarla yaxşı rəftar edir, onlarla aramızda ciddi problemlər olmur. Sözsüz ki, onlar olmasa, işlərimiz yaxşı alınmaz. Ümumiyyətlə, tələbə üçün naturaçının xarici görünüşü böyük rol oynamır, plastikasının olması daha vacibdir”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm