• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qəbələni xatırladan türk şəhərindən REPORTAJ – FOTOLAR

  • Maraqlı
  • 25 İyun 2014 14:39
  • 935 Baxış
Qəbələni xatırladan türk şəhərindən REPORTAJ – FOTOLAR

Əskişəhərə səfərimi maraqlı edən bu şəhərin təbiəti, tramvayları, təhsili və “canlı heykəlləri” idi.

Birinci ondan başlayım ki, Əskişəhərin təbiəti Azərbaycanın Qəbələsinə çox bənzəyir. Alçaq və yaşıl meşəli dağların qoynunda yerləşən və təmiz havası ilə ürək oxşayan Əskişəhər bura gələn qonaqları da öz səfalı təbiəti ilə qarşılayır.

Şəhərin mərkəzindən axan çay isə Venesiyanı xatırladır.

Yunus Əmrənin şəhərində yerləşən ən böyük universitet

Şəhərə maraq qatan əsas məqamlardan biri də Türkiyənin böyüklüyünə və yüksək təhsilinə görə sayca 5-ci ali təhsil ocağı olan Anadolu Dövlət Universitetinin burada yerləşməsidir. Təsadüfi deyil ki, bu təhsil ocağı Türk dünyasının böyük şairi Yunus Əmrənin şəhəri olan Əskişəhərə və Türkiyəyə daha neçə-neçə tanınmış şəxsləri qazandırıb.

İlk dövrlərdə,Yunus Əmrə və İki sentyabr olmaqla iki şəhərcikdə fəaliyyət göstərən universitetin Meşəlik və Badamlıq korpuslarında (kampuslar) olan təhsil müəssisələri daha sonra Osmanqazi Universitetini meydana gətirib. Universitet elm və mədəniyyət mərkəzi, eyni zamanda, bir gənclik şəhəri kimi də xarakterizə edilir.

Anadolu Universitetinin təməlini 1958-ci ildə qurulan Əskişəhər İqtisadi və Ticari Elmlər Akademiyası təşkil edir.

1982-ci ildə Anadolu Universitetinə çevrilən bu təhsil ocağı qısa zamanda ölkənin və dünyanın böyük universitetləri arasında müasir, dinamik və yenilikçi bir universitet olaraq yerini alıb.

Universitetin əsas özəlliklərindən biri də şəxsi hava limanının olmasıdır. Əskişəhərə təyyarə ilə gəlmək istəyənlər mütləq Anadolu Dövlət Universitetinin Hava Limanına enməli olurlar. Universitetin hava limanı bütövlükdə şəhər üçün də hava limanı missiyasını yerinə yetirir.

Bu təhsil ocağı Türkiyədə ən böyük mülki pilot hazırlayan universitetdir. Hətta indi Türk Hava Yollarının (Turkish Airlines) hər 5 pilotundan 1-i Anadolu Universitetinin məzunudur.

2010-ci ildə edilən “webometrik” sıralamada universitet Türkiyədə 6-cı, dünya universitetləri arasında isə 911-ci yeri tutub.

Ötən illərdən bəri daha da irəliləyən universitet indi Türkiyədə 5-ci yerdə qərarlaşıb. Hazırda burada tədris türk, ingilis, fransız və alman dillərində aparılır.

Anadolu Universiteti ən son texnoloji avadanlıqlarla təchiz olunan və geniş təhsil heyətinə malik olan aparıcı təhsil ocağıdır.

Obama, Putin, Merkel və Ərdoğanın bal pətəyindən hazırlanmış heykəlləri...

Əskişəhərə gələn turistlərdə maraq oyadan digər yer isə bu şəhərdə yerləşən məşhur heykəllər muzeyidir.

Cansız cismi canlı göstərən bu əl işləri, mumiyadan hazırlanmış möhtəşəm heykəllər insanı keçmişi vizual şəkildə təsvir etməyə sövq edir. Rəngarəngliyi, reallığı və tarixiliyi özündə əks etdirən bu möcüzələri yaxından görmək mənə də nəsib oldu.

Tam adı Yılmaz Böyükerşən Balmumu Heykəllər Muzeyi adlanan Əskişəhər Balmumu Heykəl Muzeyinin qapıları ilk dəfə ziyarətçilərin üzünə 2013-cü il mayın 19-da açılıb.

Hazırda dünyanın bir çox ölkəsində tanınan və ilk dəfə İngiltərədə 1835-ci ildə açılan “Madame Tussauds” muzeyinin Türkiyədəki ilk və yeganə analoqu Əskişəhər Balmumu Heykəl Muzeyidir.

İnsanda olduqca canlı və reallığa yaxın təəssürat yaradan “balmumundan” (“Balmumu” bal arısının pətəyidir – red.) hazırlanan, hazırda muzeydə saxlanılan tanınmış şəxsləri və tarixi anları əks etdirən heykəllər Əskişəhərin vizit kartı hesab oluna bilər.

Hazırda bu muzeydə Böyükşəhər Bələdiyyə Başçısı, professor Yılmaz Büyükerşənin bura bağışlanan tarixi şəxslər, yerli və xarici tanınmış şəxslərdən ibarət 160 balmumu (arı balı) heykəli qorunub saxlanılır.

Əskişəhərin Odunbazarı deyilən ərazisində, Müasir Şüşə Sənətləri Muzeyinin (Çağdaş Cam Sanatları Müzesi) yanında yerləşən Əskişəhər Balmumu Heykəl Muzeyi fərqli işlərin yer aldığı 5 salondan ibarətdir. Belə ki, muzeyin “A” adlanan birinci salonunda Türkiyə Cümhuriyyətinin birinci prezidenti Mustafa Kamal Atatürk və ailəsi, onun silahdaşları, Osmanlı Sultanları, dövlət rəhbərləri, Osmanlı, Qurtuluş Savaşı, Cümhuriyyət dövrünə aid eksponatlar yer alır.

Muzeyin “B” salonunda isə Orhan Gencebay, Kemal Sunal, İbrahim Tatlıses, Barış Manço, Adile Naşit kimi bir çox sənət, media, idman sahəsinin tanınmış təmsilçiləri və dünya liderləri ilə görkəmli alimlərin yer aldığı balmumu heykəlləri mövcuddur.

“C” salonunda Alparslan, Seyid Battal Qazi, Nəsrəddin Xoca, Yunis Əmrə kimi tarixi şəxslərin balmumu heykəllərini görmək olar.

“D” salonunun digərlərindən fərqi isə odur ki, burada foto çəkdirmək qadağandır. Burada sadəcə muzeydəki xidməti fotoqraflar tərəfindən foto çəkdirmək mümkündür. Çünki bu salonda Turqut Özal, Adnan Menderes, Alparslan Türkeş kimi köhnə və tanınmış siyasət adamları ilə yanaşı, bu gündə siyasət gündəmində çox tanınan bir çox siyasətçilər, o cümlədən Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu, Dövlət Baxçalı, Vladimir Putin, Barak Obama, Angela Merkelin və başqalarının heykəlləri yer almaqdadır.

Muzeyin son bölümü olan “E” salonunu təhsil, elm və mükafatlar bölməsi də adlandırırlar. Çünki bu salonda professor Yılmaz Böyükerşənə aid olan müxtəlif mükafatlar, özünün 2 balmumu heykəli və muzeyə aid hədiyyəlik əşyaların satıldığı kiçik mağaza da yer alır.

Muzey həftənin bazar ertəsi günləri bağlı olsa da, digər bütün ziyarətçilər üçün açıqdır. Bir nəfər üçün biletlərin qiyməti 1-2 manat arası dəyişir. Ziyarətçilərdən əldə olunan vəsait isə qızların və problemi olan uşaqların təhsilinə ödənilir.

Burada diqqətimi çəkən başqa məqam da oldu. Belə ki, muzeydə Azərbaycana aid hər hansı guşəyə və ya heykələ rast gəlmədim. Doğrusu, bu məni həm təəccübləndirdi, həm də təəssüfləndirdi. Hətta mən bu barədə muzey rəhbərliyinə də öz iradımı bildirdim. Qarşı tərəfdən eşitdiyim isə bu oldu: “Abi, siz nə zaman müraciət etdiniz ki, biz də bunu etmədik?”. Əslində, türk abimizin bu sözlərində müəyyən qədər həqiqət də vardı. Yaxşı olardı ki, həmin muzeydə Azərbaycana aid də bir bölmənin olması üçün bizim səfirliyimiz hər hansı formada iş görsün. Çünki həmin muzeydə Barak Obamanın, Vladimir Putinin və digər tanınmış siyasət adamlarının heykəlləri var və hər gün nə qədər turist bu yeri ziyarət edir, həmin heykəllərlə fotolar çəkdirir və s. Axı nəyə görə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin də heykəli orada olmasın? Nəyə görə bu muzeydə Azərbaycan guşəsi olmasın? Bir halda ki, Azərbaycan üçün təbliğat işi deyiriksə, bunu da etmək lazımdır. Hər halda ümid edirəm ki, tezliklə bu muzeydə Azərbaycan guşəsi də yaradılacaq.

CHP şəhərində Ərdoğanın tramvayları...

Əskişəhərə gözəllik verən amillərdən biri isə bu şəhərdə hərəkət edən müasir tramvaylardır. Əskişəhərdə Anadolu və Osmanqazi Universitetlərini bir-birinə bağlayan tramvay xətti gənclərin ən sevdiyi nəqliyyat növü hesab olunur. Bu şəhərdə tramvay xəttinin inşasına 2002-ci ildə başlanılıb və 2004-cü ildə başa çatdırılıb, daha 13 tramvay xətti isə çəkilir. Hazırda 26 dayanacaqdan ibarət olan Əskişəhər tramvay xəttinin uzunluğu 15 kilometr təşkil edir.

İndi Əskişəhərin sakinləri arasında belə bir deyim də var: “Bura CHP-nin şəhəridir”. Doğrudan da, Əskişəhərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) tərəfdarları kifayət qədərdir. Ancaq son illər Türkiyənin baş naziri və hakim Ədalət və İnkişaf partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanın burada gördüyü böyük işlər, tramvay yolları, abadlıq və sairə şəhər sakinlərinin də siyasi mövqeyində dəyişiklik etmələrinə səbəb olub. Hazırda Əşkişəhərdə nəinki CHP-nin, hətta AKP-nin tərəfdarları üstünlük təşkil edir.

Vasif Həsənli

Əskişəhər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR