• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Səssiz diplomatiya, qorxu və... Sarkisyan İlham Əliyevlə görüşdən niyə qaçır?

  • Nida.az
  • 22 Oktyabr 2015 18:00
  • 1 096 Baxış
Səssiz diplomatiya, qorxu və... Sarkisyan İlham Əliyevlə görüşdən niyə qaçır?

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili istiqamətində iş aparır. Rəsmi məlumatlara görə, həmsədrlər gələn həftə regiona səfər edəcək, Bakıda Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla birgə bu məsələni müzakirə edəcək, daha sonra İrəvana gedəcəklər.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik erməni mediasında açıqlamasında ilin sonuna kimi prezidentlərin görüşünü təşkil etmək istədiklərini bildirib. Son dövrlər prezidentlərin görüşünün keçirilməsinin ən aktiv tərəfdarı kimi amerikalı həmsədr Ceyms Uorlik çıxış edir. O, məsələni bir neçə dəfə gündəmə gətirsə də, nəticə əldə edə bilməyib.


Sonuncu dəfə görüşün Nyu-Yokrda keçirilən BMT Baş Assambleyasının sessiyasında olacağı gözlənilirdi. Lakin həmin ərəfədə təmas xəttində vəziyyət gərginləşdi. Ermənistan tərəfinin təxribatlarından sonra artilleriya atəşləri eşidildi və konstruktiv mövqe alt-üst oldu. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa irəliləyişə, yaxud prezidentlərin görüşməsi üçün yeni imkan yarananda Ermənistan tərəfinin cəbhə xəttində təxribatları intensivləşir. Təbii ki, bu münaqişənin həll olunmamasına hesablanmış addımlardır. Rəsmi İrəvanın prezidentlərin görüşünün baş tutmaması üçün bütün vasitələrə əl atması xüsusilə diqqət çəkir. Halbuki, bu ölkə onsuz da qeyri-konstruktiv mövqe nümayiş etdirir və Serj Sarkisyanın hansısa görüşdə iştirak etməsi, yaxud etməməsi bu mövqeni dəyişdirmir. Normal düşüncəyə görə, Sarkisyan görüşdən qaçmamalı, bu cür təmaslarda öz mövqeyini müdafiə etməlidir.


Biz bunun əksini müşahidə edirik və bu, ortaya sual çıxarır: Serj Sarkisyan Prezident İlham Əliyevlə görüşdən niyə qaçır?


Ermənistanın müxalif “1.in” saytının yazdıqları bu suala qismən cavab tapmaqda kömək edir. “Rusiya artıq öz seçimini edib və münaqişə ilə bağlı Azərbaycanın mövqeyini müdafiə edir. Moskva ABŞ və Fransaya da münaqişənin həllində əsas oyunçu olduğunu sübut etməkdə israrlıdır. Ermənistanın dövlət siyasəti isə olduqca dişsizdir. Bunun şəxslərlə əlaqəsi olduğu kimi, İrəvanın üzərində Rusiya kölgəsinin ağır olması səbəblər sırasındadır. Belə görünür ki, görüşə getmək Sarkisyan üçün əlverişli deyil. Çünki həmişə arxasını dayadığı Moskva da artıq onu sıxışdırır. Sarkisyan hazırda ABŞ və Fransaya bel bağlasa da, dünyanın ümumi siyasi mənzərəsi digər iki həmsədr ölkənin bu məsələdə Rusiya ilə qarşıdurmaya getmək niyyətində olmadığını göstərir. Yəni onlar da dolayısı ilə Ermənistana qarşıdır”, - deyə sayt yazır.


Burada rəsmi Bakının uğurlu strategiyası ön plana çıxır. Adətən, Rusiyanın öz quberniyası olaraq Ermənistanı müdafiə etməsi, digər iki həmsədr ölkənin isə erməni lobbisi və xristianlıq amilinə görə tərəzinin gözünü İrəvana doğru əyməsi müşahidə olunurdu. Son dövrlər isə vəziyyət dəyişib və həmsədr ölkələri Azərbaycanın rəhbərliyinin qəti mövqeyi qarşısında bir qədər geri çəkiliblər. Bu, ümumi siyasi prosesin bir parçasıdır. Bir də şəxslərin, yəni liderlərin prosesdə oynadıqları rol var. Siyasətdə liderlərin çəkisi bir çox prosesin gedişatını dəyişdirə bilən faktordur. Azərbaycan Prezidenti İlham Əliyevin regional və beynəlxalq aləmdə çəkisi erməni həmkarını xeyli qabaqlayır.


Mühüm detal: Bu ilin sentyabr ayının ilk günündə Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfərə gəldi. Rusiyanın baş diplomatının özü ilə Kremlin yeni Qarabağ planını gətirdiyi haqda informasiyalar var idi. Lavrovun gedişindən bir neçə gün sonra Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya çağırıldı və Rusiya dövlət başçısı Vladimir Putinin onu Kreml sarayında deyil, “Novo-Oqarevo” iqamətgahında qəbul etdi. Göründüyü kimi, Moskva baş diplomatını Prezident İlham Əliyevin yanına göndərdiyi halda, Sarkisyanı öz ayağına çağırmışdı. Bu amil regionun əsas dövləti olan Rusiyanın iki ölkə prezidentinə münasibətini açıq şəkildə ifadə edir.

Liderin nüfuzu onun tərəfdaşlarının dəstəyindən kök alır” - Makiavellinin bu sözlərindən çıxış etsək, Prezident İlham Əliyev bu gün həm Şərq, həm də Qərb yarımkürəsində tərəfdaşlarının dəstəyini qazanan, qəbul edilən, hesablaşılan liderdir. Bu faktor istər-istəməz düşmən ölkə prezidentinin onun nüfuzu altında əzilməsinə səbəb olur və Sarkisyan görüşdən qaçmaqdan başqa yol tapa bilmir.


2013-cü il: Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı sammitində videokameralara tuş gələn kadrlar olduqca maraqlıdır. Sammitə gecikən Serj Sarkisyanın gələrkən ilk işi Prezident İlham Əliyevə yaxınlaşaraq onunla görüşməsi olur. Azərbaycan liderinin torpaqlarını işğal edən bir dövlətin rəhbəri ilə şəxsi münasibətlərə malik olmasından söhbət gedə bilmədiyi üçün, ortaya iki versiya çıxır: Birincisi, Sarkisyan özünü yaxşı tərəfdən göstərmək istəyi, ikincisi, onun İlham Əliyevin nüfuzu qarşısında tab gətirə bilməməsi. Hər iki versiya eyni mənanı ifadə edir.


2014-cü il, Soçi görüşü: Ötən ilin yayında Qarabağda başlayan gərginliyin ardından prezidentlər Vladimir Putinin dəvəti ilə Soçidə görüşdü. Həmin görüşün mətbuat üçün açıq olan kiçik hissəsində Serj Sarkisyanın İlham Əliyevin baxışları altında çətin anlar yaşadığı aydın seçilirdi. Daha sonra yayılan görüşün təfərrüatları da diqqət çəkən idi. Prezident İlham Əliyevin Sarkisyanı arqumentlərlə susdurmasından sonra erməni prezident təkcə “Mən Ermənistan prezidenti olaraq xalqımızın adından İlham Əliyevə təşəkkür etmək istəyirəm. Münaqişənin həlli üçün güc tətbiqini istəmədiklərini söyləməsi hamımız üçün ümidvericidir” sözlərini deyə bildi. Bu, Sarkisyanın arqumentsizliyinin və qorxularının etirafı idi. Çünki o və xalqı yaxşı anlayır ki, Azərbaycan rəhbərliyi haqlı olduğu mübarizədə ərazi bütövlüyünü bərpa etmək üçün istənilən vasitədən istifadə edəcək. Sarkisyan onu da yaxşı bilir ki, İlham Əliyevdə bir siyasətçi üçün ən üstün cəhətlərdən hesab olunan inadkarlıq var. O, hədəfinə çatacaq.


Sarkisyana səssiz diplomatiya dərsi


Macarıstanda Azərbaycan bayrağını təhqir edən erməni zabitinə layiq olduğu cəzanı verdiyi üçün 30 illik həbsə məhkum edilmiş Azərbaycan zabiti Ramil Səfərov 8 il sonra, 2012-ci ildə vətəninə gətirilərək dövlət başçısı tərəfindən azad edildi. 2012-ci ildən 8 il öncə Ermənistan özünü qalib kimi təqdim edirdi və həqiqətən də Azərbaycan məğlub kimi görünürdü. Lakin Prezident İlham Əliyevin 8 il ərzində uğurla apardığı səssiz diplomatiya nəticəsində Azərbaycan zabiti ölkəsinə gətirildi və azad olundu. Bu Ermənistana və onun rəhbərliyinə ən böyük dərs idi. Məhz həmin tarixdən sonra Sarkisyan qarşısındakı liderin hansı gücə və strategiyaya sahib olduğunu dərk etdi.


Bu və digər təmasları, görüşləri və prosesləri analiz etdikdə Sarkisyanın Azərbaycan Prezidenti ilə görüşdən qaçmasının təkcə ölkəsinin işğalçı olmasından irəli gəlmədiyini, eyni zamanda, sözün birbaşa mənasında onun İlham Əliyevdən çəkindiyini hesab etmək olar. Güman ki, həmsədrlərin ilin sonu üçün planlaşdırdıqları görüş Sarkisyan tərəfindən rədd ediləcək və erməni prezident mütləq bir bəhanə tapacaq.


Asif Nərimanlı




Xəbər lenti

DAHA ÇOX XƏBƏR