“Cini çıxarılan” Əzəmətin başına gələn DƏHŞƏTLƏR: insanları hipnozla zorlayan cindar - - VİDEO (18+)
Bizi izləyin

İnanc

“Cini çıxarılan” Əzəmətin başına gələn DƏHŞƏTLƏR: insanları hipnozla zorlayan cindar - - VİDEO (18+)

Əzəmətin əhvalatı

SSRİ-nin süqutundan sonra digər Asiya ölkələrində olduğu kimi Qırğızıstanda da əsil dini partlayış yaşandı. Əgər bu ölkədə son 25 ildə əhalinin sayında 1,2 dəfə artım olubsa, məscidlərin sayı 70 dəfə çoxalıb. Bu ilin mart ayına olan statistikaya görə, sovet dönəmində bu ölkədə mövcud olan 39 məscidin sayı 2743-ə çatıb. Aprelin 1-də isə daha bir məscidin – Mahmud Kaşğari adına məscidin təntənəli açılışı olub.

İnsanların aid olduğu dinə hörmətlə yanaşmasında, bu dinin şərtlərinə əməl etməsində, ibadət ocaqları inşa etməsində pis heç nə yoxdur. Əksinə, bu, inkişaf etməkdə olan, bir quruluşdan digərinə adlayan bir dövlətdə insanların, xüsusilə gənclərin yanlış yolda addımlamasını əngəlləyər. Amma necə deyərlər, hər şey əndazəsində gözəldir. Qırğızıstanda isə bəzi müsəlman ölkələrindəki kimi dindar olmaq dəbə düşüb.

Publika.az xəbər verir ki, bu ölkədə din nəinki insanların mənəvi rahatlığı, salehliyini tənzimləyir, hətta biznesə də təsir edir. Belə ki, ölkəyə gətirilən bütün məhsullarda “halal” möhürü olmasa, mallar ziyan olar, alıcısı tapılmaz. Nəinki qida sənayesi buna çalışır, hətta telefon və geyim akssessuarları da dini rəmzlərlə daha çox satılır. Nəticədə isə fanatik ab-havalı, amma kənardan gülünc görünən vəziyyət yaranır. Məsələn, buranın bazarlarında xüsusi xurma növü satılır ki, digərlərindən qat-qat bahadır. Bu xurmanın özəlliyi isə budur: müqəddəs Mədinə şəhərindən gətirildiyi, Məhəmməd Peyğəmbərin məzarı yaxınlığında yetişdiyi üçün belə xurmaları yeməklə insan gözdən, xəstəliklərdən qorunur.

Daha bir problem isə ölkədə peşəkar ilahiyyatçıların, axundların olmamasıdır. Belə olduqda isə dini ayin həyata keçirən mollalar vəziyyətdən yararlanırlar. Bir tərəfdən özünü mömin adlandıranlar digər tərəfdən də falçılıq, cadugərlikdən qalmırlar. Acınacaqlıdır ki, onlara tələbat da günü-gündən yüksəlir. Bildirilir ki, cadugərlik ölkədə İslamla islamaqədərki dinlərin – şamanlıq, totemizm, tenqriçiliyin (Göy Tanrılıq) bir-birinə qarışması ilə yaranıb.

Son zamanlarda dini rituallar içində ən çox yayılmışı və gəlirlisi isə “cin çıqarru”, yəqin ki, tərcüməyə ehtiyac olmaz, amma yenə də yazaq – “cin çıxarma”dır. Bu ritual az qala, asiyalıların gündəlik tələbatına çevrilib. Sözə baxmayan, əsəbi olan, xəstələnən kim varsa üzünü cindara tutur. Dolayısı ilə cindarla dindar bir-birinə qarışıb. Maraqlıdır ki, cindarların yanına gənc qızları daha çox gətirirlər. Məsələn, 20 yaşına çatmış, amma ərə getmək yerinə təhsil almaq istəyən qızı demək olar ki, sürüyə-sürüyə cindarın yanına gətirirlər ki, görsünlər qızın dərdi nədi...

Yusup Balasaqın adına Qırğızıstan Milli Universitetinin Fəlsəfə və Metodologiya kafedrasının dosenti, fəlsəfə elmləri namizədi Ulan Şarşenaliyev bunu belə izah edir: “Dini rəvayətlərə görə, insanlarla paralel olaraq cinlər də mövcuddur. Onlar arasında yaxşı və pis cinlər var. Amma hər iki kateqoriyadan olan cinlər insan bədəninə hiss etdirmədən girə bilər. Quranda da cinin insan bədənindən çıxarılması ilə bağlı surələr var. Bu ayində ən əsas nüans həm cindarın, həm də zərərçəkənin inanclı olmasıdır. Əks halda ritual nəticə verməz”.

Bu ritualın özünəməxsus qanunları da var:

1. Prosesə başlamazdan öncə otaqdakı bütün rəsm əsərləri və heykəllər götürülməli, güzgülərin, bitkilərin üstü örtüklə bağlanmalıdır.

2. Cindar və zərərçəkən qüsl almalıdır.

3. Ayə və surələr tək qadınla bir otaqda oxunmamalıdır. Qadının yanında mütləq ona yaxın kişi olmalıdır.

4. Ritual zamanı bütün qızıl zinət əşyaları çıxarılmalıdır.

Əzəmətin əhvalatı

Bişkek şəhərindən olan Əzəmət adlı gənc oğlan dörd il öncə cindarın yanına getdiyini deyir. Mömin ailədə böyümüş, uşaqlıqdan namaz qılan, oruc tutan bu şəxs 20 yaşında ikən biseksual olduğunu anlayır. O, bundan narahat olaraq yerli mollaya üz tutur. Molla isə onu daha təcrübəli bir cindarın, üstəlik vaxtilə, cərrah-kardioloq, tibb elmləri doktoru olmuş adamın yanına yollayır.

“Ritual 15-20 dəqiqə çəkirdi. Molla dua oxunmuş suyu üstümə çilədə-çilədə nəsə oxuyurdu. O, məni yaxşı qarşıladı. Digər dindarlar adətən oriyentasiyası fərqli olan adamlardan qaçırlar. Amma o, məni müayinə edərək içimdə dişi cinin oturduğunu dedi. On seansa məni müalicə edəcəyini dedi. Üstəlik dedi ki, Quranda seksual oriyentasiyalara qadağa qoyulmayıb. Müqəddəs kitabda sadəcə əxlaqa, ailəyə dair tövsiyələr var. Məndən pul istəmədi, amma mən yenə də təşəkkür əlaməti olaraq 3-4 min som (təxminən 50-60 dollar) pul verdim. Sonra özüm də hiss etdim ki, mənə artıq kişilər maraqlı deyil, qadınlara üstünlük verirəm. Amma üç-dörd ay sonra anladım ki, bu, psixoloji aldatmadır. Adam özü həkim olduğu üçün insan psixologiyasını da əla bilirdi. Və mənə seanslar boyunca əsl kişi olmağın üstünlüklərini, qadın gözəlliklərini şüuraltı yeridirdi. İndi hiss edirəm ki, necə var idimsə, elə də qalmışam”- deyə Əzəmət xatırlayır.

Qeyd edək ki, Qırğızıstanda “cin çıxarma” ritualını ancaq kişi molla həyata keçirə bilər. Bunun üçün onun hər hansı dini idarədən attestasiya almasına ehtiyac yoxdur, sadəcə dini təhsilini təsdiqləyən sənədinin olması vacibdir. Təbii ki, saxta sənəd düzəldərək dələduzluq edənlər də var. Buna görə də insanlar məscidlərə yaxınlaşaraq, “məsləhətli” cindarın ünvanını öyrənirlər. Çünki dələduzlara rast gəlmiş insanların aqibəti üzücü də ola bilər. İnsan psixologiyasının sağalmaz şəkildə korlandığı hallarına dəfələrlə rast gəlinib. Hətta Tacikistanda 2013-cü ildə 19 yaşlı oğlan həyatını itirmişdi. Daha doğrusu, cindar tərəfindən qətlə yetirilmişdi. Dələduz molla sağaltmaq adı ilə huşunu itirsin deyə oğlana sopa ilə vurub, sonra bədənində guya cinin rahat çıxa bilməsi üçün kəsiklər açıb. Oğlan qan itkisindən dünyasını dəyişib. Qırğızıstanda ölüm halı olmasa da, cindarın xəstələrini zorlanması faktları baş verib. Amma trans vəziyyətində olan xəstələr bunu sübut edə bilməyiblər, onlar yalnız tam özlərinə gələndən sonra olanları xatırlayırlar, bu isə artıq ittiham üçün gec olur.

Psixoloqlar isə bildirirlər ki, cindarlar adi hipnozlardır. Belələri keçmiş SSRİ-də də olub, əsasən insanları alkoqolizmdən yayındırırdılar. İnsanları hipnoz vəziyyətinə gətirərək ona təlqin edirlər. Və xəstə qeyri-ixtiyari olaraq cindarın diktəsi ilə hərəkət edir. Çünki onun real dünya ilə əlaqəsi zəifləyir, əl-ayağı süstləşir. Belə vəziyyətdə olan insana istənilən fikri, əməli təlqin etmək olar.

Bədənindən cin çıxarılanlar prosesə iki cür reaksiya verirlər: bəziləri qıvrılır, qışqırır, bəziləri isə sakitcə dayanıb dərin nəfəs alır. Psixoloqlar bunu insan temperamenti ilə izah edirlər. Eynilə narkoz verilən insanlarda da belə olur – çılğın təbiətli olanlar söyür, qışqırır, mahnı oxuyur. Sakit təbiətlilər isə sayıqlayır.

Həmçinin bildirilir ki, adətən sağlam psixi durumda olan insanlara belə hipnoz və ya “cinçıxarma” üsulları təsir etmir, çünki sağlam insan özü vəziyyəti ələ ala bilir. Zərər əsasən zəif psixikalı insanlara dəyir. Güclü əsəb sarsıntısı keçirən xəstə, hətta komaya da düşə bilər. Ən yaxşı halda sonralar yuxuda sayıqlama, kabusgörmə ilə nəticələnər.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm