• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bəxtiyar Hacıyev: “Öz xalalarım, bibilərim də mənə az kömək eləməyib” - MÜSAHİBƏ

Bəxtiyar Hacıyev: “Öz xalalarım, bibilərim də mənə az kömək eləməyib” - MÜSAHİBƏ

Gənc fəal Bəxtiyar Hacıyev Publika.Az saytının suallarını cavablandırdı:

- Sizin həbsdən azad olunmağınızda Azərbaycana gələn ABŞ dövlət katibi Hillari Klintonun rolunu necə qiymətləndirirsiniz?

- Məndə olan məlumata görə, Hillari Klinton özünün səfər gündəliyinə mənim həbsdən azad olunmağımla bağlı məsələni də daxil edibmiş. Hesab edirəm ki, məhbəsdən buraxılmağım səfərlə birbaşa əlaqəlidir.

Hillari Klintonun mətbuat konfransında da mənimlə bağlı prezident İlham Əliyevə təşəkkürünü çatdırması təsadüfi deyildi. Azadlığa çıxmağım ola bilər ki, Azərbaycan hökumətinin siyasi iradəsi ilə bağlı olub. Amma vaxtını birbaşa ABŞ dövlət katibinin səfəri ilə əlaqələndirirəm.

- Maraqlıdır, Hillari Klintonla görüşünüzü kim təşkil etmişdi?

- Görüş ABŞ-ın Azərbaycandakı səfirliyində baş tutmuşdu. Mənə zəng elədilər ki, xanım Klinton sizinlə görüşmək istəyir. Yəni bu görüş Klintonun özünün istəyi ilə baş tutmuşdu.

- Söhbətin mövzusu da maraqlıdır...

- Klintonla əvvəlcə mənim həbsim, saxlanma şəraitim, onun və ABŞ-dakı digər insanların azad olunmağım üçün gördükləri işlər barədə danışdıq. O, məni azad görməyinə çox şad olduğunu dedi. Sonra mövcud problemlər və onlara yanaşma yolları haqda müzakirələrimiz oldu.

Hesab edirəm ki, Klinton bu görüşdə ABŞ-Azərbaycan münasibətlərində prioritet hesab etdiyi sahələrə bir qədər əlavələr etmişdi. Mətbuat konfransında enerji və təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini bildirdi, fikirlərinin davamı olaraq neft-qaz sərgisində iştirak etdi. Klintonun mənimlə görüşü cəmiyyətə və beynəlxalq ictimaiyyətə bir mesaj idi ki, ABŞ üçün enerji və təhlükəsizlik məsələləri qədər Azərbaycanda insan hüquqları və demokratiya da önəmlidir.

Bu görüş hansısa problemlərin müzakirəsi üçün yox, vətəndaş cəmiyyətinə dəstəyi nümayiş etdirmək baxımdan əhəmiyyətli idi.

- Yəqin ki, ABŞ-da təhsil almağınız Hillari Klintonla münasibətlərdə müəyyən rol oynayıb...

- Mənim tələbə yoldaşlarım Vaşinqtonda müxtəlif postlarda təmsil olunurlar. Düşünürəm ki, onların da böyük rolu olub.

- Hillari Klintonun səfəri öncəsi müxalifətlə görüşəcəyi söylənilsə də, bu, baş tutmadı. Sizcə, bu, müxalifət düşərgəsində qısqanclıq yaratdımı?

- Görüşün təşkili heç bir halda məndən asılı deyildi. Hillari Klintonun özü qərar verib, məni görüşə dəvət edib. Bu barədə əlavə bir şey deyə bilmərəm.

- Mətbuatda yazıblar ki, sizə xalalarınızın, bibilərinizin etmədiyi yaxşılığı Hillari Klinton edib...

- Həmin yazını mən də oxumuşam. Qəzetdə yazılanlar haqda başqa bir şey demək istəmirəm, qoy oxucu özü nəticə çıxarsın. Onu deyim ki, xalalarımın, bibilərimin verdikləri dəstək də az olmayıb. Hillari Klintonun verdiyi dəstəyi də yüksək qiymətləndirirəm.

- Hazırda nə ilə məşğul olursunuz?

- Gəncədə, valideynlərimin yanındayam. Bir az istirahət etdikdən sonra yəqin ki, yaxın günlərdə Bakıya qayıdacam. Planlarımız çoxdur. Bunların həyata keçirilməsi üçün düşünmək və vaxt lazımdır. Bir neçə görüşlərim olub və bəzi təklilər olunub. Bu planları ətraflı müzakirə edəcəm. Siyasi fəaliyyətlə bağlı planlarımı da zaman göstərəcək.

- ABŞ-a köçməyiniz mümkündürmü?

- Mənim üçün əsas olan məqsədimdir. Mənin üçün əsas olan Azərbaycan dövlətinin maraqlarıdır. Bu məqsəd naminə ABŞ-da, yaxud Azərbaycanda olmaq ikinci dərəcəli məsələdir.

Bütün imkanlardan istifadə edib ölkəm üçün müsbət dəyişikliklərə nail olmağa çalışıram.

- Müxalifətin apardığı siyasəti necə dəyərləndirirsiniz?

- Müəyyən fikir ayrılıqlarımız var, bunları dəfələrlə səsləndirmişəm. Bu mövzuya yenidən qayıtmaq istəmirəm. Bununla yanaşı hər bir siyasi quruma fəaliyyətində uğurlar arzulayıram. Fikrimcə, hər bir şəxsin, təşkilatın başqalarının fikirlərini dinləmək və yaxud dinləməmək hüquqları var.

- Hərbi xidmət barədə nə düşünürsünüz? Qanun olmadığı halda alternativ hərbi xidmət keçməkdə niyə israr edirsiz?

- Dəfələrlə demişəm ki, bu, hüquqi yox, siyasi məsələdir. Dünən sosial şəbəkələrdə belə bir məlumat var idi ki, artıq müharibə başlayır. Mən də fikrimi bildirmişəm ki, müharibə olarsa torparlarımızın azad olunması üçün vuruşmağa hazıram və bunu məni hərbi xidmətə getməməkdə ittiham edənlər də görəcək.

- Hərbi xidmət keçməməyiniz gələcək planlarınıza, karyeranıza mənfi təsir göstərə bilərmi?

- Düşünmürəm, amma ehtimalları da nəzərə alıram. Yaxın vaxtlarda könüllü olaraq hərbi xidmətə də gedə bilərəm. Bunu mən könüllü etmək istəyirəm.

-Yaxın qohumunuz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin digər partiyalara münasibətini necə dəyərləndirirsiniz?

- Mən ciddi məsələlərlə məşğul olmağı xoşlayıram. Söhbəti ciddi məsələlərdən başlamışıqsa, gərək belə də davam edək.

- Müxalifət partiyalarının gənclər siyasəti sizi qane edirmi?

- Gənclər siyasətinin hansı partiyalar tərəfindən düzgün, hansılar tərəfindən səhv aparıldığını deyə bilmərəm. Mən müxalifət partiyalarında müsbət dəyişikliklərinin mənbəyini, əsas aparıcı qüvvəsi kimi yeni gəncləri görürəm.

Kim yeni gənclərlə hesablaşacaqsa, dil tapacaqsa uğur qazanacaq. O, şəxslər ki, yeni gəncləri özləri üçün rəqib görəcək və onlara arxa çevirəcək, uğur da onlardan yan keçəcək. Azərbaycanın gözəl gələcəyini vicdanlı, enerjili, demokratik islahatları həyata keçirəcək gücdə olan gənclərdə görürəm.

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR