• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanlı aktyor: “Mən Eyfeldən çox, onların küçə tamaşalarını sevdim”

  • Magazin1
  • 9 Sentyabr 2015 03:47
  • 521 Baxış
Azərbaycanlı aktyor: “Mən Eyfeldən çox, onların küçə tamaşalarını sevdim”

Azərbaycanın müstəqil “Oda” teatrının Fransaya qastrol səfəri yekunlaşıb. Teatrın rəhbəri Elmin Bədəlov Publika.az-la səfər təəssüratlarını bölüşüb:

- “Oda”nın yeni tamaşası olan “MimOda 18+” hazır olandan sonra festivallar haqda maraqlandıq. Bildiyiniz kimi, tamaşanın rejissoru İmam Həsənov, aktyorları mən və fransız aktrisası Elza Furtado idi. Rejissor və biz aktyorlar festivallar haqda maraqlanırdıq. Ancaq Elza xanım bizdən daha çevik tərpəndi və tamaşanı Fransada keçirilən “Oriak küçə teatrları festivalı – 2015”də qeydiyyatından keçirdi. Bir neçə gün sonra bizə cavab gəldi və bizi Fransaya dəvət etdilər. Dəvəti məmnuniyyətlə qəbul etdik. Nəninki festivalda, Fransanın bir çox şəhərlərində “Oda”nı təmsil etdik. Küçələrdə, teatrlarda “Oda”nın plakatlarını asırdıq. Hətta Oriak şəhərində üzərinə “Oda Theatre Azerbaijan”, “Azərbaycan – Fransa, Oriak 2015” festivalında “MimOda 18+” tamaşası” sözləri yazılmış plakatlarla küçələri gəzib “fleşmob” keçirdik. İnsanları tamaşamıza baxmağa dəvət edirdik. Bundan əlavə, Fransanın tanınmış rejissor və aktyorları ilə görüşlərimiz oldu. Onlara Azərbaycan barədə, “Oda” Teatrı haqda məlumatlar verdik.

“Şərq Teatrlar evi”ndə olduq. Bu teatr evi dünyada çox məşhurdur. Onlar başqa ölkələrin teatrları ilə əməkdaşlıq edir, tamaşa, pyes mübadiləsi aparır, eyni zamanda dünya teatrlarının Fransaya qastrol səfərini təşkil edirlər. Biz həmin teatr evinin Azərbaycan qolunun yaradılmasını təklif etdik və təklifimiz dəyərləndirildi. Teatr evinin rəhbəri Dominik Dolmio artıq həmin qolu yaradıb və bu şəbəkəni Azərbaycanda “Oda” Teatrı təmsil edəcək. Növbəti illərdə bizim Fransa qastrollarımızı həmin Teatr evi təşkil edəcək. Bundan əlavə, dünyanın ən məşhur teatr festivalı olan “Avinyon 2016”-ya dəvət aldıq. Bir sözlə, Fransa səfərimiz gözlədiyimizdən də uğurlu keçdi. Bir festivala qatılsaq da, daha çox uğur əldə etdik. Onlardan biri də fransız rejissorların bizi Fransaya yenidən dəvət etməsi oldu. Festivala qatılan bir alman rejissoru bizə öz əlaqə nömrələrini verdi və bildirdi ki, tamaşamızın Almaniyada da nümayiş olunması üçün əlindən gələni əsirgəməyəcək. Fransada Azərbaycanı bir o qədər də çox tanımırlar. Bu baxımdan bizim festivala qatılmağımız oradakıların marağına səbəb oldu.

- Fransada müstəqil teatrlara münasibət necədir?

- Demək olar ki, Fransanın hər küçəsində ən azı bir teatr var. Nəinki Parisdə, hətta kəndlərdə də teatrlara, mədəniyyət ocaqlarına, rəsm qalereyalarına, kinostudiyalara rast gəlmək olur. Onların da əksəriyyəti müstəqildir. Fransada dövlət hesabına yaşayan teatrların sayı həddən artıq azdır. Yəqin ki onların sayı ondan çox deyil. Düzdür, dövlət qurumları və dövlət özü müstəqil teatrlara dəstək olur, şirkətlər teatrların tamaşalarına sponsorluq edir, pul qoyurlar. Ancaq onların müstəqilliyinə toxunmurlar. Teatr dövlətdən asılı deyil. Teatrların afişalarında müstəqil şirkətlərin də adına rast gəlmək olur. Ancaq bəzi teatrlar var ki, onlar yalnız tamaşaçının aldığı biletin sayəsində yaşayır. Çünki insanların teatra marağı böyükdür. Biletlər baha qiymətə də olsa, tamaşalar anşlaq keçir, insanlar tamaşaları qaçırmırlar. Teatr da bilet pulundan gələn gəlirin hesabına yaşayır. Biz bir neçə belə teatrın direktoru ilə tanış olduq. Onlar indiki vəziyyətlərindən, müstəqil olmalarından çox məmnundurlar. Fransızlar dövlət teatrlarından çox müstəqil teatrlara getməyi üstün tuturlar.

- “MimOda 18+” tamaşası Azərbaycanda qalmaqallara, polemikaya səbəb oldu. Fransada belə tamaşalara cəmiyyətin reaksiyası necə olur?

- Bizi Parisdə Barbara adlı fransız rejissor qarşıladı. Mən tamaşamızın necə qarşılanacağı haqda düşünürdüm. Barbaraya dedim ki, bizim tamaşa Azərbaycanda böyük polemikaya səbəb oldu, aktyorlar, rejissorlar, teatr adamları bu tamaşadan danışır, onlar mediayaya açıqlama verirlər, bəziləri belə tamaşanın vacibliyini vurğulayır, bəziləri də bizi əxlaqsızlıqda günahlandırır. Soruşdum ki, bu tamaşanı burada göstərsək, tənqid atəşinə tuş gəlmərik ki?! Barbara güldü və dedi ki, biz artıq aktyor və aktrisaları səhnədə çılpaq görməkdən boğaza yığılmışıq və burada insanlar belə tamaşalara çox normal yanaşırlar. Ancaq bütün bunlara baxmayaraq, burada 18+ tamaşalara maraq çoxdur.

Daha sonra “Oriak küçə teatrları festivalı”na yollandıq. Orada meriyanın dəvət etdiyi bir teatrın tamaşasına baxdım. Tamaşadakı obrazlar məmurlar və varlı insanlar idi. Bu tamaşaya 500-dən çox insan küçədə tamaşa edirdi. Onlar başa düşürdülər ki, rejissor həyatın reallığını olduğu kimi insanlara göstərir. Sonda aktyorları susmayan alqışlarla yola saldılar.

Elə götürək, bizim tamaşanı. Biz bu tamaşaya baxandan sonra daha da ürəkləndik və öz tamaşamızı Azərbaycandakı nümayişlərdən fərqli olaraq daha da açıq-saçıq oynadıq. Reallığı daha aydın göstərdik. Tamaşanın açıq-saçıq səhnələrində bizi alqışlayırdılar. Mən inana bilmirdim, bəzən mənə elə gəlirdi ki, yuxu görürəm. İnsanların tamaşanı çox normal qarşılaması bizi sevindirirdi. Onlar tamaşanın sonunda çox təsirlənmişdilər, bizi öpüb, qucaqlayırdılar. Xüsusən də tamaşanın bir hissəsində Azərbaycan dilində sözlərin olması onların çox marağına səbəb olmuşdu. Hətta sonda bir neçə nəfər mənə yaxınlaşıb xahiş etdi ki, onlara Azərbaycan dilində bir-iki söz öyrədim. Dediyim sözləri dəftərlərinə qeyd edirdilər. Küçə festivalında insanlar aktyorlar ilə çox yaxın olur və arada sərhəd olmadığından onlar bütün ürək sözlərini bizə deyə bilirdilər.

- Fransadakı təəssüratlarınızdan danışardız. Haralarda oldunuz?

- İlk olaraq Parisə getdik. 19 gün Fransada qalsaq da, festivala cəmi 4 günümüzü həsr etdik. Festival bitəndən sonra 15 gün Fransanı gəzib, orada görüşlər keçirdik. Daha sonra Bordo şəhərində olduq. Bir neçə gün də Monpaze və Oriak şəhərlərini gəzdik. Fransanın kəndlərində də olduq ki, şəhərlə kəndin fərqini hiss edək. Nədənsə mənə elə gəldi ki, kənd insanları ilə Parisdə yaşayanlar arasında çox fərq var. Kənd camaatı mərkəzdə yaşayanlara nisbətən daha istiqanlı idilər.

Əksər insanlar işsizlikdən şikayətlənirdilər. Düzdür, deyirdilər ki, onlarda sosial sistem yaxşıdır, əgər insanlar iş tapa bilmirlərsə, dövlət onlara hər ay pul yardımı edir. Orta hesabla onlara 600-700 avro pul verir ki, yaşaya bilsinlər. Lakin ev kirayəsi və ərzaq məhsulları çox baha olduğundan yaşamaq da çətinləşir. Orada maraqlı bir sistem də var. Dövlət çox pulu olanlardan çox vergi tutmaqla işsizlərə yardım edir. Eyni zamanda işçilərin maaşından müəyyən məbləğ tutur və vətəndaş işsiz qaldığı 3 il müddətində maaşı olduğu kimi ödəyirlər. Amma hər şey hənardan göründüyü kimi deyil. İnsanlar azad və rahat olsalar da, pul qazanmaq üçün çətinlik çəkirlər. Hətta orada tanış olduğumuz bir insan var idi, iki universitet bitirsə də, marketdə işləyirdi. Bir də onlar həddindən artıq çox danışan olurlar (gülür).

Fransa sivilizasiyaların mərkəzi sayılır. Fransanı görməyən adama bu şəhəri necə təsvir edərdin?

Orada olanda məndə belə bir fikir yarandı. Dünyaya baxmaq istəyirsinizsə, Fransaya gedin. Çünki Fransada müxtəlif ölkələrdən çoxlu insanlar yaşayır. Ancaq onlar qarışıq halda yaşamırlar. Məsələn, Parisdə bir rayon var ki, orada yaşayanların əksəriyyəti qara dərililərdir. Çinlilərin, yaponların, afrikalıların, ərəblərin, cinsi azlıqların yaşadıqları rayonlar var. Sanki onlar hissələrə bölünüblər. Çinlilərin yaşadığı rayona girəndə adama elə gəlir ki, Çindəsən. Onların yeməklərinin qoxusu, insanları, mühit adama belə bir təsir bağışlayır. Və yaxud başqa rayonlar. Elə bil sanki bütün dünya Parisə yığışıb. Adam elə bil bir dünyadan sanki başqa dünyaya düşür.

Onu da deyim ki, Fransa filmlərdə, reklam çarxlarında göründüyü kimi deyil. Həm də Paris təkcə Eyfel qülləsi ilə məhdudlaşmır. Düzdür, bütün turistlər Eyfelə üz tutur. Orada insan əlindən tərpənmək mümkün deyil, hamı “selfi” çəkdirir. Amma bu adi dəmir parçasından başqa bir şey deyil. Hətta Eyfelə baxmağa getdiyim üçün təəssüfləndim ki, vaxtımı boş yerə sərf etdim. Mən Eyfeldən çox onların küçə mədəniyyətini, küçə musiqilərini, tamaşalarını sevdim.

Söhbətləşdi: Oğuz Ayvaz

Xəbər lenti

DAHA ÇOX XƏBƏR