Mədəniyyət
Nyu-Yorkda Aida Mahmudovanın sərgisi keçiriləcək
28 may - 3 iyul 2015-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində, 568 W 25th Street ünvanında yerləşən "Leila Heller" Qalereyasında Aida Mahmudovanın “Yan keçərkən...” ("Passing By…") adlı fərdi sərgisi keçiriləcək.
Trend YARAT Müasir İncəsənət Məkanına istinadən məlumat verir ki,
sərgidə A.Mahmudovanın keçmiş əsərlərində də əksini tapmış nostalji
və xatirələr mövzusuna əsaslanan və ilhamını onun hazırda
yaşayıb-yaratdığı Azərbaycanın təbiət və memarlığından alan səkkiz
yeni rəsm əsəri təqdim ediləcək.
A.Mahmudova rəssamlıq prosesinə və rənglərin fiziki
xüsusiyyətlərinə eyni dərəcədə diqqət yetirərək kətan üzərindəki
boyaları canlandırır. O, tamaşaçını cəlb etməyə qadir iri səhnələr
yaradarkən dərinlik, rakurs və miqyas üzərində işləyir. Rənglərin
qabarıq sərhədlərinin strukturu fırçanın nahamar izlərinin çoxsaylı
təbəqələri ilə birləşir. Rəsmin səthi - sintetik köpüyü kimi
materialların əlavə edilməsi və onların üzərindən rəsmə həcm vermək
üçün boyaların impasto (Yəni, çox qalın qatlarla) üsulu ilə
çəkilməsi ilə daha hərəkətli və canlı olur.
Bu rəsm silsiləsində A.Mahmudova anilik ideyasını araşdırır.
Əsərlər daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı
- Azərbaycanın təbii şəraitini, şəhər mühitini və memarlığını
görməyə imkan verir. Əgər kimsə İslam memarlığı tarixi nümunələri
yanında parlaq yeni tikintilərin təzadlı mənzərəsini görmək
istəyirsə, A.Mahmudova, əksinə, diqqəti şəhər mərkəzlərinin
ətrafında olan sadə tikililərə cəlb edir. Bu tikililər təbiətin
təmiz rəngləri ilə qovuşur və vəhdət yaradır. A.Mahmudova bu
diqqətdən kənar yerli mənzərələri əsərinin ön planına
yerləşdirməklə vətəninin müxtəlifliyini araşdırır. Onun zərif
nostalji hissi ilə aşıb-daşan əsərlərində şəhər mənzərəsinin
təkamülü ilə əlaqədar sosial-antropoloji baxışlar əksini
tapır.
A.Mahmudovanın əsərlərinin mərkəzində onun yaddaş - bu yaddaşın
şəxsiyyətlə əlaqəsi və bu iki məfhumun daima dəyişməsi və zaman
keçdikcə yenidən yaddaşlara qayıda bilməsi haqqında düşüncələri və
araşdırmaları durur. A.Mahmudova deyir: "Rəsmlərimdəki səhnələr
mənim üçün şəxsi əhəmiyyətə malikdir; onlarda Bakıdakı məkanlarla,
xatırladığım və təsəvvür elədiyim yerlər bir araya gəlir. Hər bir
mənzərə daima dəyişən arxa plandakı sabitlik anını əks etdirir."
Onun əsərlərində təxəyyül və reallıq arasındakı təzad abstrakt və
fiqurativ formaların birləşməsi yolu ilə yaradılır və nəticədə eyni
zamanda həm cəlbedici olan, həm də çaşqınlıq hissi doğuran rəsmlər
meydana çıxır.
Rəssam haqqında
Aida Mahmudova 1982-ci ildə Azərbaycanın paytaxtı Bakıda dünyaya gəlib. Bakıda yaşayıb-yaratmaqdadır. Aida Mahmudovanın əsərləri geniş şəkildə sərgilənir. Onun dəniz mənzərələri "Artwise"nin kuratorluğu ilə VITA VITALE qrup sərgisinin bir hissəsi olaraq 56-cı Venesiya Biennalesində təqdim olunub. Onun heykəltəraşlıq instalyasiyaları və rəsmləri beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir: "Here Today",London; "Sevir - Sevmir" (Love Me, Love Me Not), 55-ci Venesiya Biennalesi; Bakıya Uçuş (Fly To Baku), London, Paris, Berlin, Moskva, Roma; "Birləşən Körpülər" (Merging Bridges), Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan. Onun əsərləri dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır. Rəssamın "Recycled" kompozisiyası Bakı Bulvarında nümayiş etdirilir.
Aida Mahmudova 2011-ci ildə bir qrup rəssam tərəfindən əsası
qoyulan YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii
rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət
tərəfindən dərk olunması və Azərbaycan incəsənətinin ölkə daxilində
və beynəlxalq səviyyədə təbliğ olunması ilə məşğuldur. YARAT 56-cı
Venesiya Biennalesində "Odla suyun birliyi" (The Union of Fire and
Water) layihəsini təqdim etmişdir.
Sərgi: “Yan keçərkən...” (“Passing By…”)
Ünvan: Leila Heller Qalereyası, Nyu York, 568 West 25th Street, NY
10001
Tarixlər: 28 May – 3 İyul 2015
http://www.leilahellergallery.com/
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO