• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Yer üzünün ən sirli və maraqlı yerləri – FOTOLAR/VİDEO

  • Maraqlı
  • 28 Avqust 2015 08:52
  • 3 520 Baxış
Yer üzünün ən sirli və maraqlı yerləri – FOTOLAR/VİDEO

Cəmi 510 milyon kvadrat kilometr ərqziyə malik Yer kürəsi Günəş sisteminin o qədər də böyük planetlərindən deyil. Lakin faktlar göstərir ki, elmin, texnikanın bu cür inkişafı səviyyəsində belə, bəzi planetlərdən kiçik olan Yer kürəsində müəmmalı ərazilər, sirri açılmamış qədim şəhərlər kifayət qədərdir. Sirli-sehirli yaşayış məskənləri mövcud olduqda alimlər onların müəmmaları ilə bağlı suallara cavab axtarır, həmin istiqamətdə araşdırmaları bu gün də davam etdirirlər. Publika.az dünyanın ən maraqlı, sirli-sehirli, maraqlı yerlərini təqdim edir:

Buzun altındakı naməlum canlılar

Antarktidadakı əsrarəngiz Vostok gölü dünyanın ən böyük su hövzələrindəndir. Onun üstü 4 kilometrlik buzla örtülüb. Araşdırmaçılar buranın dərinliyində elmə məlum olmayan canlıların yaşadığını müəyyən ediblər. Ekspertlərin sözlərinə görə, buz təbəqəsinin altında bizimçün xəzinə sayıla biləcək sərvətlər mövcuddur.

İçindən qeyri-adi səslər gələn Son Doonq

Vyetnamdakı Son Doonq mağarası 1991-ci ildə meşələrdən birində, insan ayağı dəyməmiş yerdə, balta görməmiş sıx ormanda tapılıb. Əslində sirli məkan aborigenlərə çoxdan bəlli idi. Sadəcə mağaranın içindən qeyri-adi səslərin gəlməsi səbəbindən onlar bir müddət Son Doonqdan uzaq gəzdilər. 2009-cu ildə aparılmış araşdırmalardan sonra bu məkanın Yer üzünün ən böyük mağarası olması üzə çıxdı.

Mağara o qədər böyükdür ki, onun içində meşə, kiçik dağlar, böyük göl, hətta heyvanları var. Kilometrlərlə uzanan bu yeraltı cənnətin özünəməxsus təbiəti, flora və faunası var və onun böyük hissəsi hələ də kəşf edilməyib.

Sima Humboltdakı canlılara Yer üzündə rast gələ bilməzsiniz

Venesueladakı Sima Humboldt qəribə canlılara ev sahibliyi rolunu oynayan hündür dağdır. Bu dağda ayaşayan heyvanlara Yer üzünün heç bir yerində rast gəlinmir. 3,5 min metr hündürlükdəki dağda 2 böyük, dərin çuxur mövcuddur. Çuxurlar o qədər dərindir ki, oanların özlərinin də canlı aləmi – flora və faunası mövcuddur. Son araşdırmalar zamanı burada müasir elmə məlum olmayan canlılar aşkarlanıb. Yerli sakinlər tərəfindən "Şeytan yuvası" adlandırılan əraziyə ancaq helikopterlər vasitəsilə yaxınlaşmaq mümkündür.

Misir piramidalarından 7,5 min qoca yaşayış məskəni

Türkiyənin Şanlıurfa vilayətindən 22 kilometr məsafədə yerləşən, 1964-cü ildə aparılmış uzunmüddətli arxeoloji qazıntılardan sonra aşkarlanmış Göbəkli Təpə yaşayış məskəni eramızdan bir neçə min il əvvəl inşa olunub. Bir çoxları bu kiçik kəndi insanlıq tarixinin ən qədim yaşayış məskənlərindən biri hesab edir. Tarixçilərin sözlərinə görə, Göbəkli təpə Misir piramidalarından 7,5 min il qocadır. Qədim insanların min bir əziyyətlə inşa etdikləri yaşayış məskəninin üstü bu günədək məlum olmayan səbəblər üzündən örtülüb. Kəndin nədən yerin altında gömülməsi naməlumdur.

Sakinlərin 1 gün ərzində tərk etdikləri Maçu Piçu

Maçu Piçu indiyədək kəşf edilmiş ən qədim yaşayış məskənlərindəndir. 1911-ci ildə amerikalı tarixçi tərəfindən təsadüfən tapılmış qədim şəhər 1360 metr hündürlükdəki dağda müəyyən edilib. Ayrı-ayrı əraziləri 200-dən çox daş nərdivanla bir-bir ilə bağlı olmuş şəhər bu gün də normal vəziyyətdədir.

Araşdırmalar zamanı məlum olub ki, sakinləri bu füsunkar yaşayış məskənini 1530-cu ildə tərk ediblər. Amma bunu səbəbi indiyədək bəlli deyil. Qədim kilsəsi, fəvvarəsi, kiçik hovuzları, qəribə mehrabları olan, sakinlərinin mükəmməl əmək alətlərindən istifadə etmədiyi şəhərdə bu cür əzəmətli daş tikililərinin necə inşa edildiyi sirr olaraq qalır.

Həmin ildən bu günədək burada heç nəyə əl dəyməyib və şəhər təbii vəziyyətində, olduğu kimi qalmaqdadır. Tonlarla ağır daşların nə üçün dağın uca yerinə daşınması, şəhərin nə üçün məhz belə yüksəklidə salınması, habelə sakinlərin hansı səbəbdən qısa müddət ərzində Maçu Piçunu tərk etmələri müəmmalıdır.

Kappadokiyanın füsunkar şəhəri

Dərin quyu yeraltı şəhəri Türkiyənin turistik bölgəsi Kappadokiyadakı onlarla yeraltı şəhərin ən böyüyüdür. Eramızdan əvvəl 8-ci yüzillikdə salınıb. 8 qatdan ibarət bu şəhərin içində məktəb, kilsə, şərabxana, evlər, məzar otaqları və dünyanın ən qədim xəstəxanalarından biri yerləşir. Vaxitlə bu şəhərdə 20 minə qədər insan yaşayıb. Qədim dövrlərdə düşmən hücumu zamanı xalq bura sığınırmış. Yeraltı tunellər düşmən əsgərlərinin rahat hərəkət edə bilməmələri üçün çox dar inşa edilib. O, digər yeraltı şəhərlərlə uzun, yeraltı tunellərlə birləşir. Lakin tunellərin çoxu indi qapadılıb.

Bu adaya ancaq gəmi ilə gəlmək olar, özü də ildə 1 dəfə

Yeddi dənizin Edinburqu – Tristan da Kunya arxipelaqında, Müqəddəs Yelena adalarının tərkibində yerləşir. Hər tərəfdən dəniz suları ilə əhatələnən adaya məsafə yüz minlərlə kilometr olduğundan o, izolyasiya olunmuş əraziyə bənzəyir. Bura ancaq gəmilərlə, özü də ildə cəmi 1 dəfə gəlmək mümkündür. Bu isə həftələrlə davam edən səfər deməkdir.

Cəmi 259 sakinin yaşadığı adadə hər kəs bir-birini tanıyır. Sakinlər əsasən balıqçılıqla məşğul olurlar.

Adada cəmi bir məktəb və bir xəstəxana fəaliyyət göstərir. Bir-biri ilə qohum olan ailələrin övladlarının evliliyi son illər burada xəstə uşaqların doğulmasına səbəb olub.

Qonaqları daşa basan ada

72 kilometr eni olan Şimali Sentinal adası əsrlərdir müasir sivilizasiyadan təcrid edilib. Hər cür inkişafdan geri qalmış adada 240 sakin yaşayır. Onun sakinləri bu günə qədər xarici aləmlə heç bir təmasları olmadığından digər ölkələrdən və ümumiyyətlə Yer üzündən xəbərsizdirlər. Ona görə də adaya gələnləri gördükdə çaşqınlıq və həyəcan hissi keçirir, helikopterlərə daş atır, gəmilərə hücum edirlər. Bir sözlə, bizi rədd edirlər. Bəlkə də ada sakinləri bura səfər edənləri yadplanetlilər, ya da düşmən hesab edirlər. Dənizçilər, coğrafiyaçılar tərəfindən sentinentallılar adlandırılan sakinlərin özlərinə necə ad vermələri bəlli deyil.

Yeri gəlmişkən, Hindistan hökuməti adanın təbii gözəlliyinin pozulmaması üçün hətta araşdırmaçıların da, bura səfərini qadağan edib.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR