• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“İstərdim “Yeni Müsavat”da Zahid Orucun da köşəsi getsin”

“İstərdim “Yeni Müsavat”da Zahid Orucun da köşəsi getsin”

Onun nə jurnalistikada , nə də ədəbiyyatda heç bir iddiası yoxdur. Dövrümüzün ən çox oxunan qələm adamlarından olsa da, deyir ki, “mən buddistəm və heç nəyə iddiam yoxdur”. İddiasız olsa da, yazıları oxunur və yazılarından iddialı və əzmli bir qələm adamı baş qaldırır. Məncə, tanış olmağınız məsləhətdir, müsahibim tanınmış köşə yazarı Zamin Hacıdır.

-Zamin bəy, siz köşə yazarı kimi fəaliyyətə başlayanda Azərbaycanda köşə yazarlığı ənənəsi formalaşmamışdı. Bəs hansı ənənələrə söykənib bu fəaliyyətə başladınız?

- Deməzdim bu ənənə yox idi. 1998-ci ildən köşə yazmağa başlamışam. Ancaq 1989-cu illərin sonu, 1990-cı ilin əvvəllərindən mətbuatımızda artıq köşə yazıları var idi. O dövrdə gedən yazıların çoxu köşə formatında idi. Sadəcə, qəzetdə şəkilsiz çap olunur, imza aşağıdan qoyulurdu. Köşə bir nəfərin oxuculara fikirlərini çatdırmasıdır və bu format mətbuatımızda başqa formada da olsa var idi. 90-cı illərin əvvəllərində “Azadlıq” qəzetində həqiqi jurnalistika materealı demək olar ki, yox idi. Həmin dövrlərdə reportaj, araşdırma çox az olurdu. Daha çox siyasətçilər və ziyalılar fikirlərini yazırdı və bu da məhz köşə formatı idi. Dediyim kimi köşə yazmağa 98-dən başlamışam. Ənənə də var idi. “Çeşmə” qəzetində çıxan yazıları, Məmməd Nazimoğlunun yazılarını oxuyurdum. Digər tərəfdən Mirzə Cəlilin, Üzeyir bəyin felyetonları da əslində köşə formatıdır və bu artıq ənənə sayıla bilər.

-Siz daha çox satirik üslubda yazırsınız. Amma analitik, təhlil formatlı köşə yazan müəlliflər də var. Ümumiyyətlə, köşə hansı üslubda olmalıdır?

-Hazırda Salman Rüşdinin esselər kitabını oxuyuram. Onun hansı mövzularda yazması çox maraqlıdır. Salman Rüşdi İngiltərənin müxtəlif qəzetlərində köşələr yazıb. Onun hətta futbol haqqında da yazısı var. Rok qrupu haqqında, ədəbiyyat haqqında, Buker mükafatı almış hansısa yazıçı haqqında da onun yazıları var. Burda konkret janr gözlənilmir. Dünyada köşə yazarlarına ümumi olaraq “kolumnist” deyirlər. Adətən köşə yazılarını məhşur adamlar yazır. Hansısa məsələyə onların münasibəti cəmiyyət üçün maraqlı olur. Hansısa hadisə ilə bağlı Salman Rüşdinin, Umberto Ekonun fikirləri cəmiyyətdə maraqla gözlənilir. Azərbaycanda isə vəziyyət başqa cürdür. Məşhur imzalar az olduğu üçün biz başladıq yazmağa və bu da cəmiyyətdə müəyyən qədər xoş qarşılandı. Mən köşə yazarkən hadisələrə nisbətən fərqli baxış bucağından baxmağa çalışıram. Bir də bir-biri ilə əlaqəsi olmayan müxtəlif hadisələr arasında harmoniya qurmağa, bu hadisələri əlaqələndirməyə çalışıram. Bəzən də hadisələrə sadəcə, şərh yazıram.

-Qeyd elədiniz ki, dünyada köşə yazarları adətən məhşur adamlar olur. Bəs, sizcə, Azərbaycanda köşəni kimlər yazmalıdır?

-Mənim kimi məhşur adamlar(gülür). Dünyada köşə yazarları məhşur olduqdan sonra köşə yazırlar. Azərbaycanda isə fərqlidir. Bizdə yaza-yaza məhşur olmaq formatı var.

-Bu yanaşma nə qədər uğurlu və düzgündür?

-Düzgünlüyünü deyə bilmərəm, ancaq reallıq budur. Mən köşə yazmağa başlayana qədər Jurnalistikanın bütün sahələri ilə məşğul olmuşam. Müsahibələr, reportajlar yazmışam. “Azadlıq” qəzetinin idman müxbiri, məktublar şöbəsinin müdiri, xüsusi layihələr şöbəsinin müdiri olmuşam, humanitar söbədə işləmişəm. Konsertlərdən, futbol oyunlarından, hansısa kənddəki etiraz aksiyasından yazı yazmışam.

-Və məşğul ola-ola hiss elədiniz ki, artıq oturuşmusuz...

-Deməzdim oturuşmuşam. Sadəcə hiss elədim ki, hadisələr haqqında mənim deyəcəyim fikirlər var. Müsahibə vaxtı görürdüm ki, müsahibin suala verdiyi cavabdan daha yaxşısını özüm deyə bilərəm. Amma müsahibədə öz fikirlərimi yazmaq mümkün deyil. Eləcə də xəbər yazanda öz fikirlərini yazmaq jurnalistika prinsiplərinə ziddir. Bu sahədə ciddi boşluq var idi və biz özümüz köşə yazarlığı inistitutunu formalaşdırdıq, yaratdıq. Sovetlərdən sonra Azərbaycan jurnalistikasında ciddi boşluq yaranmışdı. Hər şey sonradan yavaş-yavaş formalaşdı. Məsələn, mən ilk köşəmi senzuranın ləğvindən sonra yazmışam.

-Maraqlıdır, nə üçün müxalif jurnalistikanı seçdiniz?

-Jurnalistika müxalif olmalıdır. Bunun başqa yolu varmı ki?

-Konkret olaraq sizin çalışdığınız qəzetlərdən söhbət gedir...

- Çalışdığım qəzetləri məcburiyyət qarşısında qalıb seçmişəm. Yazılarımı çap edəcək başqa mətbu orqan yoxdur. Ciddi olaraq seçim imkanım yoxdur. Başqa heç bir qəzetdə öz fikirlərimi yaza bilmərəm.

-Belə başa düşdüm ki, müstəqil qəzet olsa, siz onu seçərsiniz...

-Çalışdığım “Azadlıq” və “Yeni Müsavat” qəzetləri mənim düşündüyüm ideal qəzet formatına uyğun deyildi. Bu baxımdan düşündüyüm formata uyğun nəşr “Gündəlik Azərbaycan” qəzeti idi. Orda mənim, ümumiyyətlə, fikirlərini qəbul etmədiyim insanlar da yazılar yazırdı və bu, əslində çox yaxşı idi. Bu cür rəngarəngliyi sevirəm. Düzdür, buna Rauf Arifoğlu da cəhd elədi, amma sonacan alınmadı. Mən şəxsən istəyərdim ki, “Yeni Müsavat” qəzetində Zahid Orucun da köşəsi çıxsın. Adamlar toqquşmaqdansa, qoy fikirlər toqquşsun, fikirlər süpürləşsin. Bu çox yaxşı olardı.Təəssüf ki, bizdə buna şərait yoxdur. Bizim ən ciddi problemlərimizdən biri azad sözün olmamasıdır. İnsanlar fikir mübadiləsindən çəkinir, qorxur. Ona görə də cəmiyyətdə aqressiya var. Hər gün dəhşətli kriminal xəbərlər eşidirik. Bütün bunlar ondan yaranır ki, insanlar bir-birini eşidə bilmir.

-Bəs Zamin Hacını necə, eşidən varmı?

-Var. Məncə pis deyil. Hiss edirəm ki məni oxuyan var. Bunu zənglərdən, münasibətlərdən başa düşürəm.

-Mən bildiyimə görə sizə zəng edib mövzu verən oxucularınız da var.

-Çoxdur belə oxucular. Mən mütləq onları dinləyirəm və yazılarımda həmin mövzulara toxunuram. Necə ki, onlar məni oxuyur, eyni şəkildə mən də onları dinləməyə borcluyam. Çünki bu dialoqdur və biz insan cəmiyyətində yaşadığımız üçün bu dialoqlardan qaça bilmərik. İnsan sosial varlıqdır. Bizim bir-birimizlə mütləq ünsiyyətimiz olmalıdır. Mən çalışıram ki, oxucularla münasibət qurum.

-Uzun illərdir yazırsınız. Mən bir oxucu kimi sizin seçdiyiniz mövzularda bəzən bənzərlik hiss edirəm. Məsələn, beş il əvvəl oxuduğum bir mövzu ilə yenidən rastlaşıram. Sizcə, bu, nədən qaynaqlanır? Ölkədə mövzusuzluq var, yoxsa..?

- Hadisələr təkrarlanır və bir də Azərbaycanda durğunluq dövrüdür. Dəyişiklik, yenilik yoxdur. Məncə, dəyişiklik olmalıdır. Bu durğunluq cəmiyyət və təbiət qanunlarına ziddir. Hər şey təkrarlanır və bizim hadisələrə yazdığımız şərhlər də təkrarlanır. Mövzular təkrar ola bilər. Ancaq cümlələr təkrarlanmır. Bir dəfə də demişdim ki, kimsə mənim başqa yazıma bənzər yazımı gətirsə, o yazının qonorarını ona verəcəm.

-Hər gün yeni nə isə yazmaq da çətindir axı...

-Ən azı bir ştrixlə fərqləndirmək mümkündür...

-Bilirəm ki, həm də ədəbi yaradıcılıqla məşğul olursunuz. Şeirləriniz, hekayələriniz var. Jurnalistika, publisistik yazılar ədəbi yaradıcılığa mane olurmu?

-Yox, qətiyyən. Ədəbi yaradıcılıqla müntəzəm məşğul oluram.

-Dünyada köşə yazarları kinodan, ədəbiyyatdan, teatrdan da yazır. Nə əcəb bu mövzulara toxunmursunuz?

-Bu mövzulardan yazmaq üçün özümü peşəkar hesab eləmirəm. Çoxlu filmlərə baxıram, həm də çox kitab oxuyuram. Ancaq bu məsələləri çox peşəkar şəkildə yazmaq lazımdır. Bu mövzuları başdansovdu yazmaq istəmirəm. Həm də hansı bazara nəyi çıxarmaq məsələsi var. Çin Amerika bazarına da məhsul çıxarır və bu məhsul çox keyfiyyətli olur. Amma eyni ölkənin Azərbaycan bazarına çıxardığı məhsul çox keyfiyyətsizdir. Əgər mən Nobokovun “Lolita” əsərindən yazsam, oxucularım bunu başa düşməyəcək. Çünki bu əsər hələ də dilimizə tərcümə olunmayıb. Oxucunun tanış olmadığı film, kitab haqqında mən nə yazım?

-Bəlkə siz yazasınız, oxucu da gedib axtarıb bu kitabı tapsın, bu filmi izləsin?

-Axı “Yeni Müsavat” oxucularının nə qədər hissəsi rusdillidir? Mən yazacam, ancaq bunu tapıb izləmək problemi də var. Tutaq ki, mən bunu internetdən tapıb izləyirəm, bəs oxucu onu hardan tapacaq?

-Arzuladığınız dəyişiklik baş verdikdən sonra, arzularınız reallaşdıqdan sonra nə işlə məşğul olacaqsınız?

-Bu yaxınlarda bizim müxbirimiz Elbəyi Həsənlinin Avropada süpürgəçi işləməyi ilə bağlı söz-söhbət yayıldı. Demokratik, azad ölkədə süpürgəçi işləmək də şərəflidir. Mən istənilən işin qulpundan yapışa bilərəm. Amma inanmıram ki, mənim ömrüm bitənə qədər Azərbaycanda tənqid olunacaq mövzular qurtarsın. Əgər dəyişiklik olarsa mən də kinodan, kitabdan, teatrdan yazaram. Yəqin ki, inkişaf olsa, belə şeylərə tələbat da olacaq. Ancaq hələ ki, oxucu bunu istəmir.

-Nə qədər olar oxucunun arxasınca getmək? Bəlkə oxucunu arxanızca aparasınız?

-İki variant var. Ya oxucunun arxasınca getmək, ya da oxucunu arxanca aparmaq. Mən oxucuyla bərabər addımlayıram. Çalışıram ki, oxucuyla bərabər gedim.

-Zamin Hacı kimləri oxuyur?

-Mən vaxt olduqca hamını oxuyuram. Amma həvəslə izlədiyim yazarlar Şahvələd Çobanoğlu, Murad Köhnəqala, Pərviz Cəbrayıl, Elnur Astanbəyli, Natiq Güləhmədoğludur. Seymur Baycanın publisistikası mənim üçün çox maraqlıdır. Gənclər içərisində Araz Bayramovu özüm üçün təzə kəşf eləmişəm. Qəzetlərdə yazmasa da çox maraqlıdır.

Söhbətləşdi: Cəlil Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR