• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Piri rəisin xəritəsi saxta imiş? - Dünya kimə inanıb? – SİRLİ FAKTLAR

  • Maraqlı
  • 9 İyun 2014 09:56
  • 4 161 Baxış
Piri rəisin xəritəsi saxta imiş? - Dünya kimə inanıb? – SİRLİ FAKTLAR

Tarixçilər və arxeoloqlar artıq 80 ildən çoxdur ki, Piri Rəisin məşhur coğrafi xəritəsinin sirrini açmağa çalışırlar. Çünki 16-cı əsrdə çəkilmiş bu xəritə mükəmməldir və tam dəqiqliklə işlənib. Amma hələ də onun sirrini tapan olmayıb.

Hacı Mühiddin Piri ibn Hacı Mehmet (Piri Rəis) məşhur osmanlı dənizçi, admiral və kartoqrafdır. Bütün ömrünü dəniz döyüşlərində keçirən admiral bir çox hücumlarda iştirak edib, Aden və Maskat kimi bir çox qala və şəhəri mühasirəyə alıb. Onun həyatı faciə ilə başa çatıb: Qahirədə boynu vurulub.

16-cı əsrdə Piri Rəis Osmanlı dəniz donanmasına rəhbərlik edib və bir çox xəritələr yaradıb. Onlardan biri, 1929-cu ildə İstanbulun Topqapı sarayında muzey yaradılması zamanı tapılıb. Xəritə 1513-cü ilə aiddir və admiralın adına qeyd edilib. Hal-hazırda bu qiymətli xəritə Topqapı muzeyində saxlanılır və nadir hallarda nümayişə çıxarılır.

Admiral və Antarktida

Müasir araşdırmaçılar hələ o dövr üçün məlum olmayan coğrafi məkanları, daha dəqiq desək, Şimali və Cənubi Amerikanın, Antarktidanın dəqiq sahil xətləri və digər torpaq və adalar haqqında məlumatı görüb şoka düşmüşdülər. Çünki 16-cı əsrdə Osmanlı admiralı müasir coğrafiya və kartoqrafiya məlumatları hardan əldə edə bilərdi?

Admiral Piri Rəis xəritəni hazırlayarkən bir çox mənbədən istifadə etdiyini yazılarında bildirib. Bu mənbələrin bəziləri çox qədimi olub. Hətta bəzi mənbələr eradan əvvələ, daha doğrusu, Makedoniyalı İskəndərin dövrünə aid olub. Ola bilər ki, bu mənbələrin bəzisi yandırılmış İskəndəriyyə kitabxanasından sağ qalmış kitablar olsun. Çünki o dövrdə Misir Osmanlı imperiyasının tərkibinə daxil idi. Piri Rəisin, Xristofor Kolumbun da istifadə etdiyi qədim xəritələrdən istifadə etdiyi də məlum olan faktlardandır.

Müəmmalı dəqiqlik

Sirli xəritə Amerikalı araşdırmaçı, qədim dünyanın sirlərinə bələd Arlinqton Millerin də diqqətini cəlb edib. Xəritənin dəqiqliyini yoxlamaq istəyən alim, müasir xəritə ilə onu müqayisə edib. Osmanlı xəritəsinin tamamilə dəqiq olduğu məlum olub.

Təcrübələrindən sonra alim bəyan edib ki, belə tam dəqiq xəritəni hazırlamaq üçün aeroçəkiliş lazımdır. Görünür, xəritəni çəkənlər yerin kürə formasında olduğunu bilirdilər. Amerikalı alimin fikrinə görə, belə dəqiq xəritə hazırlamaq üçün sferik həndəsə elmini bilmək lazım idi. Amma bu elm Piri Rəis dünyasını dəyişdikdən 200 il sonra ortaya çıxıb. Miller əmindir ki, Osmanlı xəritəsi çox qədimdə mövcud olmuş, amma indi it-bata düşmüş hansısa bir xəritənin kopyasıdır.

Arlinqtonun hipotezi 15 min il əvvələ, naviqator, yüksək mədəniyyət, uçan aparatları olan, triqonometriya elminə yaxşı bələd olan, planetin formasını tədqiq edən xalqın dövrünə aiddir. Bu xalq indi mövcud deyil. Məhz bu xalqın fəaliyyəti, xəritəşünaslığı Piri Rəisin və orta əsrlərdə, İntibah dövrünə aid bəzi xəritələrin mənbəyini təşkil edir. Çünki bu xəritələrdə Antarktidanın müəyyən mərhələlərdə buzlaşma dövrü təsvir olunub.

Piri Rəisin xəritəsində Amazonka, And dağları, Folklend adaları, bir çox illər sonra kəşf edilmiş Venesuela körfəzi, Qorn burnu və rəsmi olaraq 1820-ci ildə kəşf edilmiş Antarktida dəqiqliklə qeyd edilib. Amma nədənsə, Osmanlı xəritəsində Antarktida və Cənubi Amerika arasındakı min kilometrlik boğaz yoxdur. Onların sahilləri birləşdirilib. Bundan əlavə, xəritədə hələ buzla örtülməyən Antarktida dəqiqliklə qeyd edilib! Belə bir hadisə, 10 min il öncə baş verib! 10 min il əvvələ qədər Antarktida buzla örtülməmişdi.

Daha bir müəmmalı fakt odur ki, Piri Rəisin xəritəsində Antartkidanın buzaltı konturları dəqiqliklə işlənib. Bu isə, 1950-ci illərdə hərbçilər və alimlər tərəfindən buzlu materikin seysmoqrafik tədqiqi nəticəsində əldə edilmiş bilgilərlə tam üst-üstə düşür.

Tarixçi-tədqiqatçıların bu xəritəni istəməyinə cavab olaraq, Antarktidanın buz altı seysmoqrafik tədqiqatı ilə məşğul olan amerikalı hərbçilər məktubla belə cavab verdilər:

“Xəritənin aşağı hissəsində coğrafi elementlər, 1959-cu ildə İsveç-Britaniya Antarktika ekspedisiya heyətinin qeydə aldığı buz altında yerləşən relyefin seysmik xəritəsi ilə çox oxşardır. Bu isə, sahilin buzla örtülmədən öncə xəritəyə qeyd edildiyinə işarə edir. Bu bölgədə buzun eni 1 milə yaxındır. Biz anlamırıq ki, 1513-cü ildəki coğrafi bilgilərlə indiki bilgilər necə üst-üstə düşür.

Hörmətlə, Harold Z.Olmeyer, podpolkovnik, Amerika Hərbi Hava Qüvvələri”

Deməli, hərbçilərin məktubundan belə nəticəyə gəlmək olar ki, Antarktidanı buzsuz, ancaq buzlaşma başlamadan öncəki dövrdə xəritəyə salmaq olardı. Müasir dövrümüzdə buzlar Antarktidanın sərhədlərindən kənara çıxır və onun konturlarını ciddi şəkildə dəyişir. Materikin üst qatının konturlarını xüsusi müasir aparatlar olmadan görmək mümkün deyil.

Uçan aparatlarda qədim kartoqraflar?

Malleridən sonra Osmanlı admiralının xəritəsi ilə “Qədim dəniz krallarının xəritələri” kitabının müəllifi amerikalı professor-tarixçi Çarlz Xatçins Xepquda maraqlanır. O, bildirir ki, yaxşı xəritə hazırlamaq üçün sivilizasiya əvvəlcə bir qütbdən digərinə qədər bütün dünyanı kəşf etməli, kartoqraflar isə, dərin riyazi bilgilərə və analoji ciddi ölçmə alətlərinə sahib olmalıdırlar.

Xepqud 1137-ci ildə daş üzərinə döyülmüş xəritəni tədqiq edərkən və bir çox qədimi materialları öyrənərkən bu nəticəyə gəlib.

Onun hipotezinə görə, 10 min və 6 min il əvvəl, coğrafiyanı əla bilən və havada uçmağı bacaran dəniz səyyahı olan bir xalq mövcud imiş.

Onun fikrinə görə, Piri Rəisin xəritəsinin bir hissəsi daha qədim, amma dəqiq nümunələr əsasında hazırlanıb. O nümunəni hazırlayan isə, Yer kürəsinin ölçüsünü və formasını dəqiq bilirmiş. Xepqudun tədqiqatlarına görə, onlar sferik triqonometriya üsullarından istifadə ediblər. Ekvatoru 100 km dəqiqliklə ölçüblər. Piri Rəis, köhnə nüsxələrin üzünü köçürərkən, müasir metodlara sahib olmadığı üçün bir sıra səhvlərə yol verib. Amma professor Xepqud tələbələri ilə birlikdə Osmanlı admiralının səhvlərini düzəldərək, xəritəni qədim mənbələrdə olduğu formaya sala bilib.

Nəticə gözlənilməz oldu: çünki adətən, qədim xəritələrdə enlik dərəcələri kifayət qədər dəqiq olur. Çünki bu, ulduzlara görə ölçülür. Ənənəvi olaraq isə, qədim xəritələrdə uzunluq dərəcələri zəif olur. Çünki onu ölçmək üçün müasir alət-xronometrə ehtiyac duyulur. Amma Piri Rəisin xəritəsində uzunluq və en dairələri tam dəqiqliklə göstərilib. Bundan əlavə, materiklərin konturunun dəqiqliyini kosmosdan baxış olmadan, yəni uçan aparatların köməyi olmadan bu cür dəqiqliklə qeyd etmək qətiyyən mümkün deyil. Bu tip dəqiq xəritələri, Osmanlı Admiralı dünyasını dəyişdikdən 250-300 il sonra hazırlamaq mümkün idi.

Bəs görəsən, xəritəni qədim dövrdə hazırlayanlar hansı ölçü alətlərinə sahib olublar? Bəlkə də, artıq yox olmuş yüksək texnologiyalı sivilzasiyadan söhbət gedir? Ola bilər ki, söhbət Platon tərəfindən təsvir edilmiş Atlantidadan gedir? Bəs o zaman belə qüdrətli sivilizasiya niyə bizim üçün digər maddi izlər buraxmayıb? Göründüyü kimi, Piri Rəisin xəritəsi sirrlərlə doludur. Bu sirrlər bilmədiyimiz çox şey haqqında məlumat verə bilər. Bu məqalədə bəzi məhşur Avropa alimlərinin xəritə haqqında fikirlərinə toxunduq. Bu yaxınlarda Türkiyə və Şərq alimlərinin də Piri Rəisin xəritəsi haqqında araşdırmalarını sizə təqdim edəcəyik.

Hikmət Həsənov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR