• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Elza Seyidcahan: “Ayağımın altı at nalı kimi olub” - MÜSAHİBƏ

  • Magazin1
  • 30 İyul 2015 14:30
  • 2 484 Baxış
Elza Seyidcahan: “Ayağımın altı at nalı kimi olub” - MÜSAHİBƏ

Yerli teleməkanda növbəti qalmaqal bu dəfə ANS telekanalında düşüb. Belə ki, "Evdəyik" verilişinin aparıcısı Ulvira Qarayeva qonağı olan əməkdar artist Elza Seyidcahanı özündən çıxarıb. Belə ki, "maraqlı xanım Elza Seyidcahan" deyə təqdim olunmaq əməkdar artistə od qoyub. Təqdimatdan xoşu gəlməyən Elza xanım da susmayıb. O həm aparıcıya, həm də verilişin yaradıcı heyətinə etiraz edərək verilişi tərk edib.

Məsələ ilə əlaqədar Publika.az əməkdar artist Elza Seyidcahandan müsahibə götürüb.

- Elza xanım, Ulvira xanımla aranızda nə baş verib?

- (sözümü kəsərək) Düzü, verilişə baxmamışam. Hətta orada etiraz edəndə belə mikrofona danışmadım. Çünki söhbətimiz efirlik deyildi. Sözümü efirə verilməsi üçün demədim və bu səbəbdən də bunu etmək məsləhət deyildi. Amma təəssüf ki, efirə belə şeyləri verirlər. Demək, reytinqi belə şeylərin üzərində qururlar.

- Axı orada sizə qarşı pis bir şey olmayıb... Orada xoşunuza gəlməyən nə oldu ki?

- Niyə pis deyil? Pisdir. Gözəl bir sənətkar gəlib və ona deyirlər maraqlı xanım. Maraqlı xanımı tanımadığın birisi haqda demək olar. Mən neçə illərdir sənətdəyəm. Fəaliyyətimlə göz qabağındayam. Əməkdar artistəm, Bəstəkarlar İttifaqının üzvüyəm, Rus Dram Teatrının işçisiyəm... saysam, ardı da gələr. Mən demirəm ki, adlarımı sadalasınlar. Sadəcə, "maraqlı" demək düzgün deyil. Özü də məni təqdim edərkən. Verilişin ortasında bunu demək olar. Mən qəbul da edərdim. Amma məni verilişdə təqdim edərkən "maraqlı xanım" kimi təqdim etmək olmaz. Necə yəni, "qonağımız maraqlı xanım Elza Seyidcahandır?" Bu nə deməkdir? Mən "Əməkdar artist" fəxri adını daşıyıram. Bu adı mənə ölkəmizin prezidenti verib. Bu adı, xalqın sevgisini mən damla-damla qazanmışam. Bu adın həsrəti ilə yaşayan və həmin həsrətlə dünyasını dəyişən insanlar var. Niyə mənim bu adım deyilməməlidir? Zəhmət çəkib hər kəs desin.

- Ulvira Qarayevanın sizə qarşı qərəzli olduğunu düşünməyiniz üçün əsasınız var?

- Məni dəfələrlə verilişə dəvət ediblər. Ancaq gedə bilməmişəm. Bu o demək deyil ki, getmək istəməmişəm. Sadəcə, vaxtım olmayıb. Mənim Ulvira xanıma da, verilişin prodüseri Səadət xanıma da hörmətim var. Mən onları çoxdan tanıyıram. Dəfələrlə çağırışlarına gedə bilmədiyimdən qıcıqlanıblar. Ən çox Ulvira qıcıqlanıb. Məni təqdim etdikdən sonra durdum keçdim pərdə arxasına və verilişin prodüserinə etirazımı bildirdim. Səadət xanım da düzgün təqdim olunmadığımı etiraf etdi. Mənə söylədi ki, keç əyləş, Ulviraya deyəcək, o, verilişin sonunda səhvini düzəldəcək. Mən heç kəsə deməmişəm ki, məni titullarımla təqdim edin. Sadəcə, hiss etdim ki, Ulvira xanım məni bilərəkdən elə təqdim etdi.

- Bəs niyə prodüserin sözünə qulaq asıb, verilişin sonunu gözləmədiniz?

- Artıq verilişdə otura bilməyəcəyimi anladım. Başa düşürəm, o verilişdə qonaq tək mən deyildim. Verilişi pozmaq olmazdı. Ora gələn qonaqlardan da üzrxahlıq etdim. Baxmayaraq ki, orada olan qonaqları yaxşı tanımırdım. Oturmaq istəsəm də, gördüm, Ulvira özünü müdafiə etməyə çalışır. Özünə haqq qazandırırdı. Mən çoxdan maraq dairəsindən çıxmışdım.

- Aranızda efirə yayımlanmayan mübahisə uzun sürdü?

- Yox, elə uzun mübahisə etmədik. Fikrimi bildirdim və studiyanı tərk etdim. Qarşı tərəf istəyirdi ki, mən bütün bunları mikrofona deyim. Gördüm ki, təkrar deyəndə söz-söhbət uzanacaq. Ona görə də çıxıb getdim.

- Elza xanım, bəziləri bu hərəkətinizi özündənrazılıq kimi qəbul edir...

- Xahiş edirəm, bunu belə qəbul etməsin heç kəs. Mən bircə ondan razıyam ki, özümdən narazıyam. Ancaq hörmət olunmayan yerdə oturmamalısan. Heç həmin yerin tozu də üzərində olmamalıdır. Mənə hörmət olunmayan yerdə necə otura bilərəm?

- Veriliş nə vaxt çəkilib?

- Avropa Oyunları ərəfəsində lentə alınmışdı. Özü də çox çətinliklə gedib çıxmışdım. Çəkiliş Lökbatanda olmuşdu. Bütün yollar da bağlı olmasına baxmayaraq, həvəslə getmişdim. Bu da axırı... İndi düşünürəm ki, dəfələrlə o verilişə getmək istəsəm də, alınmamışdı. Yəqin, getməyimə Allah icazə verməyib.

- Niyə bu diplomlara bu qədər önəm verirsiniz?

- Mən fəxri ad, diplom almaq üçün əziyyət çəkirəm. Tək mən yox, mənim qızım da anasının diplomlarına önəm verir. Mən xarici səfərdən qayıdanda ona çoxlu paltar alsam da, o, ilk növbədə diplom alıb-almadığım ilə maraqlanır. Mən bu diplomları, mükafatları kiminsə tapşırığı ilə almıram, zəhmətimlə qazanıram. Piano çalmaqdan barmaqlarım döyənək olub. Xarici tədbirlərdə ayaq üstə durmaqdan ayağımın altı at nalı kimi olub. Sənətkarları alçaltmaq olmaz. Buna görə də heç bir verilişə sənətkarlar getmir. Atatürkün belə bir kəlamı var ki, "Hər kəs ola bilərsiniz. Başbakan belə ola bilərsiniz. Amma sənətçi ola bilməzsiniz".

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR