Belçikanın məşhur rəssamı Bakıya gəlir
Bizi izləyin

Magazin1

Belçikanın məşhur rəssamı Bakıya gəlir

Aprelin 13-də Heydər Əliyev Mərkəzində məşhur belçikalı rəssam, müasir incəsənətin tanınmış simalarından olan Vim Delvuanın fərdi sərgisi açılacaq.


Publika.az-ın məlumatına görə, sentyabrın 27-dək davam edəcək sərgidə müəllifin 50-dək əsəri təqdim olunacaq.


Açılış mərasimi ərəfəsində Vim Delvuanın əsərlərinin reproduksiyasını əhatə edən kataloq nəşr olunub. Nəşrə ön sözü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazıb.


Məlumat üçün bildirək ki, Vim Delvua 1965-ci ildə Belçikada anadan olub, Gent şəhərində Kral İncəsənət Akademiyasını bitirib. O, 1985-ci ildən Avropanın sənət ənənələrini müasir kütləvi mədəniyyət kontekstində təqdim edərək özünəməxsus əsərlər yaradıb. Rəssamın psevdoqotik üslubda yaratdığı heykəllər - naxış və ornamentlərin müasir süjetlərlə birləşdiyi əsərlər ona şöhrət qazandırıb. V.Delvua əsərlərində müxtəlif kontekstli elementləri birləşdirir, bununla da əşyalar öz məlum xarakterlərini itirir, yeni məna və məzmun alır.


Vim Delvuanın indiyə qədər Luvr Muzeyində, Parisin Jorj Pompidu adına Milli Mədəniyyət və İncəsənət Muzeyində, Nyu-York Yeni Muzeyində, Lion Müasir İncəsənət Muzeyində, Venesiyanın Peqqi Quqqenhaym Muzeyində fərdi sərgiləri açılıb. O, 1990-cı ildə Venesiya Biennalesinin, 1992-ci ildə isə Almaniyanın Kassel şəhərində keçirilmiş “Documenta IX” sərgisinin iştirakçısı olub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm