Səmra Rəhimli: “Final mərhələsinə çıxacağıma tam əminəm”
Bizi izləyin

Magazin1

Səmra Rəhimli: “Final mərhələsinə çıxacağıma tam əminəm”

“Ölkəmizi layiqincə təmsil etmək və mənə olan ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Azərbaycan bu müsabiqəyə uğurla ev sahibliyi edib, xarici qonaqları heyrətləndirməyi bacarıb”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanı “Eurovision 2016” mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli AZƏRTAC-a müsahibəsində deyib.

O, yarımfinal mərhələsində çıxış etməyə tam hazır olduğunu deyib: “Düşünürəm ki, ifa etdiyim mahnı və səhnədə yaratdığım obraz insanları bizə səs verməyə həvəsləndirəcək. Bu müsabiqədə Azərbaycanı təmsil etməyin həyəcanını daha çox hiss edirəm. Bu, xalqımızın mənə olan ümidlərini doğrultmaqdan irəli gələn həyəcandır. Səhnə çox gözəldir. Xoreoqrafiya ilə mahnı bir-birini tamamlayır. Təbii ki, hər ölkədən mənə yüksək xalın gəlməsini gözləyirəm. İnanıram ki, ölkəmiz müsabiqədə layiqli yerə sahib olacaq”.

Builki yarışmada çox güclü mahnıların və səhnə performanslarının olduğunu diqqətə çatdıran təmsilçimiz favoritlərin adını çəkməkdə çətinlik çəkdiyini vurğulayıb: “Rusiya, Fransa, Malta mənim favoritlərimdir. Təbii ki, hər bir iştirakçı müsabiqəyə qalib olmaq üçün qatılır. Artıq müsabiqə həyəcanı başlayıb. “Eurovision” mahnı müsabiqəsinin özəlliklərindən biri də yarışmanın məhz qalib olan ölkədə keçirilməsidir. Bu mötəbər tədbirdə ölkənin mədəniyyəti, xalqın milli-mənəvi dəyərləri özünü göstərir. Ölkəmiz bu müsabiqəyə yüksək səviyyədə ev sahibliyi edib. Bu mənada “Eurovision” müsabiqəsi özündən əvvəlkilərdən bir çox özəllikləri ilə seçildi. Builki müsabiqə isə Avropa ölkəsində təşkil olunub. Jurnalistlərin və “Eurovision” fanatlarının səsverməsinə əsasən, ölkəmiz hazırda ön yerlərdədir. Azərbaycanın final mərhələsinə çıxacağına tam əminəm”.

Bütün dünya azərbaycanlılarından dəstək gözlədiyini deyən Səmra Rəhimli özünə güvəndiyini, qalib olacağına inandığını diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, "Eurovision 2016" mahnı müsabiqəsinin yarımfinalı bu gün saat 00.00-dan etibarən canlı olaraq yayımlanacaq. Təmsilçimiz Səmra Rəhimli 1-ci yarımfinalın ikinci hissəsində, 14-cü sırada çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm