“Zakonniklər”in üzünə duran “qanuni oğru” Saşa Severin aqibəti – Bunu bağışlamaq olmaz - VİDEO
Bizi izləyin

Bilgi.az

“Zakonniklər”in üzünə duran “qanuni oğru” Saşa Severin aqibəti – Bunu bağışlamaq olmaz - VİDEO

Bu ilin fevralında baş tutan Soçi Qış Olimpiya Oyunlarından sonra uzun müddət səssiz qalan kriminal aləm yenidən canlanmağa başladı. Belə ki, bəzi səbəblərə görə müəyyən müddətə xaricə gedən 50-dən artıq "qanuni oğru" Rusiyaya qayıtdı. "Kriminal general"lar, demək olar ki, az qala hər gün bir-biri ilə çəkişmələr aparır və "sxodka" təşkil edirdilər. Bu "sxodkalardan" birində rus mafiyasının canlı əfsanəsi sayılan "Saşa Sever" ləqəbli Aleksandr Severov "oğru" statusundan məhrum edildi. Halbuki "Saşa Sever" həmin adamdır ki, məşhur "Vladimirskiy sentral" mahnısı məhz ona həsr olunmuşdu.

Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələr xüsusi xidmət orqanlarının əməkdaşlarının hələ 2013-cü ildə kriminal aləmin ən tanınmış, sayılıb-seçilən liderləri ilə görüşdüklərini bildiriblər. Bu görüşlər zamanı Soçidə keçiriləcək Qış Olimpiya Oyunları ilə bağlı izahedici söhbətlər aparılıb və bu zaman onlara baş tutacaq beynəlxalq tədbirin gedişi ərəfəsində "oyun qaydalar"ı başa salınıb. Belə ki, "qanuni oğru"lara bir müddətə Rusiya Federasiyasının ərazisini tərk etmək tövsiyə olunub. "Qanuni oğru"lara xəbərdarlıq edilib ki, əgər onlar irəli sürülən şərtə əməl etməsələr, o zaman kriminal aləmin bu və ya digər üzvünün cüzi fəallıq etdiyini görən əməliyyatçılar dərhal həmin şəxsin müxtəlif bəhanələrlə istintaq təcridxanasına salınması üçün əllərindən gələni edəcəklər. Həmçinin o da bildirilib ki, "sxodka" keçirən, hansısa mübahisənin həllində iştirak edən "oğru" məcburi şəkildə Rusiya sərhədlərindən kənarlaşdırılacaq. Əgər həmin şəxs xarici ölkə vətəndaşı olarsa, onda o, uzun müddət federasiyaya geri dönə bilməyəcək.

"Qanuni oğru"ların əksəriyyəti belə bir vəziyyətdə Avropaya getməyə üstünlük verdilər. Rusiyanı tərk etməyənlər isə Soçi Qış Olimpiya Oyunları ərəfəsində özlərini maksimum səssiz aparmağa, heç bir mübahisəli məsələyə qoşulmamağa çalışırdılar. Danışıqlara baxmayaraq xüsusi xidmət orqanlarının əməkdaşları ilə "qanuni oğru"lar arasında əldə olunmuş razılığı pozanlar dərhal həbs olunurdular.

Artıq "qanuni oğru"lara qoyulmuş qadağa bir müddət öncə aradan götürülüb və "oğrular" yenidən Rusiyaya geri dönməyə başlayıblar. Beləliklə, 2013-cü ildən müvəqqəti olaraq Avropada məskən salmış 50-dən artıq "zakonnik" federasiyaya qayıdıb. Söz yox ki, hakimiyyətin Rusiya Daxili İşlər Nazirliyinin federal dairələrdəki bölmələrinin ləğv olunması ilə bağlı verdiyi qərar da "qanuni oğru"ların qayıdışını xeyli sürətləndirdi. Çünki son illər "qanuni oğru"ların həbsi ilə nəticələnmiş uğurlu əməliyyatların əksəriyyəti Daxili İşlər Nazirliyinin Mərkəzi İdarəsinin Mərkəzi Federal Dairəsi tərəfindən təşkil olunmuşdu. Artıq bu struktur mövcud deyil.

Beləliklə, Avropadan Rusiyaya geri dönən, eləcə də ölkə ərazisini tərk etməyən "qanuni oğru"lar bu ilin aprel ayının sonlarından etibarən yenidən aktivləşməyə başlayıblar. Onlar gələcək fəaliyyət strategiyalarını müzakirə etmək üçün "sxodka"lar təşkil edir, "düşmən"ləri ilə haqq-hesablarını çəkirlər. Hələlik bütün bu proseslər ciddi qan tökülmədən həyata keçirilsə də, Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları bunun uzun çəkməyəcəyini güman edirlər.

Kriminal aləmin sayılıb-seçilən nümayəndələri "zakonniklər"in kütləvi haqq-hesab çəkmələrinin ilk qurbanları oldular. Məsələn, bir müddət öncə "Volçok" ləqəbli "qanuni oğru" Serqey Volkov genişmiqyaslı "sxodka" keçirib. Həmin yığıncaqda digərləri ilə yanaşı, "Piçuqa" ləqəbli Yuriy Piçuqin və "Vasya Voskres" ləqəbli Vasiliy Xristoforov iştirak edib. Sözügedən tədbirdə "zakonniklər" "Saşa Sever" ləqəbli, 55 yaşlı, indiyədək müxtəlif maddələrlə 10 dəfə məhkum olunmuş Aleksandr Severovun "oğru" statusundan məhrum edilməsi ilə bağlı qərar qəbul edilib. Bir qədər öncə də qeyd etdiyimiz kimi, müğənni Mixail Kruq "Vladimirskiy sentral" mahnısını vaxtilə məhz ona həsr etmişdi. Mahnının ilkin variantında müğənni "veter severnıy" yox, "Saşa Severnıy" deməli idi.

Əldə olunmuş məlumatlara görə, sözügedən "sxodka"da "Saşa Sever" "oğru" ənənələrindən geri çəkildiyinə, eləcə də telekanallara bir neçə dəfə müsahibə verdiyinə görə "zakonniklər" tərəfindən ciddi şəkildə məzəmmət olunub. Bundan başqa, "Volçok" ləqəbli "qanuni oğru" "obşak"ın pullarının bir hissəsinin "Saşa Sever"ə göndərilməsinə etirazını bildirib.

Qeyd etmək lazımdır ki, "Volçok"la "Saşa Sever" arasında uzun illər olduqca mürəkkəb münasibətlər hökm sürüb. Hər iki şəxsin təsir dairəsi Tver vilayətini əhatə etsə də, "Saşa Sever" uzun müddət yerli kriminal dünyanın məxfi sahibi olub. "Volçok" nə qədər çalışsa da, onun mövqeyini zəiflədə bilməyib. Bu səbəbdən də o, müvvəqqəti olaraq Krasnodar vilayətinə köçüb. Lakin orda "Volçok"a cinayət işi açıldığından o, adıçəkilən regionu tərk etmək məcburiyyətində qalıb. Beləliklə, "Volçok"un Tver vilayətinə geri dönüşü "Saşa Sever"in "qanuni oğru" titulunun əlindən alınması ilə əlamətdar oldu.

Həmin "sxodka"da "Saşa Sever"lə bağlı qərar qəbul olunduqdan dərhal sonra bu barədə bir çox tanınmış "qanuni oğru"lar, o cümlədən "Petrik" ləqəbli Aleksey Petrov və Tver vilayətinə nəzarət edən kriminal avtoritetlər məlumatlandırılıblar. Və onların hər birinə bildirilib ki, bundan sonra "Saşa Sever"ə "qanuni oğru" kimi münasibət göstərmək lazım deyil. Maraqlı məqam ondadır ki, həmin vaxt "sxodka" iştirakçıları qəbul olunmuş qərarla bağlı azadlıqdan məhrumetmə yerlərinə analoji bildiriş göndərməmişdilər.

Lakin buna baxmayaraq, "sxodka" iştirakçıları birmənalı şəkildə bəyan ediblər ki, son zamanlar "Saşa Sever" bir neçə dəfə "oğru qanunları"nı pozub. Belə ki, "zakonniklər" onu narkotik maddə qəbul etməkdə ittiham edirlər. Kriminal aləm həmçinin, "Saşa Sever"in məhkəmə qarşısında özünü zərərçəkmiş kimi təqdim etməsinə etiraz edib. "Sxodka"da toplaşmış "avtoritet"lər qeyd ediblər ki, "Saşa Sever" əfvlə azadlığa buraxılmadığına görə məhkəmədən ona dəymiş mənəvi ziyanın ödənilməsi ilə bağlı qərar çıxarılmasını xahiş edib. Bu halda o, özünü zərərçəkmiş kimi təqdim edib. Halbuki "oğru qanunları"na görə bu, yolverilməz haldır. "Zakonniklər" eyni zamanda, "Saşa Sever"in Tver vilayətinə nəzarət edən şəxsə qarşı məhkəmədə şahid qismində ifadə verməsindən də narazı olublar.

Məlumat üçün bildirək ki, Aleksandr Valentinoviç Severov 1959-ci ildə Saransk vilayətində yerləşən "zon"ların birində dünyaya gəlib. Onun anası dələduzluğa görə 40 ildən artıq həbsdə yatıb. "Saşa Sever"in kriminal həyatını ailəsinin statusu ilə də izah etmək olar. Belə ki, özünün də dediyi kimi, anası 44 il, bacısı 22 il, atası 27 il, özü isə 29 il həbsdə olub. Onun müxtəlif maddələrlə - xuliqanlıq, oğurluq, quldurluq, saxta sənəd hazırlama, narkotik maddə və silah saxlama ilə məhkumluğu var. O, Rusiya Federasiyasının ən dəhşətli və qəddar "zon"larında məhbus həyatı yaşayıb. "Saşa Sever"in iki oğlu var və hər ikisi dəmir barmaqlıqlar arxasındadır. Onlar da atalarının yolu ilə gedərək müxtəlif maddələrlə cəza çəkirlər.

Nəzərinizə çatdıraq ki, "qanuni oğru"lardan "Edik Osetrina" ləqəbli Eduard Asatryan da son dövrlər mütəmadi "sxodka"lar təşkil edir. Belə ki, bir müddət öncə Rusiyaya geri dönən "Edik" özünə bir neçə "zakonnik"dən ibarət klan yaradıb. Onun klanının üzvü olan "oğru"lar sırasında "Muxa" ləqəbli Oleq Muxametşinin, "Pan" ləqəbli Viktor Panyuşinin, "Kostıl" ləqəbli Konstantin Brisovun, "Zyuzya" ləqəbli Vladimir Ozerskinin, eləcə də "Qudja" ləqəbli Elqudja Turkadzenin adını çəkmək olar. Özü də bu klanın üzvlərinin sayı hər ötən gün bir qədər də artır. Odur ki, "Edik Osetrina"nın başçılıq etdiyi klan yaxın vaxtlarda kriminal aləmdə ən güclü struktura çevrilə bilər.

Onu da bildirək ki, son vaxtlar "Edik"i milliyyətcə çeçen olan "Böyük İslam" ləqəbli "qanuni oğru" İslam Edilqireyevlə tez-tez bir yerdə görünür. Vaxtilə İslam kriminal aləmin ən tanınmış simalarından olan "Ded Xasan"ın təklifi ilə "qanuni oğru" adına layiq görülüb. "Ded Xasan"ın ölümündən sonra "Böyük İslam" onun snayper tərəfindən açılmış atəş nəticəsində qətlə yetirildiyi məkanı – "Bolşoy Nikitin" küçəsində yerləşən "Köhnə Fayton" adlı restoranı özünün "qərargah"ına çevirib. Lakin bu ilin may ayının 19-da həmin restoran hələlik dəqiq bəlli olmayan səbəblər üzündən fəaliyyətini dayandırmalı olub. Buna görə də "Böyük İslam" yeni "qərargah" axtarışına çıxıb. Rusiya xüsusi xidmət orqanları ehtimal edir ki, hazırda o, "qanuni oğru" titulu əlindən alınmış "Saşa Sever"in obyektlərini "zakonniklər"in xeyrinə müsadirə etmək niyyətindədir.

Vazeh Bəhramoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm