Xalq artisti GİZLİNLƏRİ açıb-tökdü: “Məni öldürmək üçün Qobustanda daşdan hasar hördülər” - MÜSAHİBƏ-FOTOLAR
Bizi izləyin

Magazin1

Xalq artisti GİZLİNLƏRİ açıb-tökdü: “Məni öldürmək üçün Qobustanda daşdan hasar hördülər” - MÜSAHİBƏ-FOTOLAR

Onlar yeddi oğul kimi tanındı və sevildi, başçıları da Bəxtiyar idi. Aradan 45 il keçib və indi cəmi üçü həyatdadır. Sağ qalanlardan biri də Şahsuvardır. Əlbəttə ki, söhbət Azərbaycan kinosunun misilsiz incisi "Yeddi oğul istərəm" filminin Şahsuvarı- xalq artisti, sevilən aktyor Rafiq Əzimovdan gedir.

Publika.az-a müsahibə verən aktyor 45 il bundan öncə çəkilən filmlə bağlı xatirələrini bölüşdü.

- Rafiq müəllim, gəlin filmin çəkilişlərindən başlayaq, kadrlar harda lentə alındı?

- Döyüş səhnələri Qobustanda, qalan kadrlar isə Abşeronun Buzovna, Şağan, Fatmayi kəndlərində lentə alınıb. Ən çətin səhnələrimiz Qobustanda çəkilirdi. Bizim vaxtımızın çoxu ağır döyüş geyimlərində, at belində keçirdi. Havalar da çox isti idi. Təsəvvür edin, ilanmələyən Qobustanda belə səhnələrə çəkilmək nə deməkdir. Hər addımbaşı qarşımıza ilan, kərtənkələ, əqrəblər çıxırdı. Bir daldalanacaq da yox idi ki, qızmar günəşdən qorunaq. Hətta mən bir dəfə çəkiliş zamanı huşumu da itirdim.

- Bir çəkiliş gününə nə qədər qonorar alırdınız?

- Əslində, çəkiliş günü 16 manat yarım idi, amma çətinlikləri nəzərə alaraq, yeddi oğulun yeddisinə də 25 manat qonorar ayırmışdılar.

- At çapmağı bacarırdınız, yoxsa, sonradan öyrəndiniz?

- Yox, Cıdırda öyrəndim. O vaxt yeddi oğulun yeddisi də Cıdıra gedib, at çapmağı öyrəndik. Amma çox çətinliklərimiz oldu. Atdan yıxıldıq, zədələr aldıq. Elə rəhmətlik Həsən Məmmədov da bir dəfə atdan yıxılıb, diz qapağını zədələmişdi.

- Bildiyimə görə, Mirpaşa roluna əvvəlcə Səməndər Rzayev təsdiqlənibmiş, amma atlardan qorxduğuna görə, həmin rolu sonradan Elçin Məmmədova veriblər…

- Səməndərə yox, Eldəniz Zeynalova vermişdilər. Eldəniz də atdan qorxurdu. Elə bu qorxuya görə də Azərbaycan kinosunda iki böyük filmi əlindən vermişdi. "Qatır Məmməd"də Əziz, "Yeddi oğul istərəm"də Mirpaşa əvvəlcə ona təklif edilmişdi. Əziz rolunun sınaq çəkilişləri zamanı atdan yıxılıb zədə almışdı və elə həmin qorxu da canından çıxmamışdı.

- Bəs, atdan qorxurdusa, onu niyə filmə təsdiqləmişdilər?

- Çünki filmi əvvəlcə rejissor Kamil Rüstəmbəyova vermişdilər, hətta aktyorların da çoxu təsdiqlənmişdi. Sonradan ondan geri alıb Tofiq Tağızadəyə verdilər. Eldənizi də Kamil Rüstəmbəyov filmə dəvət etmişdi. Elə oldu ki, çəkilişlər zamanı Eldəniz ata yaxın durmadı. Cıdırda məşqlər zamanı da Tofiq müəllim bütün günü yanımızda olmurdu. Biz Cıdırda məşq edən zaman Eldəniz sakitcə oturub bizə tamaşa edirdi. Bir gün Tofiq Tağızadə gəldi ki, görsün, biz necə at çapırıq. Onda gördü ki, Eldəniz oturub bizə baxır. Tofiq müəllim dedi ki, Eldəniz, dur sən də at çap görüm, öyrənmisənmi? Eldəniz dedi ki, yox, mən elə çəkilişlərdə at çapacağam, məşqə ehtiyac yoxdur. Nədənsə, at çapa bilmədiyini gizlədirdi. Tofiq müəllim də qışqırdı ki, ə, nə çəkilişlər, dur min ata. Onda bildik ki, Eldəniz atdan qorxur. Belə olanda Tofiq müəllim həmin rolu Mirpaşaya verdi.

- Film niyə Kamil Rüstəmbəyovdan geri alındı ki?

- Nə bilim, deyəsən, demişdilər ki, bu film çox böyük səs-küy yaratmalıdır. Görünür, Tofiq Tağızadəni daha uyğun bilmişdilər.

- Buna görə onların aralarında narazılıq, umu-küsü yaşandı?

- Yox, Kamil Rüstəmbəyov çox gözəl insan və peşəkar rejissor idi. O hər sözün başına ip salmazdı.

- Onun təsdiqlədiyi aktyorları Tofiq Tağızadə sonradan dəyişdi?

- Yox, elə həmin aktyorlar çəkildi, bircə Eldənizdən başqa.

- Çəkiliş zamanı başınıza maraqlı əhvalatlar da gəlib yəqin?

- O qədər… Bəxtiyar Cəlalın ölümündə günahkar saydığı Humayı döydüyü səhnə çəkilərkən mən Tofiq Tağızadəyə dedim ki, qızı döymək heç kişilikdən deyil, bizi buna görə qınayacaqlar. Qayıtdı ki, nə məsləhət görürsən? Dedim ki, qoy bu yeddi oğuldan biri yaxınlaşıb Bəxtiyarı sakitləşdirsin. Tofiq müəllimin ağlına batdı, dərhal çəkilişə başladı. Mən onda Bəxtiyarın atına yaxınlaşıb, cilovu onun əlindən alanda qəfildən atının dişi mənim alnımın ortasına dəydi. Qan məni aparıb, amma isti olduğundan xəbərim olmayıb. Elə bilmişəm tər axır. Bir də onda görüdm ki, Həsən qışqırır ki, Tofiq müəllim, Rafiqi qan aparır. Tofiq müəllim də əsəbiləşdi və onun üstünə qışqırdı ki, bəyəm mən görmürəm, özüm istəyirəm ki, rol təbii alınsın.

- Doğrudan Həsən Məmmədov filmdə Humayı elə döyür?

- Yox, əslində, o kadrları ayrı-ayrı çəkiblər. Həsən yalandan havanı qırmanclayır, Humay da ayrı yerdə ağlayır. Filmdə elə görünür ki, Bəxtiyar Humayı əzazilliklə döyür. Sevənləri rəhmətlik Həsəndən buna görə incimişdilər. Həsən yazıq da hər yerdə and-aman edib deyirdi ki, vallah-billah Humayı döyməmişəm. Yalandan havanı qırmanclamışam.

- Bu filmə görə, bir neçə akytoru tamaşaçılar qəzəblə qarşıladı, elə Kələntər dayı rolunu oynayan İsmayıl Osmanlı da...

- Rəhmətlik İsmayıl Osmanlının o vaxtkı qrim otağında indi mən otururam. Yadımdadır ki, bir dəfə onun otağının yanından keçirdim, gördüm ki, İsmayıl müəllim əlində bir məktub çox pis haldadır. Yaxınlaşıb halını soruşanda , qayıtdı ki, kaş mən bu filmə çəkilməyəydim, gör məni necə söyürlər. Alıb məktuba baxdım, Cəlalı güdaza verdiyinə görə, yazıq kişiyə nələr yazmışdılar. Ata-anasını da söyürdülər.

- Rafiq müəllm, sovetlər dönəmində bilirik ki, filmlərimiz senzuradan keçirdi və bir çox kadrlar sonradan çıxarılırdı… "Yeddi oğul istərəm" də belə bir aqibətlə üzləşmədi ki?

- Moskvada dedilər ki, Gəray bəyi Bəxtiyar öldürməldir. Amma rejissor Tofiq Tağızadə axıracan israr etdi və kadrı dəyişmədi. Dedi ki, Gəray bəy heç vaxt gədə-güdənin əliylə ölə bilməz, o özünü güllələməlidir. Bu filmdə belə də oldu, rejissor Həsən Turabova dedi ki, gülləni başına çaxmalısan.

- Ölüm səhnənizi necə xatırlayırsınız?

- Yaxşı yadıma saldınız, elə onu danışacaqdım. Bütün oğulların ölüm səhnəsi çəkilib qurtarmışdı, amma mən heç cürə ölə bilmirdim (gülür).

- Niyə?

- Hər dəfə bir iş çıxırdı, ölümüm təxirə düşürdü. Bir dəfə çəkiliş zamanı istidən huşumu itirdim, çəkiliş təxirə düşdü, sonra da başqa iş çıxdı. Axırda zarafatla hər kəs mənə dedi ki, ay Rafiq, öl qurtar, biz də işimizi yekunlaşdıraq. Bir gün çəkiliş meydançasına bir maşın daş gətirdilər. Tofiq müəllmdən soruşdum ki, bu daşlar nə üçündür. O da qayıtdı ki, sənin ölümünü təşkil etmək üçün bu daşları gətizdirmişik. Sonra məni öldürmək üçün daşdan hasar hördülər və mən o daşların arasından tüfəng atmağa başladım. Tüfəng atdıqca toz-duman göyə qalxırdı. Mən də bezib eynəyimi silməyə başladım. Tofiq müəllim tez qışqırdı ki, əla, elə bu kadrı çəkmək lazımdır. Elə həmin kadr da filmə salındı. Əslində mən güllələri boş havaya sıxırdım. Amma filmdə o güllələrin hər birinə bir düşmən öldürmüşəm. Bax, filmin belə maraqlı texnikası var.

- Elə Mirpaşanın da ölümü maraqlı oldu.

- Elədir, kürəyinə saplanan bıçaq o qədər mükəmməl texniki vasitə ilə hazırlanmışdı ki, hamı elə bilirdi bıçaq doğrudan da kürəiynə saplanıb. Hətta həyəcanla onun ölümündən danışırdılar. O vaxtlar biz heç kimə bu sirri açmırdıq, çınki kinonun sirlərini açsaydıq, insanlar üçün maraqlı olmazdıq.

-Yeri gəlmişkən, film ekranlara çıxandan sonra tamaşaçılar necə qarşıladı?

- Biz küçəyə çıxan kimi hamı bizi möhtəşəm yeddilik kimi qarşılayırdı. Hər yerdə məni Şahsuvar deyə çağırırdılar. Film nəinki Azərbaycana, bütün dünyaya səs salmışdı.

- Amma "7 oğul istərəm"i "Velikolepnıy semyorka" filminin plagiatı kimi də qələmə verənlər oldu…

- O vaxtlar da belə söz-söhbətlər yayıldı. Amma əsassız fikirlər idi. Çünki "Komsomol" poemasını Səməd Vurğun 30-cu illərdə yazmışdı, onda heç o film çəkilməmişdi.

- Bu gün "Yeddi oğul"dan üçünüz qalmısınız-Şahsuvar, Cəlal, Uzundraz Qasım… Heç bir-birinizlə ünsiyyət qurursunuz?

- Sənət dostlarıyıq, münasibətimiz də çox gözəldir. Heyif ki, o biri oğullar dünyasını dəyişib.

Cəvahir Səlimqızı

Foto:Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm