Nida.az
Ankara terrorunda azərbaycanlı izi, yoxsa pis düşünülmüş təxribat? – TERROR HƏMLƏSİ
Oktyabrın 10-da Ankarada törədilən terror aktının kimlər tərəfindən həyata keçirildiyi araşdırılır. Artıq İŞİD və PKK-nın hadisədə əlinin olduğu haqda informasiyalar var. Bizim üçün ən diqqətçəkən informasiyalar isə terroru törədən şəxslər arasında azərbaycanlının da olması iddiasıdır.
Birinci informasiya: Türkiyə KİV-nin yazdığına
görə, xüsusi xidmət orqanları hücumu həyata keçirə biləcək
21 nəfərlə bağlı məlumatları toplayıb. Onlardan 3-ü xarici
ölkənin vətəndaşı olmaqla 6-sı qadındır. Axtarılan 21 nəfərin
hamısının İŞİD-in daxilindəki “Toxucular Qrupu”nun üzvləri olduğu
bildirilir. Kəşfiyyat qurumları onlardan 19-nun fotoşəkillərini
əldə edib. Xarici ölkənin vətəndaşları olan 2 qadının isə
fotoşəkillərini əldə etmək mümkün olmayıb. Onlardan bəzilərinin
ötən aylarda Türkiyəyə keçdiyi deyilir. Kamikadzelərin İŞİD-dən
gələ biləcək təlimatla terror aktı törədə biləcəyi ehtimalı yüksək
qiymətləndirilir.
Yayılan fotolar arasında azərbaycanlı olduğu deyilən Ülkər
Məmmədova da var. Onun İŞİD üzvü ilə evli olduğu deyilir.
İkinci informasiya: Terrorun şahidi olan 15 yaşlı
qız terror aktının baş verdiyi dəmir yolu stansiyasının
yaxınlığındakı məsciddə kamikadzeləri gördüyünü, bombaları
üstlərinə necə bağladıqlarını deyib. Stansiyanın qarşısına gələn
yeniyetmə qız iddia edib ki, tualetlər dolu olduğundan ayna tapa
bilməyib və məscidə gedib. Bu vaxt iki çarşablı qadının içəridən
çıxdığını deyən qız içəridə daha dörd nəfəri gördüyünü, onların
kürd və Azərbaycan dilində danışdıqlarını söyləyib.
Hər iki informasiyada Azərbaycanın adı keçir və bu, istər-istəməz
məsələni daha dərindən araşdırmağı tələb edir. Birinci
informasiyada Ülkər Məmmədovanın da kamikadzelər arasında olması
təəccüblü deyil. Çünki bəzi azərbaycanlıların İŞİD-ə qoşulduğu
faktdır və onlar Suriyaya keçmək üçün, adətən, Türkiyə ərazisindən
istifadə edirlər. Azərbaycan və Türkiyə hüquq-mühafizə orqanları
Suriyaya keçmək istəyən azərbaycanlılarla bağlı ortaq hərəkət
edirlər.
Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov da
Publika.az-a açıqlamasında bu məsələlərlə bağlı
iki ölkənin ortaq çalışdığını deyib: “Adətən, bu məsələləri
işgüzar səviyyədə əlaqədar qurumlarla həll edirik və bunun
qarşısını almağa çalışırıq. Türkiyə dövləti də bu məsələyə ciddi
yanaşır. Onların əksəriyyətini sərhəddə tutub geri qaytarır. Biz
belə məsələləri diqqətdə saxlayırıq”.
Lakin Ülkər Məmmədova ilə bağlı məsələ dəqiqləşməyib və faktlar
ortaya çıxmadan bu barədə danışmaq tezdir.
İkinci informasiyaya gəlincə, burada suallar yaradan məqamlar
var.
- Yeniyetmə qız hadisəni belə xatırlayır:
“Yanımda M. (onun rəfiqəsi) var idi. Bombanı onun üzərinə
atdılar. Parça-parça oldu. Sadəcə başı qalmışdı. Başı ayağımın
altına düşdü”. Onun dedikləri doğrudursa, yanında partlayan
bombadan rəfiqəsi parça-parça olduğu halda özünün zərər görməməsi
diqqətdən yayınmayan məqamdır.
- Şahid gördüyü kamikadzelərin Azərbaycan və kürd dillərində
danışdığını deyir. Türk dili ilə Azərbaycan dili müəyyən
fərqliliklərin olmasına baxmayaraq, demək olar ki, eynidir. 15
yaşlı yeniyetmənin bunu dəqiqliklə ayırd etməsi şübhəli
görünür.
- Ən diqqətçəkən məqam isə polisə ifadə verən yeniyetmənin öz
ailəsi tərəfindən qəbul edilməməsidir. Ailənin imtina etdiyi qız
dövlət tərəfindən Ailə və Sosial Siyasət Nazirliyinə
verilib. Bir ailənin bu hadisədən sonra öz övladından imtina
etməsinin səbəbi nə ola bilər? Ya onun psixoloji problemləri olub,
ya da hansısa qruplarla əlaqəsi. Hər halda bir ifadəyə görə heç bir
ailə öz övladından imtina etməz.
Hesab etmək olar ki, 15 yaşlı yeniyetmə terror hadisəsinin şokunu
yaşadığı üçün belə danışır və təbii ki, bu ifadənin araşdırılması
Türkiyə polisinin üzərinə düşür.
Sadəcə olaraq, ifadədə azərbaycanlı adının da keçməsi mənfi
nüanslara yol aça biləcək məqamdır. Söhbət 15 yaşlı yeniyetmənin
Azərbaycan adına hansısa məqsədlərə xidmət etməsindən deyil, bu
ifadəni xəbərə çevirərək yayımlanmasından gedir.
Türkiyə KİV-nin yaydığı bu xəbəri milyonlarla türk vətəndaş
da oxuyur və bunların arasında öz yaxınını həmin hadisədə itirmiş
insanlar da var. Emosiyaların yüksək həddə olduğu bir vaxtda
terroru törədənlər arasında azərbaycanlının olması haqda məlumat
həmin insanlar tərəfindən necə qarşılana bilər? Bu, ən azından,
Türkiyədəki azərbaycanlıların imicinə zərər vura
bilər.
Bu informasiyanın hazırlanması və yayılmasının arxasında hansısa
məqsədlərin ola biləcəyinə dair şübhələr yaranır.
Bu, təxribatdırmı?
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq
Natiq Miri Publika.az-a açıqlamasında belə bir
informasiyanın yayılmasında təxribat məqsədlərinin olmasını istisna
etmir: “Azərbaycan və Türkiyə xalqları eyni kökə malik millətdir.
Təbii ki, bunu hansısa hadisəylə, yaxud fikir ayrılığı ilə ayırmaq
mümkün deyil. Lakin hesab etmək olar ki, psixoloji təxribat
yaratmaq, eyni millət arasında fikir ayrılığına və bir-birinə qarşı
mənfi münasibət bəsləməyə səbəb olacaq addımlar atırlar”.
Onun sözlərinə görə, bu tipli informasiyanın arxasında Rusiya,
İran, Əsəd rejimi, hətta Türkiyənin müttəfiqləri də ola bilər:
“Hazırda Türkiyə regionda təklənib və onun yeganə dəstəkçisi
Azərbaycandır. İki ölkənin siyasi rəhbərliyi arasında fikir
ayrılığı yaratmaq mümkün deyil. Belə olanda millətin arasında
təfriqə salmaq istəkləri oyana bilər və bu cür informasiya
təxribatlarını da buna hesablanmış addım kimi dəyərləndirmək
mümkündür”.
N. Miri qeyd edib ki, Azərbaycan və Türkiyənin strateji
müttəfiqliyindən, bölünməz qardaşlığından məmnun olmayan qüvvələr
var: “Türkiyə Baş qərargah rəisinin son Azərbaycan səfəri də dünya
güclərini qıcıqlandırmamış deyil. Çünki ortada türk birliyi, türk
ordusu kimi məsələlər var və bunun reallaşması istiqamətində proses
davam edir. Bu amil həm regional, həm də qlobal gücləri ciddi
mənada narahat etməyə başlayıb. Lakin hesab edirəm ki, nə bir güc,
nə də hansısa təxribat bu birliyi poza bilməz”.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR