Bakıda avtomobillər durduğu yerdə niyə yanır? - SƏBƏBLƏR
Bizi izləyin

Avto

Bakıda avtomobillər durduğu yerdə niyə yanır? - SƏBƏBLƏR

Son bir neçə ay ərzində şəhərdə avtomobillərin yanması haqqında xəbərlər yayılır. Hadisələrdə yanan avtomobillərin əksəriyyəti sovet istehsalı olan maşınlar olsa da, ən son texnologiyalarla təchiz edilmiş avtomobillərdə də bu hal müşahidə edilir.

Bu kimi halların yaranma səbəbini öyrənmək üçün avtomobil mütəxəssisi, tanınmış usta Elvin Quliyevlə əlaqə saxladıq. O, Publika.az-a bildirdi ki, bu kimi halların baş vermə səbəbi əksər hallarda avtomobillərə qoşulan əlavə qurğular olur:

“Avtomobillərin alışıb yanmasının birinci və ən əsas səbəbi elektrik naqillərində yaranan problemlərdir. İstehsal ili köhnə olan avtomobillərdə naqillərin sıradan çıxması, üstünün açılması maşınların alışıb-yanmasına səbəb olur. Avtomobilə kənar müdaxilələr zamanı yol verilən səhvlər bədbəxt hadisələrə gətirib çıxara bilir. Məsələn, işıq cihazlarının, siqnalının, kondisioner filterlərinin standart yerlərinin dəyişdirilməsi kənar müdaxilə hesab olunur. Avtomobillərə elektriklə işləyən əlavə cihazların qoşulması zamanı naqillərin yanlış qoşulması, onların dözümlülük dərəcəsinin nəzərə alınmaması, hansı naqilin hansı cərəyan şiddətini saxlaya bilmə gücünün təyin edilməməsi və başqa səriştəsizliklər sistemdə ciddi problemlər yaradır. Nəticədə avtomobilin elektrik şəbəkəsində həddən artıq yüklənmə, ya da boşluqlar meydana gəlir ki, bu da qısaqapanmalara səbəb olaraq avtomobilin alışıb yanması ilə nəticələnir. İstehsal ili köhnə olan avtomobillər hər an bu təhlükə ilə üzbəüz qala bilər. Eyni zamanda, xarici ölkələrdən gətirilən avtomobillər mütləq şəkildə servislərdə ustaların nəzarətindən keçməlidir. Xüsusilə elektrik naqillərinin yoxlanılması vacibdir. Avtomobilin izolyasiya bağlantısına ciddi nəzarət etmək lazımdır. Yay mövsümündə isti hava şəraiti ilə əlaqədar hər kəs kondisionerlərdən istifadə edir. Kondisioneri işlək vəziyyətdə olan nəqliyyat vasitəsini nəzarətsiz qoymaq olmaz”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm