• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Novruzda mədəyə verilən “bayram”: Düzgün qidalanın!

  • Maraqlı
  • 21 Mart 2015 11:00
  • 1 036 Baxış
Novruzda mədəyə verilən “bayram”: Düzgün qidalanın!

Novruz bayramı dedikdə ilk yada düşən şəkərbura, paxlavadır. Bayramı bu nemətlərsiz, zəngin süfrələrsiz, bol çeşidli yeməklərsiz, şirniyyatlarsız təsəvvür etmək olmur. Bəs Novruz süfrəsindən doymadan necə qalxmaq olar? Mədəyə verilən 2-3 günlük bayramın fəsadları isə kifayət qədər ağır ola bilər.

Hamının sevinclə gözlədiyi Novruz bayramı həm də təmtəraqlı bayram süfrələri ilə əlamətdardır. Bayramın özəlliyi ondadır ki, bu günlərdə üzərində çeşid-çeşid yeməklər, salatlar, şirniyyatlar, çərəzlər olan bayram süfrələri açılır. Çoxumuz ətli və yağli yeməklərin üzərindən hələ bir çayla şəkərbura-paxlava da yeyirik.

Bayram özü ilə sevinc, xoşbəxtlik gətirsə də, bir çoxları bayram keçirmək mədəniyyətinə düzgün əməl etməyərək xoş günləri ağrıya-acıya çevirirlər. Bəs bayramı sağlam başa vurmaq üçün nə etmək lazımdır?

Dietoloqlar hesab edirlər ki, bayram günlərində insanların qida qəbulunda ehtiyatlı olmaları məsləhətdir. Dietoloq Fuad Məcidovun sözlərinə görə, Novruz süfrəsində şirniyyatlar çoxluq təşkil etdiyindən, xüsusən şəkər xəstələri diqqətli olmalıdır. Novruz bayramının adət-ənənələrə görə bir neçə gün davam etməsi bu məsələni bir az da kəskinləşdirir:

"Plovlu, dolmalı, salatlı yeməkləri yeyərkən arada məsafə qoymaq lazımdır. Birdən-birə hamısını mədəyə doldurmaq olmaz. Həm də, insanlara məsləhət görərdim ki, uzun müddət qidanı ağızda çeynəsinlər, birdən udmasınlar".

Bayram süfrəsi təkcə yağlı yeməklərlə bitmir. Süfrəyə düzülən təamların içərisində şirniyyatlar da xüsusi yer tutur. Normadan artıq şəkər qəbulu xüsusən mədəaltı vəzə ziyandır. Bu qidalar qan təzyiqinə mənfi təsir edir və bağırsaqlarda sorulma narahat gedir. Mütəxəssislər bayramı sağlam başa vurmaq üçün yeyilən qidaların arasında fasilə verməyi məsləhət görürlər. Dietoloqun sözlərinə görə, şəkərburanı, paxlavanı, qoğalı desert kimi isti yeməkdən bir saat sonra yemək olar. Onunla birlikdə çay içmək düzgün deyildir.

Bayramda çəkini artırmaq riski də artır. Dietoloqlar hesab edirlər ki, buna səbəb rejimsiz qəbul edilən qida və qonaqlıqlardır. Sonradan artıq kilolarla mübarizə aparmamaq üçün isə bəzi məsləhətlərə əməl etmək lazımdır: məsələn,
bayramda səhəri 1 stəkan su ilə açmaq olar. Gün ərzində də bol su içmək lazımdır. Gündə 4 saatdan bir, ancaq az yemək yeməyə çalışın. Çay, qəhvədən istifadədə həddi aşmayın. Daha yaxşı olar ki, onları bitki çayları ilə əvəz edəsiniz.
Bayram günlərində bol-bol hərəkət etməyə çalışın.
Dietoloq Fuad Məcidov hesab edir ki, bir neçə gün mədəsinə bayram verməyin insanların səhhəti üçün çox ağır nəticələri ola bilər:

"Bayram günlərində çoxlu yemək mədə-bağırsağın mikroflorasını pozacaq. Xroniki qastridin kəskinləşməsinə keçəcək. Qanaxmaya qədər gətirib çixara bilər. Bayramdan sonra isə baş ağrısı, əzginlik, yorğunluğa gətirib çıxaracaq".

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR