• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Aleksandr Şarovski: “Tavan başımıza uçdu” - - Müsahibə

Aleksandr Şarovski: “Tavan başımıza uçdu” - - Müsahibə

Tarixə ekskurs

1920-ci il oktyabrın 23-də “Azərbaycan yoxsulluğu” qəzetində Xalq Maarif Şurası və “Azərnəşr”in qərarı ilə Dövlət Müstəqil Satira-Təbliğ Teatının fəaliyyətə başlaması haqqında məlumat dərc edilmişdi. Dekabrın 20-də isə teatrın təntənəli açılışı keçirildi.

Teatr Tiflisdə fəaliyyət göstərən, sonradan isə dağılmış N.F. Baliyevin “Yarasa” teatr truppasının və inqilab komitəsinin qərarı ilə ləğv edilmiş “Momus” teatrının kollektivinin bir hissəsi əsasında formalaşdırılmışdı. Bədii rəhbər və baş rejissoru V.Şveyser, inzibatçısı P.Oreşkov, ədəbi hissə müdiri N.Qorodetskaya, rəssamı B.Voronov idi. Sonralar teatra V.Q.Saxnovskiy də rəhbərlik edib. Həmin teatr 1923-cü ilədək mövcud olub.

Bakı şəhər İcraiyyə Komitəsinin 1923-cü il 29 aprel tarixli qərarına əsasən Dövlət Müstəqil Satira-Təbliğ Teatrının adı dəyişdirilərək Bakı İşçi Teatrı adlandırılır. Yarım ildən sonra oktyabrın 25-də teatrda S.Mininin “Qorod v koltse” pyesinin premyerası baş tutur. Yeni truppanın tərkibinə Moskva, Odessa, İrkutskdan gəlmiş aktyorlar daxil idilər. Teatrın repertuarı əsasən sosialist inqilabı ruhunda yazılmış pyeslərdən və əcnəbi dramaturgiyadan ibarət idi.

1924-cü ildə Bakı İşçi Teatrının nəzdində Praktiki Məşğələlər Studiyası açılır. 1926-cı ildən bu studiyaya “Meyerxold məktəbi”nin nümayəndələri olan rejissorlar V. Fyodorovla S. Mayorov və aktyor M. Jarov rəhbərlik etməyə başlayırlar. Yaradıcı heyət isə Faina Ranevskaya, V. Kuznetsov kimi aktyorlar, S. Jefimenko və İ. Şletenov kimi rəssamlarla zənginləşir.

1937-ci ildə teatr Qırmızı Əmək Bayrağı Ordenli teatrlar sırasına keçir, truppa üçün Cənubi Qafqaz və Zaqafqaziya şəhərlərinə, sonralar isə keçmiş Sovet İttifaqının şəhərlərinə qastrollar dövrü başlayır.

1956-cı ildən teatr xalq şairi Səməd Vurğunun adını daşıyır. 1960-80-ci illərdə Rus Dram Teatrının səhnəsində G. Güləhmədova-Martınova, C. Səlimova, İ. Xasin, E. Saxarov, E. Behbudov, E. Əliyev, R. İbrahimbəyov kimi rejissorların quruluş verdiyi əsərlər səhnəyə çıxarılır.

Bu gün teatrın tamaşalarında Mədəniyyət və İncəsənət Universitetinin, Xoreoqrafiya Məktəbinin və teatrın Dram Studiyasının məzunlarını, eləcə də Bakıdakı digər teatrların aktyorlarını görmək olar.

1920-ci illərin axırından 1960-cı illərədək teatrda qoyulmuş “Lyubov Yarovaya”, “Nikbin faciə”, “Hamam”, “Üç bacı”, “Qağayı”, “Maskarad”, “Ağıldan bəla”, “Sevil”, “Od gəlini”, “Vaqif”, “Fərhad və Şirin” səhnə əsərləri yaddaşlarda və teatr tarixində xüsusi yer tutan tamaşalardandı.

1937-ci ildən Rus Dram Teatrı adıyla fəaliyyət göstərən bu sənət məbədinin keçdiyi yola və bu gününə baş rejissor Aleksandr Şarovski ilə birlikdə nəzər saldıq.

Dosye

Azərbaycan Dillər Universitetinin məzunu Aleksandr Yakovleviç Şarovski 1974-cü ildə S.Vurğun adına Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Tədricən müstəqil şəkildə təhsilini artıraraq özünü rejissor kimi sınayıb. 1993-cü ildən baş rejissor vəzifəsindədi.

Teatrın səhnəsində 30-dan çox tamaşaya quruluş verməkdən savayı 1992-ci ildə A. İvanov adına Odessa Rus Dram Teatrında iki, 2005-ci ildə isə Rostov Dram Teatrında bir tamaşanın quruluşçu rejissoru olub.

Kinoda və televiziya tamaşalarında bir neçə rol oynayıb. “Qızıl Dərviş”, “Humay” mükafatlarına, əməkdar və xalq artisti fəxri adlarına, “Şöhrət” ordeninə layiq görülüb.

Aleksandr Şarovski:

- Rus Dram Teatrının tarixində yüksəlişlər də olub, böhranlar da, önəmli mərhələlər də, ötəri məqamlar da. Teatrımızın inkişaf tarixini rəsmi olaraq dörd mərhəyə bölürlər. Amma mən beşincisini də əlavə etmişəm. Həmin dörd mərhələ 1920-ci ildə Müstəqil Satira-Təbliğ Teatrının yaradılmasını, 1923-cü ildə bu teatrın adının Bakı İşçi Teatrı qoyulmasını, 37-ci ildə truppanın müəyyən fəaliyyətinə görə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilməsini və Rus Dram Teatrı adlanmasını, nəhayət, 56-cı ildə teatra Səməd Vurğunun adının verilməsini əhatə edir.

Bütün bu mərhələlər teatrımızın bugünkü inkişaf mərhələsinə qədəm qoymasında çox vacib rol oynayıb. Baxın, 20-ci illərdə Bakı İşçi Teatrında kimlər çalışıb - Faina Ranevskaya, İrmiç, Şarloxov, Myakişev kimi peşəkarlar. 30-40-cı illər kimi çox mürəkkəb və çətin dövrdə teatr truppası Vera Şirye kimi sənətkarlar başda olmaqla mütəmadi olaraq döyüşçülər üçün proqramlar hazırlayıb cəbhəyə yollanırmışlar.

1956-cı il isə teatrımız üçün fərqli bir önəm kəsb edir. Həmin ildə teatrda Səməd Vurğunun “Fərhad və Şirin” dramı qoyulurmuş. Müəllif özü məşqlərdə çox yaxından iştirak edirmiş. Bildiyimə görə, elə həmin prosesdə teatra onun adının verilməsi qərara alınıb. SSRİ dağılanda bir çox teatrlar adlarındakı müəyyən şəxlərin isimlərindən imtina etdilər. Amma biz Səməd Vurğunun adından imtina etməyi ağlımıza belə gətirmədik. Çünki hər şeydən əvvəl o, həqiqi mənada böyük şairdi.

Səməd Vurğunun ailəsi ilə də həmişə çox yaxşı münasibətlərimiz olub. Böyük oğlu mərhum Yusif Səmədoğlunun “Qətl günü” romanı teatrımızda tamaşaya qoyulub, mən də o tamaşada iştirak edirdim. Qızı, rəhmətlik Aybəniz xanım da bizimlə həmişə sıx münasibət saxlayırdı. Maraqlıdı ki, mənim müəyyənləşdirdiyim beşinci inkişaf mərhələsi də hardasa Səməd Vurğunun adı ilə əlaqəlidi.

2006-cı ildə biz növbəti dəfə “Fərhad və Şirin” dramına müraciət etdik. Premyerada tavanın üst qatının bir hissəsi qopub səhnəyə düşdü, Allaha şükür ki, həmin anda o yerdə heç kim dayanmamışdı. Elə bu hadisədən sonra İlham Əliyev teatrların əsaslı təmir olunması barədə sərəncam verdi. 2008-ci ilin mayında prezident xanımı Mehriban Əliyeva ilə birlikdə bu binanın belə yaxşı təmir-təchiz işlərindən sonra açılışına gəldi və dedi ki, Azərbaycanda Rus Dram Teatrı əbədidi, məni “Şöhrət” ordeni ilə təltif etməsi barədəki sərəncamı da elə o vaxt imzaladı. Beləliklə, teatrın ən yeni tarixinin başlanğıcına start verildi.

- Baş rejissor təyin olunduğunuz dövrdə teatrın inkişaf mərhələsini necə qiymətləndirirsiniz?

- Siyasi-iqtisadi quruluş dəyişdiyindən o dövr bütün keçmiş sosialist ölkələri üçün çətin dövr idi. Bir çox ölkələrin rusdilli teatrları adlarındakı “rus” sözünü silmişdilər, baxmayaraq ki, tamaşaları rus dilində oynayırdılar.

Mən baş rejissor təyin olunan vaxtlar hər sahədə olduğu kimi teatrlar üçün də mürəkkəb vaxtlar idi, zalın yarısı boş olurdu. Düşündük ki, birinci növbədə kiçikyaşlı tamaşaçılardan başlamaq, onlarda teatr aləminə maraq oyatmaq lazımdı. “Kapustniklər”, apofigey tərzində tamaşalar hazırlayıb təqdim etməklə bu məsələ yavaş-yavaş yoluna qoyuldu. İndi biz təbii ki, daha belə tamaşalar hazırlamırıq. Amma başqa ölkələrdən rejissorlar, rəssamlar, başqa mütəxəssislər dəvət etməklə həm öz şirəmizdə bişməkdən sığortalanırıq, həm də tamaşaçılarımızın marağının azalmamasını təmin edirik.

Mədəniyyət və Turizm Nazirliyinin siyasətinin sayəsində qastrollarımızın sayı artmaqdan əlavə, arealı da genişlənib. Teatr repertuar və tamaşaçı deməkdi. Biz bu məsələni həmişə diqqətdə saxlayırıq.

Bir də daha bir vacib məqam kiçikyaşlı tamaşaçılarımızdı. Repertuarın müəyyən hissəsi mütləq onlar üçün nəzərdə tutulur. Repertuarımızı isə həmişə dünya və Azərbaycan klassikası, bir də əlbəttə ki, müasir əsərlər təşkil edir.

Bu il, məsələn, mənim çox sevdiyim ədiblərdən biri Mizə Fətəli Axunzadənin yubileyi olduğu üçün bütün teatrlara tövsiyə olundu ki, onun əsərlərinə müraciət etsinlər. Bir neçə il öncə Mirzə Fətəlinin “Lənkəran xanının vəziri” pyesini hazırlamışdım. O tamaşa uzun müddət repertuarda qaldı. Bu dəfə isə “Dərviş Məstəli şah və Müsyö Jordan” komediyasını qoyduq. Fəxriyyə Xələfova ilk dəfə olaraq bu tamaşada teatr rəssamı kimi özünü göstərdi, tamaşanın musiqi tərtibatını isə Vaqif Gərayzadə verdi.

Uğurlu premyeralardan sonra bu tamaşanın qastrol həyatı başlayacaq. Onu Tiflisdə, Odessada, hətta ola bilsin ki, Moskvada da oynayacağıq. Çünki bu əsərdə Azərbaycanın aydın mənzərəsi var, Qarabağ var, azərbaycanlıların məişəti, həyata, dünyaya baxışı, insanlara münasibəti ən rahat qavranılan emosional-duyğusal tərzdə verilib.

- Azərbaycanın teatr məkanında Rus Dram Teatrı hansı yeri və mövqeni tutur?

- Bizim teatrı Azərbaycanın teatr məkanından ayrı nəzərdən keçirmək olmaz. Ən azı məkan eyniliyinə görə. Bundan başqa, truppanın gəlmə aktyorlardan ibarət olmasına hələ ötən əsrin 40-cı illərində son qoyulub, teatrımızda son dərəcə görkəmli aktyor nəsilləri formalaşıb. Onlarla fəxr etməmək mümkün deyil.

- Daha yaşlı nəslin nümayəndələri söz düşəndə qeyd edirlər ki, Rus Dram Teatrının indiki tamaşaları əvvəlkilərdən çox fərqlidi, özü də bu fərq yaxşı tərəfə deyil. Necə şərh edərsiz bu münasibəti?

- Əlbəttə, bir neçə on il bundan əvvəl qoyulan tamaşalar daha ağır templi idi, səhnədə ağır-ağır danışmaq ədası dəbdə idi. Müasir tamaşaçının dünyanı və onun içində teatrı qavrama bucağı klip çərçivəsində formalaşıb. Bəllidir ki, insan dünyanı 16 yaşına qədər qavrayır, sonra onda hər təzahürə qarşı müəyyən dərəcədə etiraz, hətta inkar başlayır. Çox az adam tapılır ki, yeniliyin müsbət cəhətlərini etiraf etsin. Teatrımızın köhnə tamaşaçılarının fikrinə gəlincə isə, onları dinləmək borcumuzdu.

- Tamaşa və səhnə əsəri... Sizin teatrın nümunəsində səhnə sənətinin bu iki ifadə forması arasındakı sərhəd harda başlayır?

- Teatrda yalnız səhnə əsərləri olur. Əsasən dramaturqların pyesləri əsasında qoyulmuş səhnə əsərləri. Bizim teatrda da həmçinin.

-Mənim şəxsi subyektiv fikrimcə Rus Dram Teatrının ən qabarıq cəhətləri birinci növbədə ictimaiyyətlə sıx əlaqə quraraq tamaşaçı cəlb etmək bacarığı, bir də kiçikyaşlı tamaşaçılara münasibətdə dəqiq və düzgün taktikaya sadiqliyinizdi. Əlavəniz yoxdu bu analizə?

- Belə diqqətli olduğunuza görə təşəkkür edirəm. Mən bura mətbuatla sıx əlaqə qurmağımızı da əlavə edərdim...

Sənət adamlarından soruşanda ki, nəyə xidmət edirsiniz, deyirlər, yüksək sənət meyarlarına. Şübhəsiz, son nəticədə bu, belədi. Amma hər bir sənət adamının məqsədlərindən biri şöhrətdi, tanınmaq istəyidi. Bunda heç bir qəbahət yoxdu – biz çalışırıqsa, istəyirik ki, fəaliyyətimizdən daha çox insanın xəbəri olsun.

Samirə Behbudqızı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR