“Qaz müharibəsi”ndə kartlar dəyişir: Rusiyanın qəzəbi regionu alovlandıra bilər
Bizi izləyin

Nida.az

“Qaz müharibəsi”ndə kartlar dəyişir: Rusiyanın qəzəbi regionu alovlandıra bilər

Ukrayna böhranın ardınca başlanan Avropa bazarı uğrunda “qaz müharibələri” yeni dönəmə qədəm qoyur. Azərbaycanın da əsas faktor olduğu bu oyunda Rusiyanın əlindəki sonuncu kart da çıxdı. “Türk axını” rəsmən təxirə salındı.


Publika.az xəbər verir ki, layihənin 2016-cı ilin sonuna kimi gerçəkləşdirməyi planlaşdıran Rusiyanın əsas marşrut ölkə olan Türkiyə ilə danışıqları dondurulub.

Rəsmi Ankara buna Rusiyanın maneə yaratdığını, daha doğrusu, istəklərinin qəbul edilməz olduğunu açıqlayıb.


“Rusiya ilə danışıqlar çıxılmaz döngəyə girdi. Ruslar BOTAŞ və Gazprom arasında qiymət endirilməsi ilə bağlı müzakirələrini “Türk axını” layihəsində əsas şərt kimi irəli sürdülər. Biz isə bunu bir başlanğıc olaraq düşünmüşdük. Beləliklə, müzakirələr bitdi və danışıqlar donduruldu. Rusiya şərt qoymadan iş görsəydi, vəziyyət tamamilə fərqli olardı. Rusiya bununla vaxt itirdi. Türkiyə Rusiyaya görə risk etmişdi, amma onlar bu riski dəyərləndirmədi”, - deyə Türkiyə hökuməti bəyan edib.


Rusiya hökuməti də layihənin dondurulması haqda mövqeyini açıqlayıb. “Qazprom”un sədr müavini Aleksandr Medvedyev mətbuat konfransında bildirib ki, 2016-cı ilin sonuna planlaşdırılan “Türk axını” qaz kəmərinin inşası təxirə salınıb.


Rusiyalı ekspert Vitali Arkov hesab edir ki, vəziyyəti qısa müddətdə düzəltmək mümkün olmayacaq: “Tərəflərdən heç biri güzəştə getmək istəmir. Türkiyə öz unikal geosiyasi vəziyyətindən istifadə edir”.


Ekspertin fikrincə, Rusiyanın “Türk axını” layihəsini gündəmə gətirməklə dayandırıldığını elan etdiyi “Cənub axını” layihəsinin perspektivləri tükənməyib: “Ola bilsin ki, kartlar yenidən dəyişsin, sadəcə, bunun üçün vaxt və diplomatik səylər lazımdır”.


Hazırda soyuq savaşı xatırladan “qaz müharibəsi”ndə “kozır” ABŞ-ın əlindədir. Hərçənd bu, Vaşinqtona, eləcə də Avropaya asan başa gəlmədi. Kremlin “Türk axını” layihəsi enerji tarixinin, bəlkə də, ən qanlı səhifələrindən birinə çevrildi. Balkanlarda iğtişaşlar oldu, stabillik pozuldu, Yunanıstan uçurumun dibinə qədər enib, yenidən sıfırdan başladı. Məqsəd Avropanı Rusiya qazının asılılığından xilas etmək idi və müəyyən mənada buna nail olunur. Belə ki, Qərbin əsas alternativ olaraq gördüyü Azərbaycan qazının Avropa bazarına çıxışı istiqamətində işlər sürətlə davam etdirilir. Gələcəkdə Türkmənistan qazının Xəzərin dibi ilə Bakıya gətirilməsi və Azərbaycan rəhbərliyinin şəxsi iradəsi hesabına reallaşmaqda olan TANAP-TAP marşrutuna qoşulmasına ümidlər çoxalır, xüsusilə Rusiyanın zəifləməsi fonunda.


Digər tərəfdən İranla aradakı buzları əridən Qərb bu ölkənin qazını da idxal etmək niyyətindədir. Tehranın gələcəkdə Azərbaycanın enerji xətlərinə qoşulması ehtimalı yüksəkdir. Eyni zamanda, artıq İran qazının mayeləşdirilmiş formada Avropaya çıxışı planına start verilib.


“The Wall Street Journal” nəşrinin Avropa Komissiyasındakı mənbələrə istinadən yaydığı xəbərə görə, İran 2030-cu ilə qədər Avropa Birliyinə 25-35 milyard kubmetr qaz çatdıracaq. İran qazı mayeləşdirilmiş formada əsasən Fars körfəzindən tankerlərlə İspaniyaya aparılacaq, oradan da birlik ölkələrinin ehtiyacları qarşılanacaq. Qeyd edək ki, İspaniya dünyada qazın mayeləşdirilməsi üzrə ən böyük infrastruktura malikdir.


Bu faktiki olaraq Avropanın Rusiya qazından asılılığını minimuma endirəcək. Lakin ekspertlər Rusiyanın bu tale ilə asanlıqla razılaşacağını düşünmürlər. Xüsusilə Moskvanın oyunu pozmaq üçün açıq şəkildə Qafqaz ölkələrinə təzyiq edə biləcəyini, İranı müəyyən vasitələrlə ələ alacağını, həmçinin regionda qarışıqlıq yaradacağını düşünürlər.

V. Arkov hesab edir ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda enerji xəritəsindən də onu sıxışdırması Moskvanı qıcıqlandırır və bu, regionda stabilliyin pozulmasına gətirib çıxara bilər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm