• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Lavrovun çantasındakı üç məsələ: Qarabağın taleyi necə olacaq? – TƏHLİL

  • Nida.az
  • 31 Avqust 2015 17:22
  • 1 593 Baxış
Lavrovun çantasındakı üç məsələ: Qarabağın taleyi necə olacaq? – TƏHLİL

Rusiya xarici işlər naziri Sergey Lavrov bir gün sonra – sentyabr ayının ilk günündə Bakıya gələcək. Rəsmi məlumatlara görə, Rusiyanın baş diplomatı Bakıda Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu barədə müzakirələr aparacaq.

Rusiya XİN rəhbərinin Bakı səfəri dedikdə, Dağlıq Qarabağ məsələsinin müzakirəsi ilk məsələ olaraq ön plana keçir. Bu təəccüblü deyil, xüsusilə, sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında bu münaqişənin gündəmə gətiriləcəyi ehtimallarının olduğu bir vaxtda. Lakin rəsmi məlumatlarda keçən “ikitərəfli və çoxtərəfli formatın müxtəlif aspektləri” ifadəsi Rusiyanın baş diplomatının səfər çantasında hansı məsələlərin olmasına dair suallar yaradır.

Son siyasi proseslər fonunda Lavrovun özü ilə Bakıya gətirəcəyi məsələləri üç istiqamətdə dəyərləndirmək mümkündür.

1. Qarabağ
2. Enerji
3. Qafqaz uğrunda döyüş

Qarabağ: “Rusiya münaqişənin həllinin intensivləşdirilməsini istəyir”. Lavrovun Moskvada dilə gətirdiyi bu ifadələrdən cəmi bir neçə ay keçir. Xarici işlər naziri Elmar Məmmədyarovun Moskva səfərində gündəmə damğa vuran bu açıqlamadan dərhal sonra amerikalı həmsədr Ceyms Uorlik “İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır” deyə konkret mövqe nümayiş etdirməsi də diqqətlərdən yayınmadı. Bu, Vaşinqton və Moskvanın münaqişə ətrafında, daha dəqiq anlamda, Azərbaycan uğrunda marafon yürüşünə çıxması demək idi. Ukraynadan sonra burun-buruna gözüaçıq yatan canavarları xatırladan Rusiya və ABŞ-ın hər hansı münaqişənin həllində, elə Qarabağa görə ortaq məxrəcə gəldiyini demək çətindir. Lakin hər zaman olduğu kimi diplomatiya aldadıcı rolu üzərinə götürür. Moskva və Vaşinqtondakı diplomatik ritorika da buna xidmət edirdi. Bu ümidverici açıqlamaların ardından sentyabrın sonlarına planlaşdırılan BMT Baş Assambleyasının iclasında prezidentlərin görüşünün gündəmə gəlməsi də hansısa yeni prosesin başlanğıcından xəbər verirdi. Xüsusilə, Vladimir Putinin qatılacağı iclasda Barak Obama və prezidentlərin iştirakı ilə dördtərəfli müzakirə münaqişə tarixində ilk ola bilərdi və güman ki, Nyu-York şəhəri Qarabağın taleyində həlledici ada sahib olacaqdı. Lakin Lavrovun səfəri ərəfəsində Nyu-Yorkda prezidentlərin görüşünü təşkil etməyin mümkün olmadığı haqda xəbərlər ortaya çıxdı. Bu nə qədər qeyri-rəsmi olsa da, səfər öncəsi diqqət çəkir. Yayılan xəbərlərə görə, prezidentlərin əvəzində xarici işlər nazirlərinin görüşü keçiriləcək. Prezidentlərin görüşünün təşkil olunmaması təsdiqlənməmiş məsələdir. Amma əgər bu doğrudursa, o zaman baş tutmamasının bir səbəbi ola bilər. Belə ki, avqustun əvvəlində Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyanın ABŞ-a səfərinin kökündə Vaşinqtonun Dağlıq Qarabağ üzrə beynəlxalq sülhməramlı qüvvələrin yaradılması haqda BMT-nin yeni qətnaməsinin qəbulunda maraqlı olması ilə bağlı iddia dururu. Tonoyanın Nyu-Yorkda BMT-nin sülhməramlılar üzrə xüsusi nümayəndəsi ilə görüşməsi də ehtimalları artırırdı. Həmin ərəfədə Azərbaycan müdafiə naziri Zakir Həsənovun Moskvaya səfəri də diqqətlərdən yayınmadı. Görünür, sülhməramlıların yerləşdirilməsi məsələsi həqiqət olub və Nyu-Yorkda prezidentlərin görüşündə bu məsələ qətiləşəcəkmiş, məhz buna görə də rəsmi Bakı haqlı olaraq bundan imtina edib. Təbii ki, bu, baş verənlər haqda versiyalardır. Amma proseslər olduqca qarışıq görünür və belə bir vaxtda Lavrovun Bakı səfərində Qarabağ üzrə danışıqların hansı istiqamət üzrə davam edəcəyi maraqlıdır. Hesab etmək olar ki, Rusiyanın Azərbaycanın qəbul etmək istəmədiyi hansısa təklifi var və Lavrov məhz bu təklifi yenidən masaya yatırmaq üçün gəlir. Qarabağ münaqişəsinin həllində hansı yeniliklərin olacağının, yaxud olmayacağının yaxın müddətdə şahidi olacağıq.

Enerji: Lavrovun çantasındakı ən mühüm məsələlərdən biri bu ola bilər. Ötən həftə Elmar Məmmədyarovun Ankarada türkiyəli və türkmənistanlı həmkarları ilə enerji məsələsini müzakirə etməsinin ardından dərhal sonra rusiyalı baş diplomatın Azərbaycana gəlməsi bu ehtimalı gücləndirir. Çünki Avropa bazarı uğrunda gedən “qaz müharibələrində” Moskva hazırda uduzan tərəfdir. “Cənub axını”ndan sonra “Türk axını” layihəsini gündəmə gətirən Kreml bu məsələdə Ankara ilə razılığa gələ bilməyib. Həmçinin, “Türk axını” marşrutundakı ölkələrin domino daşı kimi bir-bir “yıxılması” da Kremli çətin vəziyyətə salıb. Rusların illər sonra Şimal axınını gündəmə gətirməsi də bu layihədəki çətinliklərindən xəbər verir.

Vaşinqton əsas alternativ olaraq müdafiə etdiyi Azərbaycan qazını Avropa bazarına çıxarmaqda israrlıdır. Bu istiqamətdə Yunanıstan maneəsinin aradan qaldırılmasında ABŞ-ın oynadığı rol da bunu deməyə əsas verir. Bu layihənin davamı olaraq Türkmənistan qazının da Bakı marşrutu ilə çıxışı təmin olunmalıdır. Söhbət Rusiyanın kabusuna çevrilən Transxəzər layihəsindən gedir. Ekspertlərə görə, bu layihə Xəzərdə müharibəyə səbəb ola bilər. Lakin Vaşinqton bütün vasitələrlə türkmən qazının yolunu açmaq istəyindən əl çəkmir. Bu, həm də Xəzərdə onun hegemonluğunu təmin edə bilər.

Transxəzər layihəsinin reallaşması Bakı üçün də sərfəlidir. Bununla Azərbaycanın müəllifi olan Cənub Qaz Dəhlizi layihəsinin uzunömürlülüyü təmin olunacaq. Ankarada xarici işlər nazirləri səviyyəsindəki üçtərəfli görüş də məhz bu planların reallaşmasına hesablanıb. Görünür, Rusiya bu görüşdən narahatdır və Lavrov vasitəsilə Bakıya “mürəkkəb proseslərə start verəcək addımlara qarışmamaq mesajını” göndərir.

Və nəhayət, Qafqaz uğrunda döyüş: Ötən həftə NATO baş katibi Yens Stoltenberq Gürcüstana səfər etdi və Şimal Alyansının bu ölkədəki təlim mərkəzini açdı. “NATO Qafqaza girdi” - təsadüfi deyil ki, bir çox ekspertlər bunu məhz belə qiymətləndirdilər və ümumi mənada haqsız da deyillər. Çünki bu, SSRİ-nin dağılmasından sonra Şimal Alyansının bölgədə ilk əyani addımı idi. Kreml də bunu özü üçün təhlükə olduğunu bəyan etdi.

Şimal Alyansının Qafqaza girişi regionda güc balansının dəyişməsi ilə nəticələnəcək hadisə ola bilər. Hazırda Qafqazda daha güclü olan Rusiya üçün bu, qorxulu gələcək vəd edir. Məhz buna görə Lavrov regionun əsas gücü hesab olunan Azərbaycanla münasibətlərin çoxtərəfli aspektlərini müzakirə etmək üçün gəlir. Görünür, Qafqazın əldən çıxması təhlükəsini hiss edən Moskva vaxt itirmək istəmir. Bu, rəsmi Bakıya Moskva qarşısında öz tələblərini irəli sürməsi üçün əlavə şanslar yaradacaq.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR