Nəsrin Cavadzadə: “Hamının başını gicəlləndirirəm”
Bizi izləyin

Bilgi.az

Nəsrin Cavadzadə: “Hamının başını gicəlləndirirəm”

Azərbaycan əsilli aktrisanın türk mətbuatına müsahibəsi

- Necə oldu ki, aktisa olmağa qərar verdiniz?

- Bir səhər oyanıb özümdə qəribəliklər hiss etdim. Ürəyim ağrıyırdı. Deyəsən, beş yaşında idim. Həyatın gözəlliklərinə başqa gözlə baxırdım. Dünya məni başqa cür valeh edirdi. Bir uşağın kədərlənməməli olduğu şeylərə kədərlənir, gülməli olmayan olaylara isə gülürdüm. Öz-özümə "Mən ya bir qu quşuyam, ya da sənətçi" dediyimi xatırlayıram. O vaxt sənətçi olacağıma qərar vermişəm, ancaq illər ötdü və yanıldığımı anladım. Mən qu quşuyam.

- Məktəb illərində gələcəklə bağlı nə xəyallar qururdunuz? Geriyə dönüb baxdığınız zaman indiki həyatınızla paralellik görünürmü?

- Geriyə dönüb baxmaq məsələsində qüsurum var. Allah mənə bu qabiliyyəti verməyib. Keçmişi və gələcəyi bilmirəm. Xəyallarım vaxtaşırı dəyişdiyi üçün nə istədiyimi xatırlamıram. İndi isə özüm olmağı arzulayıram.

"Uğurlarımı təqdir etsəm, uça bilmərəm"

- Bu günə qədər rol aldığınız filmlərin, demək olar ki, hamısı sizə mükafat gətirib. Bu mükafatlar sizdə təkəbbür yaratmır ki?

- Öz uğurlarımı təqdir etsəm, uça bilmərəm. Həyatda görmək istədiyim yeganə şey uçmaqdır. Hamının bilməyini istəyirəm ki, mükafatı almaqdan daha çox həmişə mükafatlandırma mərasiminə nə geyinəcəyimi düşünürəm. Rənglərin içərisində itib-batıram ki, bu da özümü möhtəşəm hiss etdirir. Oskar mərasiminə bir Salvador Dali tablosu kimi geyinib getməyi xəyal edirəm.

- Nə cür layihədə iştirak etmək sizi həyəcanlandırır?

- Bir kişi, bir gey, bir rahib, bir yanğınsöndürən, bir psixoloq, bir zabit və bəlkə də, bir yeniçəri… Məni bu rollarda filmə çəkəcək hər kəsdən ssenari gözləyirəm…

"Televiziyada partnyorum Kıvanç Tatlıtuğ olur"

- Bir rolu ifa etməklə bağlı sərhədləriniz var?

- Sual soyunmaqla bağlıdırsa, bu, tamamilə hava şəraitindən asılıdır. Məkan isidilirsə ,"yox" cavabım film dünyasını üzər.

- Film sahəsində bu qədər uğur qazandığınız halda, sizi niyə seriallarda baş rolda görmürük?

- Çünki özüm üçün Kıvanç Tatlıtuğdan başqasını tərəf müqabili görə bilmirəm. Ancaq onu da həmişə başqa qızlar qapır. Deyəsən, aktyorluğa bir az ara verib, Amerikaya gedib. O gələnə qədər seriallarda görünməyim mümkün deyil.

- Yaxşı, bəs filmdən kifayət qədər pul qazana bilirsiniz?

- Filmdən çox pul qazandım. O pulla özümə daha gözəl güzgülər aldım və doyunca özümə baxdım. Özümə nifrət elədim, özümə heyran oldum. İkisinin də eyni şey olduğunu anladığım zaman qalan pulu son qəpiyinə kimi sevdiklərimlə birlikdə xərclədik.

"Çəkildiyim filmləri sonadək izləməmişəm"

- Kaprizli aktrisasınız?

- Artıq bəli. Rejissoruna görə dəyişir. O şərtləri nə qədər çətinləşdirsə, mən də bir o qədər çətin oluram. Özümü bir avtomobil yarışında hiss edirəm. Sürətə sürət, pisliyə daha çox pislik, qorxuya ən qorxusuz halımla qarşılıq verirəm. Özümü bütün bu alçaq hisslərdən uzaq tuta bilmərəm.

- Özünüzün canlandırdığınız rolu izlərkən nə düşünürsünüz?

- Heç vaxt çəkildiyim filmi sonadək izləməmişəm. Ya mən rast gəlmədim, ya da dəvət mənə çox gec çatdı. Ancaq "youtube" saytına yükləndikcə, bölümlər halında da olsa, izləyirəm. Bəyəndiyim səhnəyə təkrar-təkrar baxıram. Altına yazılan şərhləri oxuyuram. O şərhləri yazan insanlara böyük heyranlıq duyuram. Məndən "ən çox nələrdən ilham alırsınız" deyə soruşsanız, "bu şərhlərdən və şərh yazanlardan" deyərəm.

"Çəkilişdə çiyələk varsa, mən də varam"

- Çəkiliş zamanı "olmazsa, olmaz"larınız varmı?

- Xələt, dondurma, çiyələk və 3G internet… Bunlar olmazsa, çəkilişə başlamaq mümkünsüzdür. Bu günə qədər heç vaxt olmadı. Düşünürəm ki, bu məhrumiyyət məni azad filmin tanrıçası etdi. Artıq mənə edilən təkliflərdə ilk öncə çəkiliş şəraiti barədə danışacağam. Çiyələk varsa, mən də varam.

- Özünüzə necə baxırsınız?

- Dünyanın və insan ruhunun çirkinliklərinə dözümüm yoxdur. Ona görə də ətrafımı gözəlliklərlə əhatə edirəm. Pişiklərimi qucağıma alıram və hamam vannasını köpüklü suyla doldurub həyatdan həzz alıram.

"Qarşımdakılara başgicəllənmə təsiri göstərirəm"

- İntensiv çəkiliş şəraitindən fürsət tapıb, arada kiçik tətil səyahətlərinə çıxırsınızmı?

- İnsanın səyahət edə biləcəyi həqiqi yer ana qucağıdır. Bunun xaricindəki bütün yerlər illüziyadır.

- Özünüzü necə tərif edirsiniz?

- Başgicəlləndirici. Qarşımdakılara başgicəlləndirici təsir göstərirəm. Hər kəs tarazlığını itirir və yer ayaqlarının altından qaçır. Ona görə də çox az dostum var. Hətta "yoxdur" deyiləcək qədər azdır. Özüm kimi olmayanlarla dostluq etmirəm. Ona görə də dostlarım da başgicəlləndiricidir.

- Evə bağlı birisiniz? Gecə həyatını sevirsinizmi?

- Evdə o qədər yalnızam ki, bəzən öz ürək döyüntülərimi duyuram. Gecələri bayırda olmağı sevmirəm. İnsanların üzünü aydınlıqda görmək daha çox xoşuma gəlir.

Çevirdi: Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm