Uğurlu gənclər siyasəti seçki prosesində də özünü göstərir
Bizi izləyin

Nida.az

Uğurlu gənclər siyasəti seçki prosesində də özünü göstərir

"Seçkilər" Media Mərkəzi - “On milyona yaxın əhalisi olan Azərbaycanda parlament seçkilərinə yüksək maraq var. Bu həm də müxtəlifliyin və azad ab-havanın göstəricisidir.

Deputatlığa namizədlər onlar üçün ayrılmış yerlərdə azad şəkildə öz seçiciləri ilə görüşür, platformalarını onlara çatdırır, təbliğat-təşviqatlarını qururlar. Namizədlərin hər birinə öz fikirlərini ifadə edə bilmələri üçün kifayət qədər şərait yaradılıb. Bütün bunlar seçkiöncəsi təbliğat- təşviqat kampaniyasının şəffaf, bərabərhüquqlu səviyyədə aparılmasının göstəricisidir”. Bu barədə Seçki-2015.az saytına açıqlamasında Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Nərgiz Xələf bildirib.

O, Azərbaycanda sosial şəbəkələr üzərindən də seçki kampaniyasının yüksək səviyyədə aparıldığını söyləyib. Onun sözlərinə görə, namizədlər arasında gənclərin demək olar ki, hamısı sosial şəbəkələrdə aktivlik nümayiş etdirirlər: “Onlar öz platformalarını aydın şəkildə bölüşərək, seçicilərinə verdikləri dəyəri nümayiş etdirirlər. Azərbaycanda azad internetin 2015-ci il parlament seçkiləri prosesinə verdiyi töhfə əyani olaraq göz qarşısındadır”.

AGAT sədri V çağırış Milli Məclisə seçkilərdə həm hakim Yeni Azərbaycan Partiyası və digər siyasi təşkilatlar tərəfindən, həm də özləri tərəfindən müstəqil şəkildə namizədliyi irəli sürülən çoxsaylı gənclərin olmasına da diqqət çəkib.

N. Xələf deyib ki, budəfəki parlament seçkilərində namizədliyi irəli sürülən gənclərin sayı daha çoxdur: “Azərbaycanda aparılan uğurlu gənclər siyasəti parlament seçkiləri prosesində də özünü göstərir. Gənclərin öz namizədliklərini irəli sürməsi, bu əzimi özündə tapması müsbət göstəricidir. Demək ki, Azərbaycanda gənclərə açıq meydan verilib və onların bu meydanda özlərini yoxlamaları isə yaradılan şəraitdir. Bu çox təqdirəlayiq haldır ki, gənclər özlərinə inanır, yaradılan şəraitdən müsbət mənada istifadə edirlər. Digər müsbət hal ondan ibarətdir ki, Milli Məclisə namizədliyini irəli sürən kəslərin sırasında xanımlar da az yer almır. 2010-cu ilin parlament seçkiləri kapmaniyasında bu göstərici digər çağırışlardan yüksək idi. Ancaq bu il fərq müsbətə doğru daha da hiss olunur. Məncə, bu xanımların əksəriyyəti Azərbaycanda elmin, səhiyyənin, təhsilin, həyatımızın digər sferalarının inkişafına böyük töhfələr vermiş, həm də dövlətimiz qarşısında yüksək xidmətləri olan, ən başlıcası isə müvafiq dairələrdə seçicilərin etimadını qazana biləcək insanlardır. Güman edirəm ki, Azərbaycan İslam dünyasında ilk demokratik respublika olduğu kimi bu istiqamətdə də adını tarixə yazan məmləkət olacaq”.

Bəzi hallarda xarici qüvvələrin Azərbaycandakı seçki prosesinə qarayaxma cəhdinə, proses başa çatmamış onun legetimliyini şübhə altına salmaq istiqamətində bəyanatlar verməsinə münasibət bildirən N.Xələf deyib ki, onların bu davranışları heç bir halda seçki prosesinin ahənginə, Azərbaycan seçicisinin iradəsinə hər hansı formada təsir edə bilməyəcək: “Azərbaycanda baş verən proseslərə ən yaxın, elə Azərbaycan vətəndaşının özüdür. Onun acısını da, şirinini də yaşayan bu xalqdır. Biz hər bir hadisəni, hansısa problemi, yaxud xırda qanun pozuntusunu o qüvvələrin özündən yaxşı görür və anlayır, qanun çərçivəsində həllinə çalışırıq. Azərbaycanın bu qədər “qeydinə qalan” həmin qüvvələr həqiqətən bu ölkəni, bu xalqı düşünürlərsə, Qarabağ məsələsinə güclü nəzər yetirsinlər. Qarabağ müharibəsində 1 milyondan artıq insan yurd-yuvasından didərgin düşüb. Heç onların durumu ilə maraqlandıqlarını biz görmürük. Belə olan halda həmin xarici dairələrin qərəzli bəyanatları nə dərəcədə ciddiyə alina bilər?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm