• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Şuşanın işğal günü sənət ocaqlarımızda – FOTOLAR

Şuşanın işğal günü sənət ocaqlarımızda – FOTOLAR

Bu gün Şuşanın işğalından 23 il ötür. Bəli, Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı-Şuşa şəhəri düz iyirmi iki ildir ki, təcavüzkar Ermənistanın işğalı altındadır. Bu günlə bağlı Azərbaycanda müxtəlif tədbirlər keçiriləcək.

Publika.az xəbər verir ki, Akademik Milli Dram Teatrında Şuşanın işğalı günü iki tamaşa ilə yad ediləcək.

Saat 12.00-da Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə birgə Şuşanın işğalı gününə həsr olunmuş tədbir keçirəcək.

Tədbirdə görkəmli incəsənət xadimləri Şuşanın işğalı ilə bağlı çıxışlar edəcək. Daha sonra Akademik Milli Dram Teatrında Azərbaycan xalqının ən ağrılı dərdi olan Qarabağ probleminə həsr olunmuş “Xəcalət” tamaşası nümayiş olunacaq.

2006-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun əsəri əsasında hazırlanan və ikihissəli dram olan “Xəcalət” tamaşasının quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir.

Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, Məzahir Cəlilov, aktyorlar Əlvida Cəfərov və Xədicə Novruzlu iştirak edirlər.

Akademik Milli Dram Teatrında daha bir tamaşa axşam saat 19-da Qarabağ mövzusunda hazırlanmış daha bir səhnə əsəri- “Qarabağnamə” tamaşası nümayiş olunacaq.

Dövlət Yuğ Teatrında Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında hazırlanmış “Fəna” tamaşası təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru Mir Sahib, quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatı Amid Qasımov, İffət Əsgərov, rejissor assistenti Qasım Nağıdır. Tamaşada Qasım Nağı (Kişi), Natəvan Qeybani (Qadın), Oktay Mehtiyev (Dost), Novruz Novruzlu (Fikrət) iştirak edirlər.

Tamaşa axşam saat 18-də təqdim olunacaq.

Bu axşam Nizami Kino Mərkəzində “Qara Bağ” və “İnikas” qısametrajlı filmlərinin nümayişi keçiriləcək.

Mərkəzdən Publika.az-a bildirilib ki, hər iki film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə çəkilib. Filmlər S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetini bitirmiş, gənc və istedadlı rejissorlar Ayşad Səfərəliyev və Amil Məmiyevin yaradıcılıq işidir.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Qara Bağ” bədii filmi dram janrında olan bu qısametrajlı film məcburi köçkünlərin hal-hazırkı yaşayış tərzini, çəkdikləri gizli Qarabağ həsrətini bir sıra metaforik simvollarla göstərir. Çəkilişlər, Bakı şəhərində və Hacıqabul rayonunun Qızıl Burun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb.

Rolları Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfərov, Ayşad Məmmədov, Məzahir Həşimov, Svetlana Əliyeva, Səbinə Məmmədzadə və Soltan Əhməd canlandırıblar.

Ssenari müəllifi və rejissoru Ayşad Səfərəliyev olan “İnikas” filmi IV “Qırğızıstan qısametrajlı filmlər ölkəsi” Beynəlxalq film festivalında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

Ekran əsəri SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda onu nə gözlədiyini hələ bilmir.

Filmdə rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova və başqa aktyorlar canlandırıblar.

Nümayişdən əvvəl rejissorlar Ayşad Səfərəliyev və Amil Məmiyev jurnalist və tamaşaçılarla filmlər haqqında fikirlərini bölüşəcəklər.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR